Ölkə 12:02 26.11.2020

Xocalı aeroportuna nəzarət: Azərbaycan hansı addımı atacaq? (ŞƏRH)

"Xocalı aeroportunun beynəlxalq reystrə salınması və burada uçuşların təşkil edilməsi yalnız Azərbaycanın nəzarətində olmalıdır”. 

Qaynarinfo xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xocalı aeroportuna bu müddət ərzində Azərbaycanın razılığı olmadan hər hansı bir beynəlxalq uçuş həyata keçirilməyib:

"Hətta Ermənistan bəzi istisnalar olmasına baxmayaraq, bu uçuşlara risk etməyib. Hazırda Xocalı aeroportu Azərbaycan hərbiçilərinin nəzarətində deyil. Rusiya köhnə "DQMV sərhədləri" çərçivəsində status-kvonun davam etdirilməsində maraqlıdır. Məhz Xocalı da ermənilərin nəzarətində olacaq. Təbii ki, bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Və burada suverenliyimiz bərpa olunacaq. Bu, danışıqlar mərhələsində həll ediləcək. Hazırkı situasiyada Xocalı aeroportuna uçuşların icazə verilməsi yolverilməzdir. Bu, yalnız Xocalı aeroportuna Azərbaycanın tam nəzarətini təmin etdikdən sonra reallaşa bilər”. 
 
 

Məhəmməd Əsədullayev qeyd edib ki, Ermənistanın Xocalı aeroportuna uçuşlarına icazə verməmək, ermənilərin nəzarətində olan bu aeroporta beynəlxalq uçuşları qadağanı qüvvədə saxlamaq lazımdır:

"Əgər nəzarətimizdə olmayan Xocalı aeroportunda uçuşlar olacaqsa, "Arstaxın tanınması" istiqamətində ermənilər fəaliyyətlərini genişləndirəcək, buradan Qərb ölkələrinə aviareyslər təşkil ediləcək. Bu, birbaşa Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə zərbə ola bilər. Əgər uçuşa icazə verilsə, Ermənistan baş naziri Nikol Paşinyanın təyyarə ilə nümayişkəranə şəkildə buraya səfər etməsinə heç kim zəmanət verməz. Moskva da Xocalı aeroportunun fəaliyyətində maraqlıdır. Aeroportun işə düşməsini Kreml israr edir. Guya buradakı "sülhməramlı qüvvələrini" təchizatla təmin etsin”.

Sədr hesab edir ki, bunun arxasında əsas məqsəd Qarabağa uçuşları bərpa etməkdir:

"Məqsəd Xankəndi-Moskva reysi açılaraq bundan hərbi məqsədləri üçün istifadə etmək, həmçinin Qarabağda ermənilərin Rusiya ilə əlaqələrini birbaşa qurmaqdır. Ona görə də belə bir uçuşlara icazə vermək olmaz. Yalnız aeroport Azərbaycanın nəzarətində olacaqsa, burada uçuşlara icazə və təhlükəsizliyinə zəmanət vermək olar”.

Bahar Rüstəmli