Zakir Hüseynov
Əsl vətənpərvər, Qarabağ fədaisi İlham İsmayıl yazır ki, Rusiya belə düşünür: "Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağa hücum qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bunun üçün bu yazdan gələn ilin yayına qədər olan dövr uyğun gəlir. Bundan əlavə, Bakıda planlaşdırılan "hakimiyyət tranziti” nəzərə alınmaqla, Azərbaycan siyasi elitasının gələcək quruculuğuna daha çox müəyyənlik gətirmək tələb olunacaq".
1991-ci ilin yazı. Mart ayı. Xanlar rayonu (hazırkı Göygöl). Saat 4-ü kecib. Kamo kəndinin (indiki Yeni Zod) həm mərkəzi küçəsi, həm də əsas yolu hesab edilən yeganə xəttdən Çaykəndə doğru sürətlə şütüyən Sovet zirehli döyüş maşınlarının guruldadığı, tırtılının qəmbərlərə toxunuşundan çıxan çınqı, alovun ətrafa vahimə saçdığı gün. Kolxoz idarəsinin tuşunda, həmin yolun kənarında qəmli və məyus görkəmdə, donmuş şəkildə dayanan qara paltarlı, rəssamların şəkillərindəki kədər mücəssiməsini andıran erməni harseniki əlindən tutduğu uşaqla birgə şər qovuşana qədər gözünü məchul bir nöqtəyə dikib dayanmışdı. Bu vaxt Caykəndin yuxarısındakı yalda düzəldilmiş vertolyot meydançasına PDM-dən atılan mərmi qayaya carpılıb sapıtma, yəni "rekoşet” verdi, lakin həmən də odlu kürə kimi göyə qalxıb dəydiyi yerdən bir az da uzaqlara düşdü və bunun əks-sədası bütün kəndin üzərində dalğalandı. Bununla da bəri tərəfdə xəbər yayıldı ki, daşnaq yığnağı, saqqallıların məskəni kimi azərbaycanlılara qada-qorxu yaradan kənd çıxmağa, köçüb getməyə razılıq verib. Amma bir bəd xəbər də vardı, rus desantlarına bələdçilik edən azərbaycanlı taksi sürücüsünü döyüş maşının içərisindəcə doğramışdılar və texnikanın üzərində meyiti qayıtdı.
Kənddən kimi vertolyotla, kimi iri yük maşınları ilə köç-külfətini daşımağa başladı. Bir hissəsi Ermənistana, cox hissəsi Rusiyaya, əsasən də Krasnodara köc yolunu tutan ermənilər dar ayaqda həmişə vəziyyətdən ermənicəsinə çıxmaq bacarığından yararlanaraq fürsət tapıb bizim kimi vətən üçün ön sırada olmağa çalışan, bəlkə də qəhrəmanlıq axtararaq ora gedənlərə dedilər ki, günah saqqallılarda və ruslardadır. Ancaq axşam "Vremya” xəbərlərində guya azərbaycanlılar tərəfindən güllələnmiş, döyülüb şil-küt edilmiş Çaykənd ermənilərinin təyyarə ilə Moskvaya gətirilməsi nümayiş etdirildi. Həmin vaxtlar Hadrut rayonun 11 kəndinin də ermənilərdən təmizlənməsi xəbərini SİTA və Azərbaycan mətbuatı övünclə yaydı.
Bu o zamanlar idi ki artıq milli nəfəsliyimizi yenə bağlayırdılar və nəfəsimiz kəsilirdi, artıq boğulmağa başlamışdıq. Hətta boğulmaqdan sifəti qaralanlar, rəngi göyərənlər də vardı. Amma başlanan oyun bitdi. 17 martda referendum keçirildi, Azərbaycan Sovetlərin tərkibində qalmağa səs verdi. Buna qədər bir böyük hadisə olmuşdu- 20 Yanvar, ondan sonra da daha böyük olaylar baş verdi. Yenə Bakı, yəni mərkəz, dilimizi qoparmaq, ciyərimizi sökmək yolunu tutaraq bizi dəhşətli bir məyusluq girdabına itdi. 20 Yanvardan üzübəri baş verənlərdən sonra 17 mart referendumu keçirib SSRİ-nin tərkibində qalmaq- düşünən bütün əxlaqlı vətəndaşlar üçün böyük bədbəxtlik təki görsənirdi, ey vah, müstəqilliyə gedən yol bağlanırdımı?
Hadrutu deyə bilmərəm, ancaq buna qədər Caykənd ətrafında cox olaylar baş vermişdi. Birində də, elə yanvar ayında xalq hərəkatının yüyənsiz atı xatırladan oğulları topu və pulemyotu cıxarılmış, təmir adı ilə harasa göndərilən tankları Gəncə hərbi daşınma perronundan aradan çıxarıb bu üç kəndin üzərinə gecənin birində sürmüşdülər. Qarşılarına yenə də ruslar çıxmışdı, kəndi qoruyan rus zabitləri, lakin nə olmuşdusa, onların 3-nün də meyiti tankların üstündə geri qayıtmışdı. Bu qəribə teatrda göydə də rol alanlar vardı, "dəmir quşdan”, yəni vertolyotdan güllə səpənlər. Adlarına yaraşar şəkildə iri-iri güllələr. Qaçışanların düz ayaq barmağının ucunda, böyründə, başının üstündən yan keçərək yerə saplanan güllələr, onlardan biri hazırda Göygöl rayonunda adına küçə olan Səbuhi Hacıyevin yuxarı ətrafından içəri siyarət edərək onu yerindəcə keçindirmişdi. Ondan sonra da bu inadkar rus vertolyotu əl çəkmirdi. Dövrə vuraraq binalarda gizlənən, meşəyə sığınan insanların üzərinə güllə səpələyirdi. Bunu isə nə "Vremya”, nə də "Xəbərlər” göstərmədi, birbaşa CNN kanalı nümayiş etdirdi və orada bizim xeyrimizə yenə də bir sey deyilmədi. Moskva jurnalistləri CNN- dən sonra bunu götürüb öz kanallarında göstərəndə həm də guya acıqlı idilər ki, necə olur, belə bir məlumatı xarici kanaldan alırlar. Görünür bundan nəticə çıxaran Moskvadan Bakıya ezam olunan bir məşhur jurnalist 20 Yanvar gecəsi Ümumittifaq qəzetlərinin birində Azərbaycanda baş verən hadisələrdən yaxşı üslubda, publisist qələmi ilə bir məqalə yazmışdı. Bakıdakı xaosdan, ermənilərin ölümlə üzləşməsindən, Azərbaycana deportasiya olunmuş ermənistanlı qaçqınların "yeraz” adlandırlmasından, carəsizlikdən və ümidsizlikdən bəhs etmişdi. Məqalənin sonu "təsirliydi”- onun geri mərkəzə qayıtdığı təyyarə göyə qalxarkən yağmağa başlayan yağışı qana, ölümə, bəlirsizliyə, acıya bədəl olan göz yaşlarına bənzətmişdi.
Amma nədənsə Moskva göz yaşlarına inanmadı və qanlı Yanvarı törətdi.
Ümidsizliyi bu cür ümidlə, iztirabları belə xoşbəxtliklə əvəz elədi. Amma bu qanlı şənbə ümidin özümüz olduğunu, özümüzün özümüzdən başqa dostu olmadığını təsbitləsə də, ümidi verənlərə, umud olanlara ehtiyacı artıq bir dəhşətli istəyə vardırdı. Sovet dövrünün o məşhur hekayətlərində deyildiyi kimi yolumuza işıq saçan "Dankonun ürəyi” və ya "Daniyarın gözləri” başını itirmiş, büsbütün kədərə batmış insanlarımız üçün hava-su kimi vacib oldu. Bütün sağduyulu Vətən övladları çırpıntı içində, həm də içinə ağlayaraq çarəsizliklə yapışacaq bir ətək axtarırdılar. Ətəklər vardı, ya yoxdu, coxdu, ya azdı bilinmirdi, ancaq 20 Yanvarın səhəri, o biri günü, daha o biri günü yapışacağımız ətək Hacı Allahşükür Paşazadənın əbası oldu.
Yazıqlaşmış, sönmüş, carəsizləşmiş xalqın kədərini idarə etməyə, göz yaşlarını və qəhərini azaltmağa, ağısını deməyə, yasdan çıxarmağa onun gücü çatdı. Əziz dostlar, bəzən situasiyalar diqtə edir. Onun içində olmadan və görmədən qərar vermək caiz deyil. Həmin anlara görə indi də Allahşükür Paşazadəyə minnətdarlıq hissi içimdə yaşayır və təbiətdə bütün canlılar mutasiyaya uğradığı kimi, Hacının həmin günlərdə geydiyi əbası da köhnələ bilər, ancaq o yəqin ki müşkünab ətirlidir və gülab iyi verir. Şəhidlərimizə xatir. Gülab iyi gözəldir, yaxşı işdən gülab iyi gələr elə-belə demirlər.
Xalqda olan üzüntü, süstlük, tətil davam etsə də, öz xilaskarını axtarırdı, özünün adamını tapmağa çalışırdı. O dövrü xatırlayanlar yaxşı bilir xalq kimi istəyirdi, ancaq az qala tərkidünya olmuş cəmiyyətə "Həyat davam edir” sözlərini Ayaz Mütəllibov söylədi. Bu mövzunu bağlamamış onu deyim ki, məhz 20 Yanvardan sonra Sovet qosunlarının bir vəzifəsi də ermənilər yaşayan əraziləri mühafizə etmək oldu, o cümlədən Caykənd və yanındakı kəndlər də daxil olmaqla. Qaldı Hadrut məsələsi, ora köçürülmüş ailələr onlara verilmiş iki inəyin və beş qoyunun qalanını da, ev-eşiyini də qoyub, o kəndləri alıb verənlərin indi də geri almaq sevdasına qurban gedərək canlarını zorla qaçırıb qurtardılar. Məhz buna görə də Ayaz Mütəllibov ikinci dəfə hakimiyyətə gəlib, istefa vermək istəməyəndə Ali Sovetin binasının qarşısını kəsdirənlərdən biri də mən idim, özü də düz qapılarına əlimi toxundura bilirdim. Qəribə gəlmişdi mənə. Lap azadlıq idi ki. Axşama tərəf AXC fəallarından biri həmin qapıdan çıxıb A.Mütəllibovun istefa verdiyini sakitcə bildirmişdi. Millət yenə də lider, xilaskar axtarırdı, tankları idarə edənlər də, içindəkilər də özünün olmasını istəyirdi. Amma göründüyü kimi "şimal küləyi” üstümüzdən belədən-belə, elədən-elə əsir, istəyəndə şaxtalı, boranlı qara qışı da gətirirdi. 20 Yanvardakı, 26 fevraldakı kimi. 366-cı alaylar indi də ermənilər tərəfdə Xocalının qanını tökürdü.
Xocalı bir az da məsumiyyətimizin zorlanması oldu.
Rusların əli ilə törədilmiş Oş faciəsinin qurbanları Xocalıya köçürülmüş Mesxeti türkləri rusların əli yetdiyi yerdə ikinci, bəlkə də üçüncü, dördüncü dəfə qovulur, öldürülür, soyqırım qurbanına çevrilirdi. Bu yerdə o vaxtlar Xocalını böyük bir tikinti meydançasına bənzədənlər, məskunlaşmanın necə sürətlə getdiyini hakimiyyətin bacarığı kimi xarakterizə edənlərə "ordun varsa, yurdun var” deyənlər ekstremist kimi görünürdülər. Bunun nəticəsində "əminin batalyonu”, "dayının dəstəsi” və s.kimi müdafiə özfəaliyyəti vüsət almışdı. Lakin nə qınayasan, günahkar stiuasiya idi. Onu necə ittiham edəsən, olacaq, qəzavü-qədər kimi bir şey idi.
Sonra müqəddaratımızı daha böyük "lələlərə” tapşırdıq. On minlik qruplaşmaya başçılıq edən Surət Hüseynov da belə qəbildən oldu. Polkovnik rütbəsi vardımı onun, dəqiq məlumatım yoxdu. Ancaq Milli Qəhrəman adına layiq görülmüşdü. Amma onu da tək buraxmaq olmazdı. Onun da general Şerbak (Gəncədəki desant diviziyasının komandir) kimi qoşması arada canlanırdı. Bu Şerbakın Şaumyan-kənddə hərbə-zorbasını dadan ermənilər, kartofun boğazını doldurduqları yerdə toxanı atıb əkilmişdilər, yeməkləri də elə qazandaca tarlada qalmışdı. Görünür hələ ki onlar hansısa rus generalı ilə razılaşa bilməmişdilər, yol qırağına tir-tap uzanmış zənci "nayomniklərə” bel bağlamışdılar. Azərbaycan xalqı bundan sonra bir az sentimentallıqla cövlan edib qəribsəmişliyini biruzə verməyə maraq göstərdi. Azadlığı, demokratiyanı sipər edib ayı pəncəsindən xilas olmağa çalışdı. Bunun üçün Əbülfəz Elçibəy seçilmişdi. Ancaq bunu edib onu taleyin ümidinə qoymaq hamıya baha başa gəldi.
Kəlbəcərin alınmasında isə ermənilər yenə ruslara pənah gətirmişdilər. O dövrlərin – Qarabağ məsələsini kim həll edəcəksə, hakimiyyətdə də o qalacaq –basabası, qabağa düşməkliyində indi də meydan Ağdama keçirildi. "Qarabağın taleyi Qarabağda deyil, Bakıda həll olunur” stiuasiyasında "Bütün Azərbaycan kimi Ağdam da artıq özünün ən böyük həqiqəti ilə nəfəs almağa başlamışd. Elə bil yeraltı təkanlar baş vermişdi və bu müharibə məngənəsində çabalayanlar sövqtəbii, başa gələcəkləri havadan duyaraq ümid, dua, israrla- "gəlsin”, "gəlsin” söyləmişdilər.
Əlbəttə, bunları anlamaq üçün Ağdamdakıların yerində olmaq, o məkan, zaman və sonu görünməyən, bilinməyən çətinliklər, xaos içərisində yaşamaq lazımdı. Ağdamlıların timsalında biz yenə də xalqın öz içərisindən xilaskar axtarışına necə baş vurduğunu göstərmək istədik. Bu qeyri-adi qüvvənin ortaya çıxması ilə nə baş verir versin, axırın, sonun bizim olacağına əmin idilər. Heydər Əliyevi ilahi qüvvə kimi görüb onun qüdrətinə inandılar.
Siz əgər fikir verdinizsə, bu yazıda bizim qayəmiz ondan ibarət oldu ki, özümüzün şamına ümid olmalıyıq.
Bəs onda ölümün dondurduğu Xocalıya yazı kim gətirəcək? Bütün məsələ bunun üzərindədir. Nədənsə yuxarıda deyilənlərdən bizim faciələrimizin qaçılmaz olduğu reallıq kimi görsəndi. Riyazi dillə desək, verilənlər nədir, necədir və məsələnin həlli varmı?
Bu məqalədə bir neçə xətdən biri də informasiya mübarizəsi və müharibəsi olduğunu yəqinləşdirmək elə də çətin deyil. Öz mühazirəsində Şirməmməd müəllim informasiyanın effektivliyi ilə bağlı deyirdi ki, bunu xüsusiləşdirmək vacibdi. Demək lazım deyil ermənilər, demək lazımdı Qarabağ ermənisi, bunu bil ha, cavab verəcəksən, bizə qarşı etdiyin asiliyə görə. "Bildin nə dedim”. Vaxt gələcək "saqqallı, ruslar, daşnaklar, Yerevan erməniləri etdi" bəhanəsi keçməyəcək.
Digəri isə, ey ürəyi Qarabağ dərdi ilə parçalanan ləyaqətli oğullar. Təsəlli tapın. 2016-cı ilin aprelində öz generalımız, general-mayor Mais Bərxudarov tankın üzərində idi. Öz tabeliyində olanlara "Sizi sevməkdən əl çəkən deyiləm, sizə Vətənə xidməti belə- sevərək öyrədəcəm” deyən Mais Bərxudarovlar, Hikmət Mirzəyevlər var. İndi Azərbaycan xalqının arzularının inikası onların simasında təcəssüm edir. Biz də Şirməmməd müəllimin taktikasından istifadə edərək ünvanı konkretləşdirib deyirik: Xocalıya yazı siz gətirəcəksiniz, general Mais Bərxudarov, general Hikmət Mirzəyev.
P.S. "... Mən əlvan çiçəklərdən böyük bir dəstə düzəltdikdən sonra evə tərəf üz qoymuşdum ki, birdən yolun qırağındakı çökəkdə gözəl, moruğu çiçəyi olan bir ayıpəncəsi kolpanı gördüm. Bizdə qanqalın bu növünə "tatar” deyirlər. Ot çalını zamanı kəndlilər ona toxunmamağa çalışaraq yalnız ətrafını biçirlər. ...Çökəyə endim ...ayıpəncəsini üzməyə başladım. Lakin bu o qədər də asan iş deyildi, ... saplağın özü ağlasığmaz dərəcədə möhkəm idi. Mən yalnız öz kökü üstündə qəşəng olan bu çicəyi əbəs yerə məhv etdiyimə təəssüflənərək onu yerə atdım. Digər bir ayıpəncəsi isə qara torpağa batıb bulaşmasına baxmayaraq, hələ də öz qamətini şax saxlaya bilmişdi. Görünür, kolun üstündən araba təkəri keçmişdi. Təkər keçəndən sonra yenidən qalxıb dirçəldiyindən indi bir qədər yana əyilmişdi. Lakin yerə sərili deyildi...” Yuxarıda peyzajdan istifadə edən bədii üslub və qarşılaşdırma hələ yüz əlli il bundan əvvəl Rusiyanın Qafqazda etdiyi haqsız davranışdan rus vətənpərvərliyinin əvəzinə utanan Tolstoyun fəxarət və kədərlə qəhrəman dağlılar haqqında danışması üçün bir vasitə idi.
Şərhlər