Zakir Hüseynov
Qarabağ müharibəsində müharibə allahının taxtında kütlə oturmuşdu. Necə ki, müharibə allahının taxtında oturan qüvvə öz ildırım saçan əsasının odu-alovu və od püskürən hayqırtıları ilə kütləni yaxşıca doyuzdura bilməyib, müharibəyə gedən yolda artıq olan hər şeyi püskürən nəfəsi ilə üfürüb yox etməyib illuziya başlayacaq və biz məğlub olacağıq. Kütlə- biz bir sürü VİCDANSIZ sizin əziz şikəst balanızı da döyürük, əlil arabalarını da başımızın üstünə qaldırıb yerə çırpırıq, qoltuq ağaclarını da təpiklə vururuq. Müharibə nevrozlarının yaratdığı psixoz kimi böyük bir xəstəliyin küməsində çabaladığımız bir vaxtda "necə də bilməyibsiziniz, insanın yaşamını ölümlə mübarizə instinktləri təmin edir”-deyə yazıb gözümüzə tutan, məharətindən və yaşamasından həzz alanları görəndə Mən nə üçün ağlaya bilmərəm.
Sanki fəlsəfədən danışdıq. Filosofların yaratmaq istədiyi fəlsəfəsiz fəlsəfə haqqında bilirsinizmi? İndi deyəcəyim fəlsəfəsiz fəlsəfə isə bunlardan başlayır.
Birinci, Qarabağın meşəli dağlarının ən hündür yerindən qoyulmuş, qollarını Azərbaycanın digər torpaqlarına uzatmış "hayi mayriki” (erməni anası) adlandırılan süd rəngli heykəl bütə oxşayırdı.
İkinci yerdə, Ağdamın təpəsi üstündə, ancaq "erməni anası” heykəlinin düz tuşunda dayanmış erməni saqqallısının xoruz banında səsi gəlir.
-Ara...a, molla...a, bura...a gə..əl, bura...a gəəl.
Üçüncü, "Xəlifə maşın”, "Xəlifə maşın” cavab ver, "Xəlifə maşın”kömək çağrışları ifadə olunması çətin bir sükutun içində yox olur və məğlubiyyətlər davam edir.
Bundan sonra, sərnişinlərinin "Gəncədən qoşun gəlir”-deyərək yuxarı aşağı şütüyən xarici maşının süşəsinin yarısını tutan o günlərin məşhur qəhrəmanının şəkli illuziya boyaları içərisində itib batır. Daha sonra, əziz ana, gözəl Xıdırlı kəndi od –alov içərisində itib batır.
Bir az sonra komandir kimisə cərgənin önünə çıxarıb başına bir güllə çaxır.
Axırda şəhərin bir qatar göyərçini, bir dəstə sərçəsi pırıldaşıb göyün üzünə qalxır və uçub oradan –bombalanan, yandırılan yerdən uzaqlaşır, tilsim sınır, şəhər əməlli başlı can verməyə başlayır. Ən axırda isə hələki çeynənmək üçün, həmişə yaşar, həmişə yaşıl bunlar qalır:
- Baş komandan, lider və kütlə,
- Komandir və libido,
- İlluziya,
- Aşırı haqq və Rembonu Amerikaya qoymadılar,
- Sükut səssizlikdən yaranır ancaq, sükutun səsindən qulağım batır,
- ...və hamı səsverməyə.
Müharibə edən ölkədə lider-baş komandandır. Öndər hələ başkomandan olmaq üçün çalışır. Tarixinsə panteonuna yalnız qəhrəmanlar daxil edilər, intriqaçılar deyil. Öndər hələ milli mənafelərin qorunması üçün öz "qamçısıyla” və ideologiyasıyla kütləni yaxşıca doyuzdura bilməyib. Məninə pərəstiş az insanlarda olur, o insanları öndərliyə ucaldır, ancaq onun varlığını qoruya bilməsi bacarığa bağlıdır. Kütlə gücə hörmət edir, müəyyən zəifliyin nişanəsi kimi baxdığı yaxşılığın cox da təsirində qalmır. Öz qəhrəmanlarından gözlədiyi güclülük, hətta zorbalıqdır. Libido baş komandanın olarsa qələbə bizimdir.
Bu gün apardığımız müharibədə libido komandirindir. Ax, dəhşətli Libido. İnsanın yaşamaq enerjisi, sevgi, məhəbbət, ən yaxşı duyğuların toplusu, Qarabağ müharibəsində bircə şeyə "yaşasın” demək olar,- komandir və döyüşçünün ona olan libidosuna.
İlluziya, -duyğuların aldanışı və "Gizli mən”.
Qorxu onu "zingildədəcəkdi”. Bu bir gənc əsgərdir. Bizim saqqallı döyüşçü "canlı nişangah” sözünü tez-tez işlədirdi və hırıldayırdı. Bəzi yerdə müharibə, Yeddi Xırmanda isə düşmən onların "dərisini aşa” qoydu. Qəhqəhəli Universitetin dəhlizində, aspirant oğlan- "onlara yazığım gəlir, çünki onlar nə üçün vuruşduqlarını bilmirlər”-dedi. Böyük qardaşlar gizlənirdi, kiçik qardaşlar isə təngənəfəs olurdu. İlluziya hərbi komissarlıqdan başlayırdı, molla allahsızlıq edirdi, həkim "Hipopokrat andı”nı pozurdu, televiziya naqqallıq edirdi, ərazilər düşmənə verilirdi. Düşmən isə artıq şəhəri alanda "Ara, "Ankara” (hərbi qüvvənin rabitədə çağırış adı) hələ siz oradasınız?”- deyirdi.
İstədiyini edə bilməmək, əngəllənmiş instinktlər isə "gizli mənə” toplanaraq şeytan donuna girmək üçün fürsət axtarır. Tarix boyu biz vuruşanların alnına bir şey yazılmaqla, həm də ax, edə bilmədiyimiz "gizli məndə” , "qara qutu”da qeyd edilmişdir. Nə vaxtsa davranışımızda, xüsusiyyətimizdə, genimizdə üzə çıxacaqdır.
"Aşırı haqq müharibənin verdiyi haqqdır”. "Başqa heç bir sınaq...müharibədəki qədər insanın yaşam-ölüm ikilisində bir seçimlə qarşı-qarşıya buraxaraq özünü-özünün qarşısına qoya bilməz”.
Bir zamanlar aşırı haqqı haqq edəni ha...ha...ha-larla "sürüş, sürüş” lağlağasıyla artıq adam təki, iti qovan kimi qovdular, bundan sonra doğrudan da "Rembonu Amerikaya qoymadılar”. Vyetnamda ölümünə vuruşan döyüşçü Rembo mülki həyata qayıdanda qəbul olunmadı, o artıq heç kimə lazım deyildi. Remboların qəbuledilməzliyi hər yerdə başlamışdı. Əvvəlcə Bakıda biri, Gəncədə biri və s olmaqla. Döyüşçü, əlil, qazilərin həyat sərgisi belə başladı.
Hazırkı süküt acınacaqlıdır. Bütün cəbhə boyu hec kim, hər şeyin fövqündə dayanan o hisslə irəliləmir. Sükutun səsi dincələn bədəndə damarlardakı qanı coşduracaqdır.
Sükutun səsini secki səsverməsi əvəz edə bilməz. Səsvermədən sonra yenidən hər şeyin təkrar olunacağını düşünmək belə acıdır. Hələ şəhid qapılarını döyən səs verilənlərə imza toplayanların, onları yığıb moizə oxuyan namizədlərin sifətini görməyin nə demək olduğunu demirəm. Biz bir sürü vicdansız yenidənmi sizin əziz, şikəst balanızı döyəcəyik.
Şərhlər