Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, Moskvada azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus "Sadovod” bazarında quldur hücumları həyata keçirən "Alfa” və "Vımpel” dəstələrinin zabitləri Azərbaycan üzərindən üçüncü ölkəyə qaçmış ola bilər.
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın APN agentliyi (Kremlin "aşbazı”, oliqarx Priqojinə bağlıdır) bildirir.
Xəbər verildiyi kimi bu günlərdə FTX-nın "Alfa” və "Vımpel” xüsusi təyinatlı dəstələrinin bir qrup döyüşçüsü barədə quldurluq ittihamı ilə cinayət işi qaldırılıb. İş üzrə fiqurantların sayı cəmi 15 nəfərdir. Onlardan 4-ü Moskvada həbs olunub, 3-nün barəsində ev dustaqlığı seçilib. Qalanlar isə axtarışa verilib. Həbslər başlayanda həmin 8 "Alfa” və "Vımpel” zabitləri antiterror əməliyyatları həyata keçirmək üçün Şimali Qafqaza ezam edilmişdilər. Onlar barələrində cinayət işinin qaldırıldığını eşidərək geri qayıtmayıblar və Şimali Qafqazda "gizləniblər”.
Cinayət işinin materiallarına əsasən bir qrup FTX xüsusi təyinatlıları "Sadovod” bazarındakı kiçik bankda pulların nəğdləşdirilməsini həyata keçirən Çin vətəndaşlarını təqib ediblər və onların avtomobilinə hücum edərək pulları aparıblar. Son iki ildə həyata keçirilən quldur hücumları zamanı azı 140 milyon rublun ələ keçirildiyi bildirilir. Lakin zərərçəkənlərin sayı və məbləğ daha çox ola bilər.
APN bildirir ki, hüquq-mühafizə orqanları "Alfa” və "Vımpel” xüsusi təyinatlı dəstələrinin barələrində axtarış elan edilmiş 8 zabitinin taleyi barədə hər hansı məlumata malik deyil. Məlum olan təkcə budur ki, onların hamısı Şimali Qafqazda ezamiyyətdə olarkən qaçıblar. Böyük ehtimalla xüsusi təyinatlılar Azərbaycan və ya Gürcüstan üzərindən ərəb ölkələrinə üz tutublar.
FTX-nin elit xüsusi təyinatlılarının bu cür quldur hücumları həyata keçirməsi Rusiya xüsusi xidmət orqanlarının veteranları arasında şok effekti yaradıb. Onlar xüsusi xidmət sisteminin bu dərəcədə deqradasiyaya məruz qalmasından heyrətə gəliblər. Bununla belə xüsusi təyinatlıların həbsinin güc strukturları arasında hansısa intriqa ilə əlaqəli olduğunu deyənlər də var. Məsələn, Kremlyönümlü "Rusiya zabitləri” təşkilatının idarə heyətinin üzvü İqor Şevçuk hesab edir ki, bu işdə hansısa yanlışlıq var.
"Mən bu informasiyanı eşidib şoka düşdüm. Hələ ümid edirəm ki, hansısa yanlışlıq ola bilər. Bizdə seçim çox diqqətlə aparılır, təsadüfi adamların bu dəstələrdə yeri yoxdur. Ən azından mənim dostluq elədiyim, bir yerdə qulluq etdiyimiz adamların hamısı yüksək mənəvi-əxlaqi dəyərlərə sadiq olublar. Ümid edirəm ki, yaxın günlərdə hansısa dəqiqləşmələr olacaq, çox inanmaq istərdim ki, hansısa yanlışlıq baş verib”,-keçmiş FTX veteranı deyib.
FTX-nin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov da əhvalatdan şoka düşdüyünü deyib. Onun mövqeyinə görə, güc strukturlarındakı situasiya narahatlıq doğurur və dövlətin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğuna dəlalət edir.
Şərhlər