Orxan Saffari

Blogger
Yazılar
5

"Yalançının saytında yazı getdi, heç kim inanmadı"

Orxan Saffari. Haqq.az (Hekayə)

- Alo, Səddam, redaksiyadasan?

- Bəli, Şamil bəy. Burdayam. 

- Məni soruşan olsa, denən, vacib işi var, gələcək. Özüm də axşam tərəfi orda olacam. Amma sən gmail ünvanına baxarsan, yazı göndərmişəm, günün ikinci yarısından sonra dərc elə. Necə atmışamsa, elə də yerləşdir sayta. Başlığı da yazdığım kimi ver. 

- Baş üstə, Şamil müəllim. Həll edərəm.

- Soruşan olsa da, dediyimi denən. 

- Oldu, oldu, müəllim, narahat olmayın. Sağ olun. 

*

Deyirəm, axırda bu işlərin bir zibili çıxacaq. Allah bilir, yenə kimin torbasını tikir- telefonu yerə qoyub, yazını axtara-axtara üzümü redaktora tutub mızıldandım..

- Əşi, bizə nə? Özü bilər. Nəsə olsa, özü də cavab verəcək. Sən işini gör,- redaktor dedi. 

- Axı, bu, düz deyil. Cəmi iki aydı işləyirəm, hələ bir dəfə də düzgün xəbər yazdığını görmədim. Elə İP-i gəlsin deyə-deyə gic-gic xəbər başlıqları qoyur, yalan məlumatlar yazdırır, sonra da pul alıb silir. Bunun axırı hara gedir?- mızıldanmağıma baxmayaraq redaktor gözünü kompüterdən ayırıb:

- Səddam, dedim axı, bizlik heç nə yoxdu. Sən sadəcə başını aşağı sal, işini gör,- deyib məni başından elədi. 

Mən yazıq da nə edim? Ağa deyir qoy sayta, deməli qoy sayta.

- Bir dəqiqə e, müəllim. Redaktor sizsiz. Nə əcəb belə yazıları mənə göndərir?

- Təzəsən də, ona görə. İşə öyrəşməlisən. Hiss eləməsən də, sənə nəzarət edirlər. Özünü ağıllı göstər, bir az diribaş ol, gözə girməyi bacar.

Dəqiq gözə? Pox olsun bu işin içinə,- bunu ürəyimdə dedim. 

*

İşə başladığım bu iki ay ərzində artıq sıxılmağa da başlamışdım. Deyəsən, bura, ümumiyyətlə, jurnalistika mənim yerim deyil. Axı mən belə təsəvvür eləmirdim. Heyif mənim ümidimə, həvəsimə. Hər yazıdan sonra redaksiyaya gələn zənglərdən təmiz zara gəlmişdim. Hədə-qorxu, məhkəmə işləri, nələr-nələr. 

Baş redaktorun nə vecinə e?! Reketlik edir, dolanır. Bəs biz?! Heç olmasa sildiyi yazıların pulundan bizə də verə...- əşşi, mən də nə düşünürəm e. Guya indi yönnü söz dedim də. 

*

Şamil müəllimin göndərdiyi yazını gözdən keçirib, manşetə yerləşdirdim. Heç 15 dəqiqə keçmədi ki, İcra Hakimiyyətindən zəng gəldi. 


*

-Alo, "Haqq.az" saytıdır? O nə şər-böhtan dolu yazıdır sayta qoymusuz? Kim yazıb onu, hanı baş redaktor? Cavab verəcəksiz, darıxmayın. Hələ utanmadan ad da qoyublar sayta. "Haqq.az". Yox bir,- dil boğaza qoymadan danışan adam əlacı olsa telefonun o başından əl atıb məni boğardı da. 

- Müəllim, Şamil müəllim burda yox..

- Əşi, nə yox? Hardadı? Yazını yazıb qaçıb? Tez əlaqə yaradın, o yazını silin ordan. Başınız ağrıyacaq.  

- Oldu, müəllim. Bu dəqiqə əlaqə saxlayırıq.

*

Dedim axı bunun bir zibili çıxacaq. 

Nə reket jurnalist kimi tutalar Şamil müəllimi, - içimdə dedim. 

Ya da yaxşıca əzişdirələr,- bunu da içimdə dedim.

Əşi, mən də qorxaq kimi elə içimdə dedim, içimdə dedim. Qalıb e içimdə-siz də məni bağışlayın, elə bunu da içimdə dedim. İlahi, necə boğulur söz azadlığım?

Telefonu yerə qoyub, redaktorun üzünə baxdım. Əllərini yana edib, çiyinlərini qaldırıb, dodağını da aşağı saldı; 

-Mən deyərəm Şamil müəllimə. Sən işini gör..


-Müəllim, siz Allah, bu saytda bir dəfə də olsun düzgün xəbər gedəcək? -üzümü yenidən redaktora tutub pərişan-pərişan soruşdum. Cavab gəlmədi.

*
Redaktor dostumun atası idi. Ona görə bu qədər rahat idim. Yoxsa mən də bilirəm nəyi demək olar, nəyi yox. Hərdən işdən sonra dostumla görüşəndə onunla da məzələnirdim. Mənim bura düzəlməyimə elə həmin dostum kömək edib. O özü də əvvəl jurnalist kimi işləyib. Bir ev də veriblər, indi sakit başını hərləyir.

- Qurban, sən də deyirsən dədəm işə gedib. Ayə, o nə işdi sən canın? 

- Qələtini elə, işini gör, ə. Harınlama,- dostum heç də atasından geri qalmayan cavab verdi. 

*
Həəəəə. Beləcə səhərdən axşama kimi yalan xəbərlər qoymaqla, streslə, əsəblə günümü sovurdum. Hər gün redaksiyadan çıxıb metroya qədər düşünə-düşünə gəlir, işdə içimə dediyim nə söz var idisə, yalan xəbərlər kimi havaya buraxırdım. Ciblərim, barmaqlarım yalanla dolu idi. Əgər metroda aparatla yalan danışanları yoxlasalar, mən elə bu yollarda piyada qalardım. 
Hərdən kimsə üzümə baxanda elə bilirəm, yalanlarımı görür. O gün biri diqqətlə necə baxdısa, dedim, yəqin hər xəbərdən sonra saytımızı, bizi söyənlərdən biridir. Tanıyıb. Yaxşı ki, indi bu virus var, maska taxıram. Beləcə, tanıyanlardan az da olsa gizlənə bilirəm. Adamlara nə var? Bir də gördün kimsə yoldaca basıb döydü ki, ay zurnalist, o nə xəbərlərdi qoyursuz ora? 

Düşünürəm, düşünürəm, düşünürəm, sonra özümə təsəlli verirəm; "əşi, mənim nə günahım var? Mən yazıram? Sonra yenə düşünürəm; "fərqi nədir, sən də alət olursan, qol qoyursan o yazılara" deyirəm.

Axşam evə yalanla girib, səhər yalanla çıxır, günorta yalanla doyuram. Hərəyə bir az yalan deyirəm, hərəyə bir az yalan yazıram. Evdə soruşurlar, hər şeyin yaxşı olduğunu, işlərin yaxşı getdiyini deyirəm. 

Sonra bir daha düşünürəm; 

Görəsən, mən nə vaxtsa düzgün xəbər verəcəm? Belə getsə, çətin. Nə edim, işdən çıxım? Başqa hara işə götürəcək? Bu dəqiqə hər yer minimum bir il iş təcrübəsi istəyir. Mən yazıq da bu qədər yalan təcrübəyə hələ təzə öyrəşirəm, iki aydı başımı bu yalanlarla güclə  saxlayıram. Amma bir şey də var ki, peşəkar yalançıya çox yerdə ehtiyac var. Təki bu yalanlar işləri yürütsün. Guya indi kimdi düzgün danışan? Hərə bir yalanla başını saxlayır, hərə bir yalana inanır. 

*

Həmin gün saytdan yazı silindi. Şamil müəllim özü gəlib, yuxarıdan zəng vurduqlarını, təkzib verib, üzr də istəməli olduğumuzu dedi. Adəti üzrə üzr istədik, təkzib də verdik. İşimizin adı nədi? Yalanı sona qədər müdafiə edəsi deyilik ki. 

Bir müasir atalar sözündə deyildiyi kimi;

"Yalan sayta qoyular, amma sonra silinər"

"Pis günlə yalanın ömrü yuxarıdan zəng gələnə qədərdi"

- Müəllim, sizə elə gəlmir ki, söz azadlığı pozulur? - günortalar dostumun atasını-redaktoru sual atəşi ilə bezdirir, o isə təmkinlə bu kimi suallarıma kinayəli cavablar verirdi;

- Bala, cavansan hələ. Əmgəyin  bərkiməyib, kirlənməmisən. Amma narahat olma, sən də həyasızlaşacağsan. 

*

İşdə idim. Şamil müəllim otağa girib, bir yazı verdi və həminki qayda ilə yerləşdirməyi tapşırdı. 

Aha, deyəsən, müəllim yenə qaz tapıb. Görəsən bu dəfə kimi şərləyir? 

Yazını oxuyanda isə gözüm kəlləmə çıxdı. Bu, elə belə tikə deyil. Boğazdan çətin keçər. 

- Müəllim, dəqiq bu yazı getsin? Sildirməklə qalmaz, saytı da bağlayarlar e.

- Çox danışma, sənə deyirəm yerləşdir, deməli yerləşdir. Mənə yazı örgədəcəksən?- Şamil müəllim azca hirsləndi. 

Tez yalan vəziyyəti alıb, oturduğum stoldaca bükülüb dedim; 

- Əstəfurullah, müəllim. Elə-belə deyirəm. Nazir və ailəsi haqqında yazıdı. Özü də, qızlarından yazmısınız. Üstəlik, heç yerdə olmayan bu açıq-saçıq şəkillər, intim görüntülər də var. Bəlkə düz eləmirik? Həm də bu şəxsi həyata müdaxilədir, axı. 

- Qoy e, qoy. Bu ay maaşına 100 manat əlavə edəcəm. Çörəkdi e bu yazı, çörək. 

Açığı, yüz manatı eşidib, bir az şirnikdim də.

*

Həmin gün Şamil müəllimin dediyi kimi edib yazını qoydum. Cəmi 5 dəqiqə keçmişdi ki, zənglər dayanmadı. Amma telefonu  götürmürdük. Açığı, mən çox qorxurdum. Elə Şamil müəllimin özü də. Qəfil yoxa çıxıb, telefonuna da zəng çatmamışdı. Hər yerdən onu axtarırdılar. Biz isə bu dəfə yalandan yox, həqiqətən də Şamil müəllimin harada olduğunu bilmirdik. Amma heç kim inanmırdı. Müasir atalar sözündə deyildiyi kimi;

"Yalançının saytında yazı getdi, heç kim inanmadı".


*

Səhər açıldı. İşə gəlməyə hazırlaşırdım. Həm də düşünürdüm; Görəsən, necə olacaq? Nə sayt qalacaq, nə də biz. Allah bilir, gecədən aləm dəyib bir-birinə. 

Onsuz da işlər qarışıb. İşə gecikməyi vecimə almayıb, metroya qədər piyada getdim. Yolda bir jurnalist həmkarımı gördüm. Onların saytı bir dəfə də olsun yalan yazmayıb. Ona görə içimdə özümdən utandım da. Diqqətlə üzünə baxdım ki, görüm, onun da üzündə yalan varmı? Əllərinə baxdım. Bir dəfə də yalan yazmamışdı.  

Hələ qapıdan çıxanda qonşumun dediyi söz də mənə od qoydu.  Amma bilmədim, məzələnmək üçün dedi, ya elə mahiyyəti odur. Ya da artıq mən heç nəyi ciddi qəbul edə bilmirəm. 

"Necəsən, qonşu? O gün uşaqlar internetdə bir xəbər göstərdilər, dedilər sizin saytdı. Nə idi o müğənninin adı? Hər dəfə bir yerini əməliyyat eləyir e. Əcəb qəşəng şəkilləri də var a. Boşanmağı düzdü onun? Əşi, onu nə qədər saxlayan olar. Nöş dərd eliyir ki. 

*

İşə yenicə çatmışdım. Bu yalan xəbərlərin tüğyan elədiyi otağa addımımı atanda, yalan dolu kompüterin arxasına keçəndə hər dəfə özümü pis hiss eləsəm də, məcburiyyət məni vicdanım kimi sıxırdı. 

Bu gün hamı gərgin idi. Hələ heç kim dünənki xəbərə görə nə olacağını bilmirdi. Kompüteri açıb feysbuka göz gəzdirdim. 

- Şamil müəllimdən xəbər var?- redaktordan soruşdum. 

- Vallah, dünən gecə özü başqa nömrədən zəng elədi, dedi, sabah gələcəm işə, özüm hər şeyi yoluna qoyacam. Siz narahat olmayın. 

Deyəsən, bir az rahatlandım. Ən azından qaçıb gizlənməyib. Guya belə də hara qaçacaq? Onsuz ona qaçmaq lazım da deyil. Öz payını gözləyir ki, xəbəri silsin. 

*

Qəfil, booom-uğultulu bir səs gəldi. 

- Bu nə səsdir?- redaktora dedim. 

- Yəqin  maşın təkəri partladı.

Günortaya yaxın isə heç gözləmədiyimiz anda redaksiyamıza güllə kimi bir xəbər daxil oldu. Bu dəfə yazılı yox,  şifahi formada. İndi aydın oldu ki, bayaqkı səs nə səsi idi. Təkər yox e, bir yekə yalan idi, səsi-sədası çatdı. Biz yuxarı mərtəbədə otururuq deyə səs-küyü eşitməmişik. Sən demə, binada qiyamət qopubmuş. O səs də güllənin səsi imiş. Şamil müəllimin sinəsinə tuş gələn güllənin. 

Redaksiya təşviş içində idi. Xəbəri qoyulan nazir qızının əri Şamil müəllimi redaksiyanın qabağındaca güllələlədi.

Nə edəcəyimizi bilmirdik. Ortalıq əməlli qarışmışdı. Bütün jurnalistlər də xəbər dalında. 

Üstündən bir neçə dəqiqə keçmişdi. Təəccüb və təəssüf hissimi yığışdırıb Şamil müəllimlə bağlı xəbər qoydum;

"Bakıda baş redaktor güllələndi

Bu gün Haqq.Az saytının baş baş redaktoru, tanınmış jurnalist Şamil Bədəlov işə gələrkən redaksiyanın qabağında güllələnib. 

Haqq.az saytının verdiyi xəbərə görə, sinəsindən güllə yarası alan baş redaktor xəstəxanaya aparılarkan yolda dünyasını dəyişib.

İlkin versiyalara görə, hadisəyə səbəb Haqq.Az saytında dərc olunan bir yazıdır. Hüquq-müfahizə orqanları faktla bağlı araşdırma aparır".  

Qonşu redaksiyadan başqa bir jurnalist dilləndi;

- Deyirəm, azad sözün qarşısını necə alırlar e. 

Gözümü kompüterə zilləyib düşündüm;

Deyəsən, ilk dəfədir ki, doğru xəbər yazdım...

OXŞAR XƏBƏRLƏR