Bazar ertəsi ABŞ prezidenti Donald Tramp Ukraynaya silah göndərilməsini nəzərdə tutan böyük yardım paketini elan edib. Bu yardım NATO ölkələrinin vəsaiti ilə maliyyələşdiriləcək. Tramp eyni zamanda Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməklə hədələyib.
Qaynarinfo "The Wall Street Journal”a
istinadla yazır ki, bu bəyanatlar Avropa liderlərinin aylarla apardığı diplomatik səylərin nəticəsidir. Məqsəd Trampı Ukraynanı silahlandırmağa və Putinə qarşı ciddi təzyiq göstərməyə razı salmaq idi.
"Almaniya, Fransa, Britaniya və digər ölkələr ABŞ administrasiyası ilə təmaslarını gücləndirib, yüksək səviyyəli siyasətçilər Trampın komandasındakı əsas fiqurlarla məxfi kanallar vasitəsilə əlaqələr qurublar”, – məqalədə deyilir.
Məsələn, Finlandiya prezidenti Aleksandr Stub Trampla Floridada keçirilən qolf turnirində dostlaşıb. Almaniyanın kansleri Fridrix Merz isə iyunun 5-də Ağ Evə səfər edib və alman rəsmilərinin bildirdiyinə görə, həmin vaxtdan etibarən Trampla demək olar ki, hər həftə əlaqə saxlayır. NATO-nun yeni baş katibi Mark Rütte Trampa yaltaq mətnlər göndərib və onun İran və İsrail arasında atəşkəs saxlamaq cəhdlərini dəstəklədiyini ifadə edib.
Avropalı diplomatlar ABŞ hökumətində Ukraynaya daha müsbət yanaşan fiqurlarla da əlaqələr qurublar. Onlara maliyyə naziri Skot Bessent, dövlət katibi Marko Rubio və Ukraynanı dəstəkləyən respublikaçı qanunvericilər şəbəkəsi daxildir.
Merzin "doğru yanaşması”
Merzin köməkçilərinin sözlərinə görə, o, Trampın dilini Almaniyanın əvvəlki liderlərindən daha asan tapır. Bunun əsas səbəblərindən biri ABŞ silahlarının maliyyələşdirilməsi ilə bağlı real vədlər vermək qabiliyyətidir.
"Merz düzgün yanaşmanı tapdı və indi Tramp ona mobil telefonla zəng edir. Bu da ona "çek diplomatiyası” ilə məşğul olmağa imkan verir”, – deyə Almaniya Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşı Niko Lange bildirib.
ABŞ Ukraynaya silah tədarükünü dayandırdıqdan sonra Merz Trampdan telefon danışığı istəyib. Söhbət 3 iyulda baş tutub – Tramp Oval kabinetdən zəng edib və ona müdafiə naziri Pit Hegset də qoşulub. Məlumata görə, Merz Trampa Almaniyanın Ukrayna üçün iki "Patriot” sistemi almasını təklif edib. Tramp isə bu sistemlərin ixracının dayandırıldığından xəbərsiz olub və Hegsetə dönüb: "Pit, nə baş verir?” – deyə soruşub. Bir neçə gün sonra Pentaqon bu qərarını dəyişib.
11 iyul gecəsi Tramp Rusiyanın Ukrayna şəhərlərinə hava hücumlarının görüntülərini izlədikdən sonra bir daha Merzə zəng edərək Putinin hücumlarından narazılığını ifadə edib.
Mənbələrin bildirdiyinə görə, Merz təəccüblənsə də, tezliklə başa düşüb ki, Tramp Rusiya prezidentinə qarşı səbrini itirib. Tramp daha əvvəl Merzin təklif etdiyi planla razılaşdığını bildirib – Almaniya vəsaitlərindən istifadə etməklə ABŞ-dan Ukrayna üçün silah alınacaq.
Tramp bu dəfə Almaniyadan iki deyil, beş "Patriot” sistemi almasını istəyib. WSJ-nin yazdığına görə, Almaniya kansleri dərhal razılaşıb, lakin mənbələr bildirirlər ki, bu məsələni digər Avropa liderləri ilə də maliyyə baxımından müzakirə etməli olacaq.
Nəticədə Almaniya Ukraynaya öz arsenalından iki "Patriot” sistemi göndərəcək və onların yerinə yenilərini ABŞ-dan sifariş edəcək. Norveç bu sistemlərdən birini alacaq. Mark Rütte isə digər potensial iştirakçı kimi Kanada, Danimarka və Finlandiyanı qeyd edib.
Trampın Ukrayna və Rusiya siyasəti dəyişir
ABŞ prezidenti bildirib ki, Ukrayna ABŞ-dan silah almağa davam edəcək, lakin bu silahların pulunu artıq Avropa ölkələri ödəyəcək. Avropa İttifaqı isə ABŞ-ın Ukraynaya göndərəcəyi silahların maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməyi nəzərdən keçirir.
Tramp həmçinin bəyan edib ki, əgər 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmazsa, Rusiya və onun tərəfdaşlarına qarşı əlavə gömrük rüsumları tətbiq ediləcək.
Alpər
Şərhlər