Xəbər lenti

Dünya 10:59 01.12.2025

"Dialoqda konstruktivlik var": Zelenski ABŞ-la danışıqların nəticələrini bölüşdü

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş başa çatdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə dialoqun əsas parametrləri barədə məruzə edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna lideri öz Telegram-kanalında yazıb.

"Bu gün komandaların Amerikadakı işinin başa çatmasından sonra Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov dialoqun əsas parametrləri, əsas vurğular və bəzi nəticələr barədə məlumat verdi”, – Zelenskinin paylaşımında deyilir.

Prezident qeyd edib ki, söhbət konstruktiv keçib və bütün məsələlər açıq şəkildə müzakirə olunub.

"Vacibdir ki, dialoqda konstruktivlik var və görüşlərdə bütün məsələlər Ukraynanın suverenliyinin və milli maraqlarının təmin olunmasına yönəlmiş şəkildə açıq müzakirə olunub”, – Zelenski bildirib.

Zelenski ABŞ-a, Prezident Trampın komandasına və şəxsən prezidentə Ukraynadakı müharibənin başa çatdırılması üçün sərf olunan vaxt və səylərə görə təşəkkür edib.

"İşləməyə davam edəcəyik. Komandamızdan tam hesabatı şəxsi görüş zamanı gözləyirəm”, – deyə o əlavə edib.

Eyni zamanda, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, Amerika Ukraynanın etibarlı sülhə nail olmaq istəyini dəstəkləyir.

"Layiqli sülhün təmin edilməsi sahəsində və mövqelərimizin Amerika tərəfi ilə yaxınlaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmişik. Bizim əsas hədəflərimiz – təhlükəsizlik, suverenlik və dayanıqlı sülh – dəyişməz olaraq qalır və Amerika tərəfi ilə bölüşülür”, – Umerov yazıb.

O əlavə edib ki, məsləhətləşmələr davam etdiriləcək və birgə çərçivə qərarının razılaşdırılması üzərində iş aparılacaq.

Bundan əvvəl UNIAN xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio görüşün xeyli məhsuldar keçdiyini bildirib. Rubio qeyd edib ki, ABŞ istəyir, Ukrayna yalnız təhlükəsiz ölkə olmasın, həm də "rifah dövrünə daxil olsun”, yəni Ukrayna tarixində olduğundan daha güclü və daha varlı bir dövlətə çevrilsin.

Həmçinin bildirilib ki, danışıqlar başlamazdan əvvəl Rubio nümayəndə heyətlərinin yalnız sülh planını deyil, həm də Ukraynanın iqtisadi rifaha gedən yolunu müzakirə etməyi planlaşdırdıqlarını açıqlamışdı. Onun fikrincə, Ukraynanın böyük iqtisadi potensialı var, lakin rifah müharibə şəraitində mümkün deyil. O, hesab edir ki, təkcə müharibənin bitməsi kifayət etmir — Ukrayna üçün irəliyə aparan, onu suveren, müstəqil və çiçəklənən ölkəyə çevirən yol yaradılmalıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->