Xəbər lenti

Yanan Narkoloji Mərkəzlə bağlı istintaq başa çatdı
Ölkə 17:38 13.08.2018

Yanan Narkoloji Mərkəzlə bağlı istintaq başa çatdı

Martın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı başladılan cinayət işinin istintaqı yekunlaşıb.
 
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində orada müalicə olunan 25 nəfər pasiyent yanaraq ölüb, 29 nəfər yanıq xəsarəti alıb.

Eyni zamanda, yanğın nəticəsində dövlətə məxsus olan mərkəzə maddi ziyan da dəyib. İstintaqın ilkin mərhələsində aparılan araşdırma nəticəsində məlum olub ki, yanğından sonra xəstəxanaya dəyən ziyanın məbləği 37 min manatdan çoxdur.

Hadisə ilə bağlı Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.

Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov həbs olunmuşdu. M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.

Şöbə müdiri Azad Ələkbərov həbsdə olarkən ürəyindən əməliyyat olunub stend qoyulduğu üçün səhhəti ilə bağlı onun cinayət işi ayrıca icraata götürülüb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə prosesin ilk iclası təyin ediləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->