Siyasət 11:36 07.05.2013

YAP-dan reaksiya: “Bunlar öyrədilmiş adamlardır”

Siyavuş Novruzov: “Həmin yerlərdə ticarətlə məşğul olanları, ora gəlib-gedənləri sosial baza kimi təqdim edirlər”

“Toplantının mahiyyətindən, xarakterindən xəbərsizəm. Amma bütövlükdə Gürcüstandanda belə tədbirlərin keçirilməsi provakasiya xarakterlidir. Çünki Azərbaycanın bütün bölgələrində sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir”.

Bunu Qaynar.info-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gürcüstanda zona müşavirəsini keçirməsinə münasibət bildirərkən deyib. YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda toplantı keçirmək üçün yerli icra orqanlarına qabaqcadan xəbərdarlıq edilməlidir: “İstər partiya qərargahında, istərsə də başqa yerlərdə icarəyə yer götürüb keçirmək olar. Biz dəfələrlə şahidi olmuşuq ki, əhalinin bunlara aid olmayan hissəsində, məsələn, hansısa ticarət mərkəzində, bazarda və bu kimi yerlərdə tədbirlərini keçirmək istəyirlər. Bu da ondan irəli gəlir ki, onların sosial bazası və elektoratı yoxdur. Həmin yerlərdə ticarətlə məşğul olanları, ora gəlib-gedənləri sosial baza kimi təqdim edirlər. Belə halların qarşısı alındıqda onlar Gürcüstanda tədbirin keçirilməsinə cəhd göstəriblər. Söhbət ondan getmir ki, tədbiri harada keçirirlər. Sadəcə olaraq bunlar öyrədilmiş adamlardır. Yəni ki, Azərbaycanda insan hüquqları, görün, hansı vəziyyətdədir ki, sərbəst toplaşmaq azadlığına imkan vermirlər, bunlar da məcburiyyət qarşısında qalıb Gürcüstana gəliblər. Bu, yalnız buna xidmət edir”.

S.Novruzov bildirib ki, onlar keçirdikləri toplantıdan da şəkillər çəkib beynəlxalq qurumlara göndərirlər: “5-10 şəkil çəkdirib Avropaya, ayrı-ayrı strukturlara göndərəcəklər ki, Azərbaycanda vəziyyət bundan ibarətdir. Həmin adamlar verilən tapşırıqları yerinə yetirirlər. Onlar Azərbaycandakı azad, ədalətli, demokratik keçiriləcək seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Bunlar Bilavasitə bu məsələyə xidmət edir”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon təşkilatı öz toplantısını Gürcüstan ərazisində keçirib. Məlumata görə, rayon təşkilatının Ağstafada iclas keçirməsinə imkan verilməyib. Buna görə də, Ağstafa şöbəsi öz müşavirəsini qonşu Gürcüstanda keçirib.

İlkin
Qaynar.info