Xəbər lenti

YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri dəyişdirildi
Siyasət 11:06 04.08.2017

YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri dəyişdirildi

Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.

"Qaynarinfo" xəbər verir ki, bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 21 rayon və şəhər təşkilatında konfranslar hələ keçirilməyib: “Bu təşkilatlarda da konfranslar ilin sonuna qədər mərhələ-mərhələ keçiriləcək. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın. O cümlədən, son 5 ildə partiyaya yeni üzvlər daxil olub, partiya üzvlərinin sayı artıb. Bütün bunlar hamısı konfrans nümayəndələri tərəfindən nəzərə alınaraq, həm rayon və şəhər təşkilatlarının tərkibində, həm sədrliklərində dəyişikliklər edilib və bu proses davam edir”.

S.Novruzov qeyd edib ki, konfranslar nəticəsində 11 rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: “Ümumilikdə Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var. Bunlardan hələlik 11-nin sədri konfrans nümayəndələri tərəfindən dəyişdirilib. Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunanlar var və s.”

S.Novruzov vurğulayıb ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar: “Siyasi partiyanın əsas funksiyalarından biri seçkilərdə iştirak etməkdir. Seçkilərdə partiyaların üzərinə çox böyük vəzifələr düşür, yəni seçki kampaniyasının təşkil olunması, təbliğat-təşviqat işlərinin aparılması, seçici imzalarının toplanılması və digər bu kimi məsələlər var. Ona görə də partiyanın kadr bazasının hazırlıq işləri vacib şərtlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycanda 5 mindən çox Məntəqə Seçki Komissiyaları var və seçkidə iştirak edən siyasi partiya hər məntəqəyə bir nümayəndə təyin edəndə, bu 5 mindən çox kadr deməkdir. Bunların hər biri öz hüquq və vəzifələrini bilməlidir. Buna görə də bütün bu işləri həyata keçirmək üçün uzun zamana ehtiyac var. Yeni Azərbaycan Partiyası indidən bu işləri həyata keçirir”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->