Siyasət 17:53 30.04.2013

YAP rəsmisi Ramiz Mehdiyevin İran səfərindən danışdı

Siyavuş Novruzov: “Rüstəm İbrahimbəyov ermənilərlə çəkdiyi filmlərdən danışsın”

“Ölkədə xaos hardadı?! Gəlin, çıxaq şəhərdə müşahidə aparaq. Rüstəm İbrahimbəyovun ümumiyyətlə, Azərbaycanla bağlı məlumatı yoxdur. Bu insan heç vaxt siyasətlə məğul olmayıb”.

Qaynar.info-nun məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, İbrahimbəyovun tərəfdarlarının dediyi xaos Azərbaycanda yoxdur: “Guya Azərbaycanda qarşıdurmalar, vətəndaş müharibəsi gedir. Qeyd edirlər ki, hər şey ləğv edilməlidir, Milli Şura yaradılmalıdır. Azərbaycanda Milli Məclis fəaliyyətini davam etdirir, qərarlar qəbul edir, sosial vəziyyətin yaxşılaşdırılması üçün addımlar atılır. Ən böyük tədbirlər Azərbaycanda keçirilir. Xaos tamam başqa bir şeydi, xaos 1990-cı illərdə olub. Bu gün Azərbaycan xaos yoxdur, ölkənin inkişaf strategiyası var. Bunlar bunu deməlidirlər, fikirlərini bildirməlidirlər, başqa nə deyəcəklər ki?! Rüstəm İbrahimbəyov ermənilərlə çəkdiyi filmlərdən danışsın. Uzaq dövr deyil, 2004-cü ildə, 2006-cı ildə, 2008-ci ildə ermənilərlə birgə film çəkib. Ziyalılar Forumunun digər üzvü “Daş yuxular” romanını yazıb. Onlar bundan danışmalıdırlar. Bunları kənara qoyublar deyirlər ki, Azərbaycanda xaos var. Ölkədə seçki üçün çox əlverişli mühit var. Kim istəyir, namizədliyini irəli sürə bilər”.

YAP-çı deputat qeyd edib ki, Rüstəm İbrahimbəyov Xocalı soyqırımı, erməni təcavüzü ilə bağlı bir məqalə də yazmayıb: “Nəzərə alın ki, bu, onun sahəsidir. Rüstəm İbrahimbəyovun Azərbaycan haqqında dedikləri onun öz fikirləri deyil, onu ortaya atan qüvvələr var. Aydın məsələdir ki, bunlar hərəsi bir deşikdən niyə çıxır. Azərbaycanda Rüstəm İbrahimbəyovun yubileyləri keçiriləndə Azərbaycanın iqtisadi inkişaf səviyyəsi indi kimi deyildi, ölkədə aparılan abadlıq-quruculuq işləri indikindən xeyli zəif aparılırdı, onun yubileyləri keçiriləndə ölkənin büdcəsi 1 milyard dollar deyildi, indi isə büdcə 25 milyarddır. İbrahimbəyov nədən narahat qalır?! İbrahimbəyov barmağını qatlasın ki, Rusiya institutlarında hansısa azərbaycanlı tələbənin rejissor təhsil almasına kömək edib”.

S.Novruzov Rüstəm İbrahimbəyovun seçki ilə bağlı dediklərinə də münasibət bildirib: “Onun Azərbaycanla bağlı mövqeyinin dəyişməsi rəhbərlərindən gələn sifarişdir. Təbii ki, Rusiyanın göstərişini yerinə yetirir. Amma onların heç biri Azərbaycan üçün təhlükə ola bilməz. Onlar ölkədə heç bir şey edə bilməzlər, nəyisə etmək qabiliyyətinə malik də deyillər. Azərbaycanın kifayət qədər seçki texnoloqu var. 20 ildir, müstəqilik. Dünya praktikasından seçki ilə bağlı xeyli şey öyrənmişik. Ölkənin milli psixologiyası var. Məsələn, Rusiyaya tətbiq etdiyin texnologiyanı Amerikaya tətbiq edə bilməzsən. Azərbaycanın özünün, hətta regionlarının özünəməxsus xüsusiyyətləri var. Bunlar sadəcə olaraq, ara qatmaq istəyirlər. Onlar bilirlər ki, Azərbaycanda hakimiyyət xalqla birdir. Müəyyən layihələr var ki, Azərbaycan onlara qoşulmur. Biz həmin layihələrə qoşulmayacağıq, çünki həmin layihələr Azərbaycan xalqının mənafeyinə ziddir. Bunlar gömrük ittifaqıdır, KTMT-dır. KTMT-ya qoşulmağa ona görə razılıq vermirik ki, orada Ermənistan dövləti var. Biz ölkə ərazisini işğal edən dövlətlə necə əməkdaşlıq edə bilərik”.

YAP rəsmisi Ramiz Meydiyevin İrandakı keçirdiyi görüşlər zamanı Azərbaycanın bayrağının olmamasından da danışıb: “Rəsmi görüşlərdə dövlət başçıları iştirak edirsə, o zaman bayraq qoyulur. Digər görüşlərdə, məsələn, parlamentin üzvlərinin görüşləri zamanı bayraq asılmır. Yadınızdadırsa, Aydın Mirzəzadə ilə Kiprin parlament sədri arasında qalmaqalı olmuşdu. Aydın Mirzəzadə məsələ qaldırmışdı ki, niyə Azərbaycan bayrağı yoxdur? Parlament sədrləri görüşürlərsə, burada bayraq olur. Azərbaycanın konstitusiyası var. Burada vəzifələr ardıcıllıqla göstərilib”.

YAP icra katibinin müavini “Ramiz Mehdiyevin İrana səfəri İsrail xarici işlər nazirliyinə cavab idi” sualına da cavab verib: “Onun səfəri bir müddət öncə planlaşdırılmışdı. Yəni ötən ayın sonlarında, bu ayın əvvələrində Mehdiyevin İrana səfəri nəzərdə tutulurdu. Ümumiyyətlə, çalışırıq bütün qonşularımızla mehriban qonşuluq siyasəti aparaq. Prezident də dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisindən İran ərazisinə heç vaxt hərbi müdaxilə edilə bilməz. Biz öz dostluq, qardaşlıq münasibətlərimizi ortaya qoymuşuq. Onların ürəyində nədirsə, Allah özü qəbul etsin”.

S.Novruzov həbsdə olan sabiq deputat Gülər Əhmədovanın  parlament sədrinə müraciətinə münasibət bildirərkən deyib ki, məsələni hüquq mühafizə orqanları araşdırır: “Ortada video, səs yazısı, şəkillər mövcuddur. Bunun ya qurama, ya da həqiqət olmasını ekspertiza müəyyən edəcək. Əgər cinayət törədibsə, kimliyindən asılı olmayaraq məsuliyyət daşıyır”.

İlkin
Qaynar.info