XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yayda qida zəhərlənmələrinin əsas səbəbləri - Mütəxəssis diqqət edilməli məsələləri açıqlayır
Sağlamlıq13:25 19.08.2026

Yayda qida zəhərlənmələrinin əsas səbəbləri - Mütəxəssis diqqət edilməli məsələləri açıqlayır

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida məhsullarının daha tez xarab olmasına, bəzi mikroorqanizmlərin isə sürətlə çoxalmasına səbəb olur. Xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları, balıq və dəniz məhsulları, yumurta, kremli şirniyyatlar, hazır salatlar və doğranmış meyvələr düzgün saxlanılmadıqda qida zəhərlənməsi riski yaratdığı deyilir.

Bəs yay aylarında qida zəhərlənmələrinin əsas səbəbləri nələrdir, hansı qidalar daha çox risk daşıyır, evdə və ictimai iaşə obyektlərində qida təhlükəsizliyini təmin etmək üçün hansı qaydalara əməl edilməlidir?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu məsələlərlə bağlı Qaynarinfo ilə fikirlərini bölüşüb.

“Bəzi qidalar yüksək risk qrupuna aiddir”

Mütəxəssis bildirib ki, bəzi qidalar yüksək risk qrupuna daxildir və yüksək temperaturda xarab olmağa daha çox meyllidir:

“Bəzi qidalar var ki, bunlar yüksək risk qrupuna aiddir, xüsusilə də yüksək temperaturda xarab olmağa meyllidir. Ona görə mütləq şəkildə həmin qidaları yay mövsümündə daha tez xarab olmağa məruz qaldığına görə doğru şəkildə, soyuq zəncir prinsipinə əsaslanaraq saxlamaq lazımdır.

Bunlar əsasən süd və süd məhsulları, xüsusilə qatıq, pendir, qaymaq, eləcə də ət və ət məhsullarıdır ki, bunlar da tez xarab olmağa meyllidir. Dəniz məhsulları, balıq məhsulları, yumurtadan hazırlanan məhsullar, kremli şirniyyatlar, eləcə də ev üsulu hazırlanmış qarışıq salatlar, kəsilmiş, doğranmış meyvələr var ki, bunlar daha tez xarab olmağa meyllidir”.

“Bişirilmiş məhsulları iki saatdan çox otaq temperaturunda saxlamaq olmaz”

Məhsulların saxlanma temperaturuna və alınarkən təzəliyinə diqqət edilməsinin vacib olduğunu deyən ekspert qeyd edib:

“Ona görə bu məhsulları həm evdə, həm satış yerlərindən alarkən təzə olmasına və 2-4 dərəcə arasında temperaturda saxlanılmasına diqqət olunmalıdır. Mütləq şəkildə, əgər düzgün şəkildə mühafizə olunmayacaqdırsa, bu qidaların evdə də az miqdarda alınması tövsiyə olunur.

Əgər bişirilmiş məhsullardırsa, bunları iki saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Mütləq soyuducuya yerləşdirmək lazımdır və hər məhsul da özünə uyğun olaraq düzgün qablaşdırmada saxlanılmalıdır.

Məhsullar hazırlanarkən, saxlanarkən sanitar-gigiyena qaydalarına da əməl olunması ən vacib şərtlərdəndir”.

Meyvələr də düzgün yuyulmalıdır

Məhsulların hazırlanması və saxlanılması ilə yanaşı, meyvələrin istehlakdan əvvəl düzgün yuyulmasının da vacib olduğunu bildirən Məhsəti Hüseynova deyib:

“Yay mövsümündə çeşidli meyvələrin mövsümü olduğuna görə bəzən onlar yuyulmadan və yaxud da yaxşı yuyulmadan yeyilir ki, bu da bir çox hallarda sağlamlıq fəsadları törədə bilər. Ona görə bu məqama da diqqət olunmalıdır”.

“Mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır”

Ekspertin sözlərinə görə, yay aylarında qida təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri də gücləndirilməlidir:

“Təbii ki, dövlət agentliyi olaraq Qida Təhlükəsizliyi Agentliyi də mütəmadi olaraq nəzarətləri gücləndirməlidir. Satış yerlərində qeyri-qanuni satıcıların, mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır. Xüsusilə də məhsulların satışı həyata keçirilərkən daşınma və saxlanılma zamanı şəraitdə də soyuq zəncir prinsipi əsas götürülməlidir”.

“Əhalinin maarifləndirilməsi davamlı olmalıdır”

Məhsəti Hüseynova hesab edir ki, əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi də davamlı xarakter daşımalıdır:

“Bundan başqa, mütəmadi olaraq əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Çünki bu, bir çox hallarda qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr çərçivəsində həyata keçirilsə də, bu layihələrin müddəti çox qısa və eləcə də birdəfəlik olduğuna görə mütəmadi olaraq bunu aidiyyəti üzrə qurumun həyata keçirməsi, davamlı olaraq etməsi daha effektiv olar. Eyni zamanda da bəzən müxtəlif zərərli qidaların, keyfiyyətsiz qidaların reklamı daha çox əlçatan, hər yerdə görünən olduğu halda, bəzən bu kimi əsas məlumatlar insanlara daha az çatdırılır və yaxud da əlçatan olmur ki, bu məlumatlar da müxtəlif şəkillərdə çatdırılmalıdır”.

“Soyuducuların düzgün işləməsinə ciddi nəzarət olmalıdır”

Ekspert satış obyektlərində məhsulların saxlanma şəraitinə, istehsal və son istifadə tarixlərinə də nəzarət edilməsinin vacibliyini vurğulayıb:

“Supermarketlərdə, eləcə də satış obyektlərində soyuducuların düzgün işləməsinə, məhsulların istehsal tarixinə, son istifadə müddətinə ciddi nəzarət olmalıdır. Açıq şəkildə satılan məhsulların mənşəyi bəlli deyilsə, keyfiyyətsizdirsə, bunlar məhdudlaşdırılmalıdır. Eyni zamanda bütün bu prosesi həyata keçirən işçi heyətin şəxsi gigiyenası da çox önəmlidir ki, burada da personalın təlimatlı olması çox önəmli məsələlərdəndir”.

“Çiy və hazır məhsullar eyni yerdə saxlanılmamalıdır”

Mütəxəssis mətbəxlərdə çiy və hazır məhsulların eyni səthlərdə saxlanılmasının və doğranmasının da risk yaratdığını bildirib:

“Bir çox hallarda da mətbəxlərdə çiy və hazır məhsullar, bişmiş məhsullar eyni yerdə saxlanılır, eyni taxta lövhələrdə və yaxud doğrama səthlərində doğranılır ki, bu da çarpaz çirklənməyə məruz qalar. Ona görə mütəmadi olaraq həm supermarketlərdə, həm ictimai iaşə obyektlərində işçi personalın maarifləndirilməsi, təlimatlandırılması həyata keçirilməklə yanaşı, eyni zamanda da mütəmadi nəzarət tədbirləri də keçirilməsi vacibdir”.

Günay İlqarqızı