Xəbər lenti

Yelisey Sarayı da nəzərlərini Bakıya yönəldir?..
Hüseynbala Səlimov
Siyasət 13:12 28.10.2019

Yelisey Sarayı da nəzərlərini Bakıya yönəldir?..

Hüseynbala Səlimov 

Bir vaxt Fransa Minsk Qrupunun üç həmsədrindən biri olanda çoxu ATƏT-in bu qərarının məqsədəuyğunluğuna şübhə etmişdi, politoloqlar və ictimai fəallar, xüsusən də müxalifət partiyaları tələb edirdi ki, rəsmi Bakı Avropa dairələrinin bu qərarına müqavimət göstərsin.

Çünki hamıya məlum idi ki, Fransada çox güclü erməni lobbisi və kifayət qədər çoxsaylı erməni diasporu var. Üstəlik, bu ölkənin keçmiş prezidenti F.Mitteran ilk avropalı siyasətçilərdən idi ki, keçmiş sovet respublikaları arasındakı sərhədlərin mövcudluğunu şübhə altına qoymuş və onları siyasi yox, "inzibati sərhədlər” adlandırmışdı və buradan da belə nəticə çıxarmışdı ki, onlara nəinki yenidən baxıla bilər, hətta baxılmalıdır da...

Amma bütün bunlara baxmayaraq mərhum prezident Heydər Əliyev növbəti bir çətin problemin, on illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin daha bir yükünün həllinə başladı: H.Əliey çox qısa bir  müddətdə o vaxtki Fransa prezidenti Jak Şirakla elə sıx və intensiv münasibətlər qurdu ki, o, hətta Azərbaycan prezidentini özünün ən yaxın dostlarından biri adlandırdı. 

Üstəlik, Azərbaycan prezidenti Parislə diplomatik vektoru da gücləndirdi və bizim Fransadakı diplomatik xidmətimiz Azərbaycan XİN - nin ən mühüm funksional komponentlərindən birinə çevrildi.

Odur, demək olmaz ki, bu vaxt ərzində Fransa istisnasız olaraq ermənipərəst siyasə yürüdüb, yox, artıq dünyasını dəyişmiş, mərhum prezident Jak Şirakın vaxtında münaqişə tərəflərinin prezidentləri arasında çox ciddi danışıqlar prosesi start götürdü və bəlli olduğu kimi, bu proses ABŞ-ın Ki-Uest şəhərində davam etdi...

Əlbəttə, bəzi xoşagəlməz epizodlar da olmuşdu: məsələn, prezident N.Sarkozi Ermənistanı Fransanın "kiçik bacısı” adlandırmış, prezident E.Makron isə fransız dilli ölkələrin sammitini (məşhur "Frankfoniya”) İrəvanda keçirmiş və hətta bu məqsədlə Ermənistana rəsmi səfərə belə gəlmişdi.

Amma bizi daha çox narahat edən Fransanın bəzi şəhərlərilə oyuncaq, tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın ayrı-ayrı "inzibati vahidləri” arasındakı "qardaşlaşma prosesi” idi. Fəqət, bu son vaxtlarda Fransada əks tendensiya start götürübdü: ölkə məhkəmələri Fransa şəhərlərilə "Dağlıq Qarabağ Respublikası”nın yerli hakimiyyətləri arasındakı "müqavilə”ləri bir - bir ləğv etməyə başlayıbdır. Bu günədək ondan çox belə "müqavilə” ləğv olunubdur ki, bu, Fransa ilə Azərbaycan arasındakı yeni tendensiyalardan danışmağa əsas verir. 

Buna bizi həm də Fransa prezidentinin azərbaycanlı həmkarına son məktubu da sövq edir. Bu məktubda E.Makron prezident İ.Əliyevi özünün yaratdığı yeni tibbi fondun fəaliyyətində iştirak etməyə dəvət edir.

Düşünürük ki, iki ölkə arasındakı ictimai, mədəni-humanitar münasibətlərin intensivləşməsi mütləq özünü siyasi münasibətlərdə də təzahür etdirəcəkdir: axı bir çox hallarda məhz humanitar siyasət, mədəni əlaqələr ümumi yaxınlaşma prosesinin gələcək siyasi vektorlarının qurulması üçün də ciddi özül, platforma kimi çıxış edirlər.

Qeyd etmək lazımdır ki, bu vaxta qədər biz ermənilərə əsasən bu müstəvidə uduzmuşuq: tarixən elə alınıb ki, ermənilər Fransa ilə daha geniş əlaqələrə malik olublar və onlardan fərqli olaraq bizim Fransada nə güclü diasporamız, nə də inkişaf etmiş, oturuşmuş mədəni-humanitar şəbəkəmiz olmayıbdır.
Əlbəttə, demək olmaz ki, Fransa bizim üçün, ümumiyyətlə, "sirli, əlçatmaz bir ada” olub. Yox, bizim istiqlaliyyətimizin qurucu ataları, Birinci Respublikamızın baniləri bu ölkədə uzun müddətli diplomatik missiyada olublar və Paris Sülh Konfransında iştirak ediblər, sovetlərin hakimiyyəti Azərbaycanda bərqərar olandan sonra isə geri dönbməyib və bu ölkədə - "əbədi inqilablar ölkəsi”ndə yaşamalı olublar...

Amma bütün bunlar yenə də ayrı-ayrı epizodik məqamlardır və Fransa ilə sistemli yaxınlaşma ciddi şəkidə Azərbaycanın müstəqilliyinin bərpasından, xüsusən də Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı...

Prezident E.Makronun məktubuna gəldikdə, prezident İ.Əliyev artıq bəyan edib ki, Azərbaycan Fransa prezidentinin humanitar təşəbbüsünü yüksək dəyərləndirir və onun reallaşmasında fəal iştirak edəcək.

Burada xatırladaq ki, vaxt vardı, bizim, məsələn, Belarus prezidenti A.Lukaşenko ilə də müəyyən problemlərimiz vardı, - Belarus rəhbəri bir çox hallarda ermənipərəst mövqe sərgiləyirdi.

Amma Azərbaycan və Belarus prezidentləri arasında tədricən sıx dostluğa keçən şəxsi münasibətlər, çətin anda Azərbaycanın Belarusa dəstək olması münasibətləri kardinal şəkildə dəyişdi və hazırda onlar ən yüksək, ən sıx və ən anlaşıqlı səviyyədədirlər.

Qeyd etmək lazımdır ki, həm də bir keçmiş peşəkar diplomat kimi prezident İ.Əliyev daim belə bir amili nəzərdə saxlayır ki, məhz siyasətçilər və diplomatlar arasındakı şəxsi kontaktlar və isti münasibətlər bir çox hallarda müxətlif ölkələrin yaxınlaşması yolunda özünəməxsus tramplin rolunu oynayırlar, çünki siyasəti, o cümələdən də dünya siyasətini hansısa robotlar – maşınlar yox, insanlar və ya insan qrupları, yəni siyasətçilər və diplomatlar yaradırlar və bu adamları həm də sırf insani münasibətlər birləşdirir. 

Daha bir misal: məhz bu siyasətin nəticəsidir ki, Azərbaycana qarşı MDB məkanında olan münasibət KTMT və Avrasiya İttifaqı təşkilatlarının üzvü olan digər ölkələrdən nəinki geri qalmır, hətta bir sıra aspektlərə görə daha sayğılıdır və dayanıqlıdır. Nəyin nəticəsində? Əlbəttə, iki ölkənin prezidentlərinin dostluq münasibətləri sayəsində...    

Əminik ki, eyni hal Fransa ilə bağlı da baş verəcək. Bu prosesin ilk əlamətlərini artıq görürük və güman, çox tezliklə Azərbaycanın həqiqi və sınanmış dostları sırasına bir ünvan da əlavə olunacaq – Fransa...
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->