Dünya 19:04 29.09.2019

Yəmən: Husilər böyük sayda Səudiyyə əsgərinin əsir düşdüyünü deyir

Yəməndə Husi üsyançıları bildiriblər ki, Səudiyyə Ərəbistanı ilə sərhədyanı əraziyə irimiqyaslı hücum edərək böyük sayda Səudiyyə əsgəri qüvvəsini əsir götürüblər.

Husi sözçüsü BBC-yə bildirib ki, Səudiyyənin Nəcran şəhəri yaxınlığında Səudiyyə Ərəbistanı ördusunun üç bölməsi əsir düşüb.

O, minlərlə əsgərin əsir düşdüyünü və bir çoxunun öldüyünü söyləyib.

Səudiyyə rəsmiləri bu iddianı təsdiqləməyib.

Sözçü bildirib ki, keçirilmiş hücüm münaqişə başlayandan bəri ən böyük əməliyyat olub.

"Səudiyyə hərbiyyəsi böyük miqyasda canlı qüvvə və texnikada itkisi verib", - polkovnik Yəhya Sariə qeyd edib.

Ələ keçənlərin hamısı bazar günü husilər tərəfindən idarə olunan Əl-Məsrə TV şəbəkəsində nümayiş etdiriləcək, sözçü əlavə edib.

Husilər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə qlobal bazarlara təsir etmiş dron və raket hücumu etdiklərini söyləyirlər.

Lakin ABŞ, İngiltərə, Fransa və Almaniya tərəfindən dəstəklənən Səudiyyə həmin zərbələrə görə açıq şəkildə İranı günahlandırıb.

Rəsmi Tehran isə bu iddiaları rədd edib.

2015-ci ildə prezident Abdrəbba Mənsur Hadi və onun höküməti ölkənin şimalının çox hissəsini tutan husilər tərəfindən paytaxt Sanaadan qaçmağa məcbur ediləndən bəri Yəmən müharibə vəziyyətindədir.

Səudiyyə Ərəbistanı prezident Hadini dəstəkləyir və bölgə ölkələri koalisiyası tərəfindən İranla birləşən üsyançılara qarşı hava hücumlarının keçirilməsinə rəhbərlik edib.

Koalisiya, demək olar ki, hər gün hava zərbələri həyata keçirir, husilər isə Səudiyyə Ərəbistanını tez-tez raketlərlə vururlar.

Yəməndə vətəndaş müharibəsi dünyanın ən ağır humanitar fəlakətinin baş verməsinə gətirib çıxarıb. Yəməndə əhalinin 80 faizinin və ya 24 milyondan çoxunun humanitar yardıma və sosial müdafiəyəyə ehtiyacı var, o cümlədən 10 milyon insan aclıqdan əziyyət çəkir.

BMT-nin hesablamalarına görə, münaqişə nəticəsində 2016-cı ildən bəri Yəməndə 70 mindən çox insanın öldüyü güman edilir.