Xəbər lenti

Yeni araşdırma: Piylənmədə ananın genetikasının üstünlüyü aşkarlandı
Sağlamlıq 12:44 07.08.2025

Yeni araşdırma: Piylənmədə ananın genetikasının üstünlüyü aşkarlandı

Yeni bir araşdırmaya görə, anaların genetik xüsusiyyətləri birbaşa ötürülməsə belə, uşaqların sağlamlığına dolayı təsir göstərə bilər.

Artıq çəkili valideynlərin uşaqlarının piylənməyə meyilli olma ehtimalı daha yüksəkdir. Lakin anadan keçən genlərin uşağın çəkisinə təsirində xüsusilə əhəmiyyətli rol oynadığı görünür.

Piylənmənin həm genetik, həm də ətraf mühit amillərinin birləşməsi nəticəsində yarandığı düşünülür. Valideynlərdən ötürülən genlər insanın iştahını, toxluq hissini, metabolizmasını, yemək arzusunu, bədən yağının necə paylandığını və daha bir çox xüsusiyyətini təsirləndirə bilər.

Qaynarinfo xəbər verir ki, "PLOS Genetics" jurnalında dərc olunan tədqiqatda göstərilib ki, uşaqlar DNT-lərinin yarısını hər iki valideyndən alsalar da, bədən kütlə indeksi (BKİ) baxımından ananın genetik təsiri daha üstündür.

Tədqiqatın əsas müəllifi və University College London tədqiqatçısı Liam Wright deyib ki, ananın genetikası uşağın öz genetik quruluşundan əlavə olaraq, onun çəkisinə əhəmiyyətli dərəcədə təsir edir kimi görünür.

Wright və komandası 2001 və 2002-ci illərdə uşaq sahibi olan 2.600-dən çox britaniyalı ailənin genetik və sağlamlıq məlumatlarını təhlil edərək, uşaqları doğumdan 17 yaşına qədər izləyiblər.

Həm uşaqların, həm də valideynlərin genetik məlumatlarına çıxış bu araşdırma üçün olduqca vacib idi. Bu sayədə alimlər yalnız uşaqlara miras qalan genləri deyil, valideynlərdən birbaşa keçməyən, lakin uşaqların sağlamlığına təsir edə biləcək genetik xüsusiyyətləri də araşdıra biliblər.

Tədqiqatçılar bu cür dolayı təsirlərin "genetik tərbiyə” adlandırıldığını bildiriblər. Bu təsirlər, ana bətnindəki şəraitdən tutmuş, valideynlik tərzinə qədər uşağın inkişafına mühüm təsir göstərə bilər.

Araşdırma göstərib ki, uşağın çəkisi məsələsində hər iki valideynin BKİ-si təsirli olsa da, atanın təsiri əsasən birbaşa ötürülən genlərlə məhdudlaşır. Halbuki ananın BKİ-si uşağın çəkisinə daha geniş şəkildə təsir edə bilir.

Tədqiqatçılar bu vəziyyətin səbəbini ananın genetik quruluşunun onun öz çəkisinə, qidalanma vərdişlərinə və hamiləlik dövründəki davranışlarına təsir etməsi ilə izah edirlər. Bu isə birbaşa olaraq uşağın inkişafı və sağlamlığına təsir edə bilər.

Wrightın sözlərinə görə, anaların birbaşa ötürdüyü genlərdən əlavə, tapıntılarımız göstərir ki, ana genetikasının uşağın böyüdüyü mühiti formalaşdırmaqda da rolu var və bu, nəticə etibarilə uşağın BKİ-sinə dolayı yolla təsir edə bilər.

O əlavə edib ki, bu, anaları günahlandırmaq deyil; əksinə, uşaqların uzunmüddətli sağlamlığı üçün ailələrə dəstək çağırışıdır.

Digər tərəfdən, əvvəlki araşdırmalar da göstərib ki, hamiləlik zamanı artıq çəkili və ya piylənmiş ataların piylənməyə meyilli uşaqlara sahib olma ehtimalı daha yüksəkdir.

Tədqiqat müəlliflərinə görə, artıq çəkili valideynlərə yönəlik çəki azaltma dəstəyi, uşaqlar üçün uzunmüddətli sağlamlıq faydaları təmin edə bilər.
Xüsusilə hamiləlik dövründə ananın BKİ-sini azaltmağa yönəlmiş müdaxilələr, piylənmənin nəsildən-nəslə ötürülməsinin qarşısını ala bilər.
 
Günay
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->