Aysel Əlizadə
Yeni prezident modeli, çağdaş dövrün adamı, metamodern politik ❤️ Sadə, cəsarətli, vətənçi, qərbçi.
İlk dəfəydi Ukraynada bir prezident inauqurasiyaya maşınsız gəlirdi. Seçiciləri ilə əl verib görüşürdü. Hətta birinə əli çatmadı, hoppanıb görüşdü.
Onun vecinə deyil kimlər nə düşünər. O, ölkəsinin, xalqının oğludu.
Ali Rada-nı ( parlamenti; sağ əli bizə) elə andiçmə günündə buraxdı. Deputatlara dedi ki, iki ayınız var, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəisini azad edin. Özünüzə də bu əmələ görə medal asın. Həm də yeni seçkilərə xalqdan xal qazanarsız.
Üzünü başqa nazirlərə tutub dedi: "Həmişə şikayətlənirsiz, axı biz nə edə bilərik, nəyə gücümüz çatır? Çox sadədi. Bir qələm, bir kağız götürüb istefa ərizəsi yazın".
Gözlənilməz qətilikdi.
Çox adam onun yumorist yumşaqlığı ilə sərt qərarlar verə biləcəyinə şübhəylə yanaşırdı. O isə tam əksinə, ilk gündən xarakter sərgilədi. Nə müxalifət haqda danışdı, nə keçmişdə olanları çözələdi. Elə bir cümləylə "Aktyordan prezident çıxar?" deyib ağız büzənləri silkələyəcək mesaj ötürdü: "Dünyanın gəlib getmiş ən yaxşı prezidentlərindən biri, əvvəllər aktyor olan Ronald Reyqanın belə bir fikri var: "Hökumət bizim problemimizi həll etmir, hökumət özü problemdi".
Reyqan da, Zelenskiy də çox haqlıdı. Ölkədə problem varsa, demək, hökumət özü problemdi.
Bütünlükdə, Zelenskinin çıxışı Atatürkün sevdiyi - "Bəyaz zanbaqlar ölkəsində" kitabını xatırlatdı. Orda belə fikirlər var: "Biz ölkəmizi birlikdə quracağıq. Kəndlisi, həkimi, müstəntiqi, fəhləsi - hamı, hamımız birgə bu ölkəni cənnətə döndərəcəyik".
Çağdaş dünyanın ən yaxşı rəhbərlərindən olacağına çox adamın inandığı bu adam "Ukrayna dünyanın hər yerində yaşayan ukraynalıların vətənidi, bu torpaqda doğulan hər kəsə, Ukraynaya yaxından-uzaqdan bağı olanlara vətəndaşlıq verəcəyik. Biz hamımız bu ölkənin prezidentiyik və bu ölkəni birgə ucaldacağıq" dedi.
"Portretimi otaqlarınızdan asmayın, prezident ikona deyil" xahişi etsə də, dünyanın hər yerində onun şəklini otağından asanlar olacaq; könüllü və sevdikləri üçün.
Yaydığı 2018-ci il gəlir deklarasiyasından görünür, yetərincə imkanlı adamdı. Ancaq bu gəlir hesabatı çox adamı təəccübləndirdi. Onun heç bir hərəkətində varlı ədası hiss edilməyib. Və məncə ən gözəl cümləsi bu oldu: "Mən bu vaxtacan çalışmışam Ukrayna xalqı gülsün. Bundan sonrakı beş il ərzində əlimdən gələni edəcəyəm ki, Ukrayna xalqı ağlamasın"!
Şərhlər