Boliviyanın meşələrində əvvəllər digər vəhşi pişik növləri ilə səhv salınan heyvanın yeni növ olduğu müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, “Leopardus tilcayo” adı verilən bu pişiyin yalnız bir canlı nümunəsinin hazırda məlum olduğu bildirilir. Yeni növ Boliviyanın Yungas bölgəsində yaşayan xallı kiçik pişiklər qrupuna daxildir.
Araşdırmanın başlanmasına Tigrino adlı, hazırda mühafizə olunan sığınacaqda yaşayan pişik səbəb olub. Alimlər onun görünüşünün digər xallı pişiklərdən fərqləndiyini müəyyən etdikdən sonra canlı heyvanın və muzeylərdə saxlanılan nümunələrin “DNT analizini” aparıblar. Genetik nəticələr bu heyvanların əvvəllər düşünüldüyündən fərqli, ayrıca təkamül xəttinə malik olduğunu göstərib.

Kəşf Cənubi Amerikadakı “tiger cat” adlandırılan xallı vəhşi pişiklərin təsnifatına da dəyişiklik gətirir. Tədqiqatçılar bu qrupda əvvəllər üç növün olduğu düşünülərkən, yeni genetik məlumatların beş fərqli növün mövcudluğuna işarə etdiyini bildirirlər.
Alimlər qeyd edirlər ki, bu pişiklər bir-birinə çox bənzədiyi üçün onların növlərini yalnız xarici görünüşə əsasən ayırmaq çətindir. Buna görə genetik analizlər əvvəllər ayrı növ kimi tanınmayan heyvanların müəyyənləşdirilməsində mühüm rol oynayır.

Yeni növün aşkarlanması onun qorunması ilə bağlı sualları da gündəmə gətirir. Tədqiqatçılar Boliviyanın meşələrində bu pişiklərin sayının, yayılma arealının və yaşayış mühitinin daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu bildirirlər. Xüsusilə yalnız bir canlı nümunəsinin məlum olması növ haqqında elmi məlumatların hələ olduqca məhdud olduğunu göstərir.
Araşdırma "Current Biology" jurnalında dərc edilib. Kəşf həmçinin göstərir ki, müasir genetik texnologiyalara baxmayaraq, dünyanın bəzi bölgələrində canlı təbiətin biomüxtəlifliyi hələ tam öyrənilməyib.
Şəbnəm İbrahimxəlilova
Şərhlər