Ölkə 11:42 21.08.2018

Yol polisindən motosiklet sürücülərinə XƏBƏRDARLIQ

Bakıda restoranların motokuryerləri motosikletləri piyada yolu ilə sürərərk, piyadaların həyatını təhlükəyə atırlar.

Bu barədə Qaynarinfo-ya şikayət daxil olub. Şikayətdə bildirilir ki, Bakının bir çox yerlərində, o cümlədən Əhməd Rəcəbli küçəsində yerləşən restoranların motokuryerləri əsasən piyada yolu ilə hərəkət edirlər. Həmin motosikletlərin bəzilərinin isə nömrə nişanı yoxdur.
 
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu barədə Qaynarinfo-ya açıqlama verib. O, belə hərəkətlərin yolverilməz olduğunu və hər bir hərəkət iştirakçısının qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə hərəkət etməli olduğunu vurğulayıb:

"Bu, yolverilməz haldır. Bu gün bu məsələ ilə bağlı inspektorlarımızla danışacam. Mühərrikin böyük və kiçik olmasından asılı olmayaraq hər kəs qanunda nəzərdə tutulmuş yollar üzrə hərəkət etməlidir. Əgər motosiklet sürücüləri piyada yolu ilə hərəkət edirlərsə, artıq inzibati xəta tərkibi yaradır ki, bunu edənlər müvafiq qaydada cəzalandırılacaqlar. 

Burada söhbət təkcə sürücülərin məsuliyyətə cəlb edilməsindən getmir, sadəcə olaraq hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində öz məsuliyyətini dərk etməlidir. Yol polisi həmin sürücüləri görməyə bilər.

Hörmətli motosikl sürücüləri, sizi yol polisləri cərimə etməsələr belə bu, sizin səki ilə hərəkət etməyinizə haqq qazandırmır. Motosiklet sürənləri əsasən gənclərdir. Başa düşürük ki, çörək pulu qazanırlar. Qazansınlar, amma başqalarının hərəkətinə mane olmamaq şərtilə".
 
Qurum rəsmisi motosiklet sürücüləri ilə bağlı reyd keçirilməsinin zəruri ola biləcəyini də diqqətə çatdırıb:
 
"Düşünürəm ki, bu sahədə ilkin olaraq təbliğatı gücləndirmək lazımdır. Amma narahatçılıq varsa, reyd keçirilməsi zəruri ola bilər. Reyd keçirilməsə belə bunun qarşısı alınmalıdır".
 
Çingiz Səfərli