İdman 11:44 08.10.2019

Yunis Hüseynov: "Pula görə AFFA-ya getsəydim..." (MÜSAHİBƏ)

Azərbaycanın tanınmış məşqçilərindən olan Yunis Hüseynov ötən həftədən etibarən AFFA-da Bernard Lippertin müavini kimi fəaliyyətə başlayıb. Hətta bu yaxınlarda U-17-nin futbolçularından götürülən testlər zamanı da məşqlərdə iştirak edib. Bəs ömür boyu məşqçi kimi çalışmış və futbol oynamış Yunis bəy yeni işində özünü rahat hiss edirmi, ümumiyyətlə perspektiv varmı?
 
Mütəxəssis Sport7.az-a müsahibəsində suallara cavab verməklə yanaşı, qarşıdakı planlardan da danışıb. O yeni işinə başlayandan sonra mətbuatda haqqında yazılan bəzi yazılara da münasibət bildirib: "Yeni başlamışam. Sağ olsunlar U-19-la, U-21-ə təyin ediblər məni. Çalışacam işimin öhdəsindən gəlim... Bilirsiz ki, mətbuata həmişə açıq insan olmuşam, fikirlərimi bildirmişəm. Ancaq, yazırlar ki, "Yunis Hüseynov AFFA-ya pula görə gedib"...

- Nazim Süleymanovun təşkilatından çıxıb, AFFA-ya getməyiniz birmənalı qarşılanmadı...

- O təşkilatın heç vaxt üzvü olmamışam. İkincisi, həmişə fikrimi demişəm, bundan sonra da bildirəcəm. Üçüncüsü, heç bir təşkilata üzv olmağıma ehtiyac yoxdu. Fikrim varsa bildirirəm. İndidən sonra da deyəcəm. Mənə çoxdan AFFA-nın Məşqçilər Komitəsində iş təklif etmişdilər. Yunis Hüseynov pula görə AFFA-ya getsəydi, həmin təklifi qəbul edərdim, orada oturub, maaşımı alardım. Açığı düzgün yazılar dərc edilmir. İşləməyəndə də deyirlər ki, "işləmirsən". Belə deyil axı. Mənə iş təklif ediblər, deyim ki, "işləmirəm"? Bu düzgün çıxmır axı. Həmişə demişəm ki, futbolun inkişafı naminə çalışmalıyıq. U-19-a, U-21-ə nəzarət etməliyəmsə, deməli işləmək lazımdı. Məsuliyyətli vəzifədi. Həmişə elə iş istəmişəm ki, daim hərəkətdə olum. Belə olmasaydı, Məşqçilər Komitəsinə gedərdim də.

- Ömür boyu futbol oynamısız, məşqçi kimi fəaliyyət göstərmisiz. Bu işdə özünüzü necə görürsüz?

- Bilirsiz necədi? Millilərə nəzarət edirəm, fikirlərim də olacaq. Köməyim dəyəcəksə lap yaxşı. Olmasa da, bəlkə heç 4-5 ay işləməyəcəm və çıxacam. Bunu bilmək olmaz. Ancaq indidən Yunis haqda nəsə yazmaq da düzgün deyil axı. Yazırlar ki, "Yunis belə etdi, elə etdi" (gülür). Jurnalistlərə böyük hörmətim var. Amma gərək Yunisi də başqaları ilə səhv salmasınlar. Mətbuata daim açıq olmuşam, kim zəng vurubsa telefonu götürüb cavablandırmışam. Ona görə də haqqımda belə yazılar yazmaları, açığı, adama xoş təsir bağışlamır. Komandalar uduzan kimi, dərhal zəng vururlar, fikirlərimi bildirirəm. İndi aşağı yaş qruplarına nəzarət edirəm, pisdi məgər? Yunis Hüseynov işləməməlidi? Söhbət işsiz qalmaqdan getmir. U-19, U-21 millimizdə çalışmaq məsuliyyətli işdi. Oyunlara baxacam, fikirlərimi deyəcəm. Yaxşı olması üçün çalışacam.

- Daim futbol oynamış, məşqçilik etmiş, bu sahədə müəyyən mənada sözünü demiş insanlar adətən, belə vəzifələrdə uzun müddət qala bilmir...

- Demirəm ki, ömür boyu burda qalacam. Ola bilər ki, bu vəzifədə çalışmağımı bir qədər düzgün hesab etmirlər. O demək deyil ki, ömür boyu burada işləyəcəyəm. Bir fikrim var - məşqçi olmalıyam. Mənim yerim meydançadı. Bu, o anlama gəlmir ki, ömür boyu U-19 və U-21-ə nəzarət edəcəm. İstəyirəm ki, milli komandaya da köməyim dəysin. Bacarığımla, savadımla bunu edəcəmsə nə yaxşı. Fikirlərimi deyəcəm, bəyənilsə, köməyim dəysə çox gözəl, sevinərəm. Ancaq fikrim odu ki, mən baş məşqçi kimi çalışmalıyam. 

- Əsas odu, futbolumuza xidmət göstərəcəksiz...

- Əsas odu ki, futbola xidmət göstərim, meydançada olum. Oturaq işdə çalışa bilmərəm. Meydançada da futbolumuzun inkişafı üçün əlimdən gələn hər köməyi göstərməyə hazıram. Çünki özümü futbola həsr etmişəm, onunla yaşayıram. Bunu həmişə demişəm. İndi iş təklif olunub, deyim ki, "yox, köməklik etmirəm"? Sabah da deyəcəklər, "Yunisə iş verdik, işləmədi". Köməklik etmək lazımdı. Bu da hərəkətli bir işdi, millilərimizə baxacam, sözümü deyəcəm. Bəyənərlər ya yox, özləri bilər. İstəyirəm ki, futbolumuz inkişaf etsin, mən də öz biliyimlə köməklik göstərim. 

- Sözügedən yığmaların baş məşqçiləri, Samir Əliyev və Milan Obradoviçlə görüşmüsüz?

- Xeyr, açığı həftəsonunu nəzərə almasaq, cəmi 2 gündü işə başlamışam. U-19 Çexiyaya yollandı. Mənim vizam olmadığına görə gedə bilmədim. Daha doğrusu, viza almağa vaxt çatmadı. Ancaq U-21-in məşqçiləri ilə görüşəcəyəm, məşqləri izləyəcəyəm.
 


- U-21 və U-19-la bağlı fikirləriniz maraqlıdı. Komandalarımızın durumu göz qabağındadı. Bu vəziyyətdən çıxmaq üçün hansı yol daha uyğun olar?

- Hələ ki, 4-5 gündü başlamışam. Yəqin 20 gün, 1 ay ərzində müəyyən fikirlərim olacaq. Komandaların durumları ilə bağlı hər şeyi dəqiqləşdirəndən sonra nəsə deyə bilərəm. Çünki indiyəcən millidə çalışmamışam. Milli və klub tamam başqadı. Mən ancaq klublarda işləmişəm. Ona görə də nə etmək lazım olduğunu gələcəkdə deyə bilərəm. Düzdü, hazırda müəyyən fikirlərim var. Amma indi nəyisə deməyim düzgün olmaz. Millinin içində olandan sonra fikirlərimi bildirəcəm. Ola bilər ki, bəyənərlər, ya yox. Hamılıqla yığmaya kömək etmək lazımdı. Hər kəs, o cümlədən də mən, bildiyimizi ortaya qoysaq, fikrimcə, nəyəsə nail olmaq mümkündü. Hamımız istəyirik ki, yığmamız yaxşı olsun. İstənilən halda müəyyən düşüncələrim var. Ancaq düşünürəm ki, jurnalist dostlarımız haqqımda belə yazılar yazmamalıdı. Çünki heç bir jurnalist deyə bilməz ki, "Yunis Hüseynov suallarımı cavablandırmayıb". Onlara həmişə hörmətim olub, olacaq da. Heç işə başlamamışam, dərhal yazırlar. Onda Yunis heç bir işlə məşğul olmasın, gedib evdə otursun. Bu da düzgün deyil (gülür). Bu vəzifə sahəmə uyğundu, millinin içində olacağam. Bir də yazırlar ki, guya o vaxt aşağı yaş qruplarını çalışdırmaq təklifi almışam, amma qəbul etməmişəm. Xeyr, belə deyil. O vaxt, sadəcə fikir bildirmişəm, düzgün anlamayıblar. 

- Əslində, yığmalarımızda sizin kimi yerli mütəxəssislərin çalışması daha düzgün olar...

- Çox sağ olun. Jurnalist dostlarımızdan xahiş etmək istərdim ki, heç olmasa işə başlayım, sonra yazsınlar (gülür). Başqa yönlərə çəkməsinlər (gülür). Düz demirəm?

- Əslində mətbuatda yazılanların səbəbləri var. Çünki AFFA-nın gördüyü işlər uğursuz alındığı, milyonlar havaya sovrulduğu üçün bəyənilmir. Məsələn, yığmalarımızın zəif təsir bağışlaması, 8 komandalı, özü də rəqabətsiz çempionatın olması və sair problemlər var ki, birbaşa Assosasiya ilə bağlı olan məsələlərdi. Yəni, AFFA rəhbərliyinin işində perspektiv görülmədiyinə görə belə məsələlər birmənalı qarşılanmır və "oyun" adlandırılır...

- Başa düşürəm. Hər kəsin ağlı var. Hamı öz ağlı ilə iş görür. Nazim Süleymanovun oyuna gətirilməsi filan, bu haqda heç nə deyə bilmərəm. Ancaq özünüz də bildirdiz ki, məsuliyyətli işdisə, niyə dəstəyimi əsirgəyim? Kənarda dayanım, deyim ki, "kömək etmirəm"? Bu düzgün deyil axı.

- Demək istəyirsiz ki, ayrı vaxt jurnalistlər yerli mütəxəssislərin işləməsini tələb edir, indi də əksini yazırlar?

- Siz jurnalistsiz, bunları məndən yaxşı bilirsiz (gülür). Həmişə deyirlər ki, yerli mütəxəssislər işləsin. İndi də belə yazırlar. İşləməyim, kömək etməyim? (gülür) Hər kəsin fikri var. Hamısının xətrini istəyirəm, hörmətlə yanaşıram.

- Yəni bundan sonra da tənqidi fikirlər səsləndirməkdə davam edəcəksiz?

- Mən Yunis Hüseynovam. Ona görə deyirəm ki, haqqımda belə yazmasınlar. Necə insan olduğumu, məni tanıyanlar yaxşı bilir. Yaxşıya yaxşı, pisə də pis deyəcəm. Belə olmalıdı. Yəqin ki, gələcəkdə də zəng edib fikirlərimi öyrənmək istəyəcəksiz. Mən də düşündüklərimi deyəcəm. Pis olsa pis, yaxşı olsa, deyəcəm ki, "hər şey əladı, superdi".