"Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ümummilli liderimiz Heydər Əliyevin arzusu, vəsiyyətidir. Siz Şuşanın işğaldan azad olunan günü Ulu Öndərimizin məzarını, Şəhidlər xiyabanını ziyarət edərkən demişdiniz: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ulu öndərimiz Heydər Əliyev istəyirdi ki, müstəqil Azərbaycanın güclü ordusu olsun, peşəkar hərbçilərimiz olsun. Onlar bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar suda da, quruda da, səmada da düşmənlərimizi məhv etməyə qadirdirlər. Elə bu məqsədlə də Ulu Öndərimiz düz əlli il bundan əvvəl indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı".
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündə "Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş, kapitan Ramazan Hudulov bildirib.
Ramazan Hudulov rəşadətli, qalib bir Ordunun şəxsi heyəti adından böyük qürur hissi ilə deyib: "Azərbaycan Ordusunun, qalib ordunun səviyyəsinin yüksəldilməsi, ordumuzun bütün güclü dünya orduları sırasında yer alması şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı”.
Kapitan qeyd edib ki, Azərbaycanda bir çox xalqların nümayəndələri - türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udilər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. "Mən avar xalqının nümayəndəsiyəm. Mən Azərbaycan vətəndaşıyam. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi”, - deyə Ramazan Hudulov vurğulayıb.
O, Müzəffər Ali Baş Komandanı əmin edərək bildirib ki, bu ali etimadı bundan sonra da Vətənimizə, dövlətimizə, millətimizə, öz doğma Azərbaycanımıza sədaqətli xidməti ilə doğruldacaq.
Şərhlər