Xəbər lenti

“Zahid Oruc gərək “saunada şəkillərim yoxdur” deməyəydi” -CAVAB
Siyasət 10:25 17.08.2013

“Zahid Oruc gərək “saunada şəkillərim yoxdur” deməyəydi” -CAVAB

Ana Vətən Partiyasının Ali Məclisinin üzvü Zahid Orucun müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürməsini partiyanın sədri Fəzail Ağamalı bağışlamadı.

Nəticədə Zahid Oruc illərdir rəhbərliyində təmsil olunduğu Ana Vətən Partiyasından çıxarıldı.

Z.Oruc isə partiyadan çıxarılmasını normal qarşılamaqla yanaşı sanki kimlərisə ifşa edəcək kimi açıqlama verib: “Azərbaycanda doğru insanların sayı 5 ya 10 min, 100 min, yaxud nə qədərdir, deyə bilmərəm. Amma hesab edirəm ki, onun içində ön yerlərdən birində olaram. Yəni başından ayağına kimi desəniz, şəxsi həyat, belə demək mümkündürsə, ayrı əlaqələr və s. Milyarderin balası deyiləm. Onların himayəsi altında da olmamışam. Gizli qurumlarla bağlantım olmayıb. Separatizmə bulanmamışam. Saunada şəkillərim yoxdur, ikinci arvad saxlamıram. Kriminallarla bağlantım yoxdur. Oğru dünyasının səsini-sorağını bilmirəm”.

Zahid Oruc bu fikirlərlə sanki Fəzail Ağamalıya nələrisə açıqlayacağı ilə bağlı mesaj verib.

Deputatın bu açıqlamasının Fəzail Ağamalını tutduğu haqda cəmiyyətdə rəy yaranması da istisna deyil. Ona görə də Fəzail Ağamalının məsələyə münasibətini öyrəndik.

Fəzail Ağamalı Zahid Orucun həmin fikirlərinin ona aid olmadığını bildirdi: “Düşünürəm ki, o fikirlərin heç birinin mənə dəxli yoxdur. O fikirlərlə Zahid Oruc sadəcə demək istəyib ki, şəxsən özü təmiz adamdır, o cür işlərlə, qaranlıq qüvvələrlə əlaqəsi yoxdur. Ona görə də məncə Zahid Oruc o cür əməllərin sahibi olmadığını bəyan edib. Lakin düşünürəm ki, gərək elə deməyəydi. Fikirlərini o cür ifadə etməmək də olardı. Sadəcə deyə bilərdi ki, mən şəffaf və təmiz adamam, cəmiyyət məni yaxşı tanıyır”.

F.Ağamalı artıq Zahid Orucla bağlı məsələnin Ana Vətən Partiyası üçün bitdiyini və bundan sonra bu mövzuda heç bir açıqlama verilməyəcəyini vurğuladı.
Keçmiş partiyadaşlarla bağlı dünən daha bir maraqlı məlumat da yayılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, Zahid Oruc və Fəzail Ağamlı Milli Məclisin 2013-cü il payız sessiyasında plenar iclaslarda bir yerdə oturmayacaqlar. Uzun illər bir yerdə olan iki siyasətçi, iki deputat, parta yoldaşının bundan sonra Milli Məclisdə də yolu ayrılacaq. Onlar daha parlamentdə eyni stol arxasında oturmayacaqlar.

Zahid Oruc bildirib ki, bu məsələyə münasibət bildirmək istəmir. Seçki Qərargahının rəhbərliyi ilə bağlı məsələyə münasibət bildirən Zahid Oruc qeyd edib ki, artıq bu barədə düşünülüb: “Artıq yol xəritəsi də beynimizdə hazırdır. Yaxın zamanlarda seçki qanunvericiliyinin tələblərinə uyğun bunu edəcəyik”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->