Xəbər lenti

Zamanüstü söz demək istəyi
Sənət 12:33 31.05.2016

Zamanüstü söz demək istəyi

(Yaradıcılığına etüdlər)

Yeri dar haqq aşiqinin
göyü var haqq aşiqinin
haqq arar haqq aşiqinin
qələm olan qolları

Bu misralar 58-də doğulub, 58-ini yaşayan Qardaşxandı.

O təkcə böyük arzular şairi deyil, həm də böyük ideallar naminə yaşayan vətəndaşdır:

Nə Təbrizdə, nə Qarsda,
Nə Dərbənddə qalacaq;
Bu gördüyün sərhədlər,
Bu sədlər qalmayacaq .

Ondan ötrü ən böyük yaradıcılıq haqq yolunu tutmaq, insanlığa xidmət etməkdir:

haram yerlə halallaşıb
haqq ilə üzbəüz gəlim
nahaqla haqq hesab edib
haqqı salama düz gəlim

Və o, “nahaqqa haqq verdiyini gözəl alar gözəl Allah” deyə haqqın qələbəsinə həmişə inanır.

sözü seçən kəslərə
sözü keçən kəslərə
düzü seçən kəslərə
özü yar olan Allah

Həm söz adamı olub, həm də verdiyi söz üstündə durmaq bir şair ömrünü tükətsə belə, o, yolundan dönən deyil.

Bu qurban vətənin Qardaşxan adda
Bir qurbanlığı da var ehtiyatda!

Və ya:

Qardaşxan Əziz də, Əziz Nesin də
Hərəsi bir cürə qəm yiyəsidi.
Fələyin gözü var hər ikisində,
Qəm yeyəni bir gün qəm yeyəsidi.
Söz onun üçün hər şeydən ucadadı.
Yüksəyə yüksək əyilir
Söz əyilməyir Allaha

Yaxud:

Üstümü unlu görüb,
Adıma böhtan demə.
Gözlərim ağ-qaradır,
Hər rəngi ayırd edir.
Pula pul deməyənlər
Pula qul niyə oldu?
Söz dedim, söz ağamdır,
Sözümün ağasıyam!

Yaradana üz tutub, sözünə ilahilik diləyir.

Sözüm sözünə yovuşa
ilahi düzüm alına
sözüm sözünə qovuşa
ilahi üzü alına
Başqa bir şeirində istəyi:
anam namaz üstədir
aman zaman istəyim
anam namaz üstə dur
zaman üstü söz deyim

“Özüylə apardı yoxdu bir çöpündə gözüm olsun beşgünlük dünya beş arşın bezin də özünə qalsın” deyə həyatda gözütox bir ömür yaşayan Qardaşxanın bu qırımına da inanırıq.

Qardaşxan sözləri bir-birinə elə cilalayır ki, bir hərfə toxunsan, sözlər çiliklənəcək.

Boyun qəbrə düz gəlmədi
boyunu ölçdülər bala
yox fələyin oyunuydu
oyunu ölçdülər bala

oyun qəbrə düz gəlmədi
ən dərin quyu dibində
toyunu ölçdülər bala
toyun qəbrə düz gəlmədi

“Qardaşxan sözün rəngini mənzərəyə çevirib bütün sevdiklərinə qəzəbini yükləyə bilir” (Yaşar Məmmədli):

Qan qara ürək açılmır,
Nə olsun ki yazdı, bacım;
Di gəl bu qansız ağaclar
Gör necə ürəkdən açıb!

Bu misraları Qardaşxan Qarabağ döyüşlərində orada olarkən yazıb.
Bir millət olaraq 37-ci illərin ağrısını həmişə canımızda hiss etdiyimiz üçün şair bir vaxt yaşının 37-sini belə qarşılayıb: “İndi 37-yəm, 37-lərdənəm, 37-lərləyəm, 37 məndən keçir...”

Bütün yaradıcılıqları boyu ayrılıq, azadlıq nəğmələri oxumuş Məmməd Arazların, Söhrab Tahir AzərAzərlərin xələfi kimi yol gedən Qardaşxan şeirini bu çox şeyin tərs qoyulduğu bir zəmanədə görməmək də olur. Necə ki, bu misralardakı ağrını duymayıb da, şadlanmaq mümkün:

Laləliksən, bənövşəlik,
Tək ağacsan, ya meşəlik,
Hələliksən, həmişəlik,
Dondan-dona girən həsrət?

Yaxud:

"Mart çıxdı, dərd çıxdı..."
Nə namərd çıxdı,
Gör  neçə mart  çıxdı, çıxmadı  bu dərd!

“Nə verdim dünyaya, nə də istəyəm, Hər səhər beləcə, hər axşam belə” deyən Qardaşxan: “Bu dünyanı niyə gördüm ömrü cüt tək niyə sürdüm xış ağzına niyə verdim yaradandan alıb ömrü” deyə insanlığa gərəkli bir ömür yaşamaq istəyi ilə alışıb-yanır,– “Nə yapdım kütə verdin Bu təndir kimi, tale!”söyləyən, ”Bir üzü çarə olan hər üzü çarə olan hər üzü qara olan bir çarə qalıb indi”deyən Qardaşxan.

Onun bütün sevgilərinin başında Vətən eşqi dayanır:
Xalq adı nə qədər uca addısa,
Ondan da müqəddəs bir addı vətən.
Hamını özündə xalq yaşatdısa,
Xalqı da özündə yaşatdı vətən.

Doğma təbiətə sevgisi də bu yurd sevgisindən qaynaqlanır əslində və onun təbiətlə poetik təması oxucu üzünə qırxıncı tilsimli qapını açır:

Aylı bir gecədə, dumanda, çəndə
Zirvəni dolaşıb ətəyə endim.
Gəzdim ayaqyalın şehli çəməndə,
Bulaq çayım oldu, ağ qırov- qəndim;
O da bir gecəydi düşdüm eşqinə,
Şahidim olmadı o gecə mənim.
Mən bihuş gecənin mənzərəsindən, –
Şəlalə lüt-üryan asılıb-qalıb;
Açıq-saçıqlığın məngənəsində
Qaranlıq abrına qısılıb-qalıb?!..

Belə misalların sayını artırdıqca qutsal poeziyanın sehrinə düşürsən:

Əvvəl dənə- dənə gecədən keçmiş,
sonra narın- narın səhərə yaxın,–
həyadan alışıb-yanan bir qıza
utancaq oğlanın guya bilmədən
toxuna bildiyi bir ehtiyatla
yağışlar başladı,
Payız başladı.

“Məni yüz boyalı qaş-göz ilə yox, Bir boyasız sözlə ovlamaq olar” –deyən Qardaşxanın qadına olan sevgisi platonikdir:

Keçdiyin yolları gəzirəm hər gün,
Bəlkə izim düşə izlərin üstə.

Məcnunun Leyliyə sevgisidi, Leylisi bir addımlığında olanda Məcnun necə ondan qaçırsa, eləcə:

Bilsən sənsiz ölürəm,
Yenə məndən uzaq gəz.
Səninçin öldüyümü
Seyr et gendən, uzaq gəz.

O, sevgilisinin verdiyi gülün solmasının belə acı təəssüfünü yaşayır (Tər-təzə manqal idi, Al-yaşıl tonqal idi, Çiçəkləri də yandı, Yarpaqları da yandı, Verdiyin gül də soldu), amma sevgisində öz canını fəda etməyə hazırdır:

Mənimki vüsaldan keçib,
Yanıq bağrım qanım içib,
Ürəyim qurbanlıq seçib,
Bu canı sənə, biləsən.

Qardaşxan şeiri bizə həm də sevgidə dözüm, səbat “dərsi” verir:

Gül üzünə gözlərim
Gün uzunu yol çəkir.
Ürəyim tutur mənim
Ölümümə qol çəkir,
Mən səndən incimirəm.

Onun üçün sevgilinin varlığını ilğım kimi, üfüq kimi hiss etmək yetər, nəinki ona sahiblənmək.

Bağışla, ana hüznlüm,
Sənə layiq kədərim yox, –

deyib sevgilinin hüznlü gözlərini seyr etmək, o ilahi kədərin qarşısında diz çökmək, onu bağrına basıb “göz yaşlarını dodağıyla silmək”dən daha gözəldir.
Və yanlış yapmaqdansa, münasibətlərin ilkinliyinə xələl gəlməsin deyə ayrılmaq yey:

Nə gözəl ayrılıqdı,
Ayrıldıq yanılmamış;
Sən məni tanımamış
Mən səni tanımamış...

Dilin sadə və təmizliyi, eyni zamanda sürətlilik, emosionallıq və yığcamlıq, nəhayət, obrazlılıq– Qardaşxan serinin başlıca cəhətləridir.

Ulduzlar ağ yalandır,
Günəş– qırmızı yalan.
Hamıdan yalançıdır,
Hamıdan doğru olan.

Və ya:

Bu qapısız dünyada
pəncərədən daş gələr
pəncərəyə hər baxan
öz daşına tuş gələr

...Qardaşxan həmişə əla oxuyub–orta məktəbdə, ali məktəblərdə... Ən çətin məktəb olan həyat imtahanını da alnıaçıq verən Qardaşxan ildırımının (“Bu çaxan– qarşı dağındı, Bu çaxan – qonşu bağındı... Gör necə mənə yaxındı,– Bu mənim ildırımım”) poeziyada daha güclü bir işıqla gur çaxacağına və onun böyük sənətdə müvəffəq olacağına inanmaq istərdik.

özüm öz meyitim üstən
qalib kimi keçib gedim,-

deyən qəhrəmanımın qələbəsinə inamla:

Sevda Əlibəyli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->