Xəbər lenti

Zaminlik və məsuliyyəti - Hansı hallarda xitam verilir?
Ölkə 17:27 16.02.2026

Zaminlik və məsuliyyəti - Hansı hallarda xitam verilir?

Gündəlik həyatda, xüsusilə kredit və borc məsələlərində zaminlikdən tez-tez istifadə olunur. Lakin bir çox insanlar zamin olarkən bunun hansı hüquqi nəticələrə səbəb olduğunu və hansı hallarda məsuliyyət daşıdıqlarını tam şəkildə bilmirlər.
 
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi zaminliyin xitam əsaslarını və zaminin məsuliyyət çərçivəsini aydın şəkildə müəyyən edir.
 
Zaminliyə hansı hallarda xitam verilir?

Məcəllənin 477-ci maddəsinə görə, zaminliyin təmin etdiyi əsas öhdəliyə xitam verildikdə zaminlik də qüvvədən düşür. Həmçinin zaminin razılığı olmadan əsas öhdəlik dəyişdirilərsə və bu dəyişiklik onun məsuliyyətini artırarsa və ya onun üçün əlverişsiz nəticələr yaradarsa, zaminlik xitam edilir.

Bundan başqa, borc başqa şəxsə keçdikdə və zamin yeni borcluya görə cavabdeh olmağa razılıq vermədikdə də zaminliyə xitam verilir. Kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə də zaminlik qüvvəsini itirir.

Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti göstərilibsə, həmin müddət başa çatdıqda zaminlik xitam olunur. Müddət müəyyən edilmədikdə isə kreditor əsas öhdəliyin icra vaxtı çatdığı gündən etibarən bir il ərzində zaminə qarşı iddia qaldırmazsa, zaminlik qüvvədən düşür. Əsas öhdəliyin icra müddəti göstərilmədikdə və ya müəyyən edilə bilmədikdə isə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditor tərəfindən iddia irəli sürülməzsə, zaminliyə xitam verilir.
 
Zamin hansı halda məsuliyyət daşıyır?

Mülki Məcəllənin 472-ci maddəsinə əsasən isə borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər müqavilədə subsidiar məsuliyyət nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu zaman zamin, əsas borc məbləği ilə yanaşı, faizlərə, məhkəmə xərclərinə və öhdəliyin yerinə yetirilməməsi nəticəsində kreditora dəymiş digər zərərin ödənilməsinə görə də borclu ilə eyni həcmdə cavabdeh olur.

Eyni zamanda, bir neçə şəxs birgə zamin olduqda və müqavilədə başqa qayda göstərilmədikdə, onlar da kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
 
Günay
--> -->