Video 14:56 17.10.2021

Zaqatalada vəkilin avtomobili yandırıldı (FOTO/VİDEO)

Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun Zaqatalada avtomobilinin yandırılması ilə bağlı aidiyyatı orqanlara müraciət edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O qeyd edib ki, Zaqatalada fəaliyyət göstərən vəkil Azər İsmayılovla dərhal əlaqə saxlayıb: "Vəkil mənə əsaslı şübhələri barədə məlumat verdi. Bu dəhşətli hadisə ciddi şəkildə araşdırılmalıdır. Tərəfimdən aidiyyatı dövlət qurumlarına rəsmi qaydada müraciət olunacaq, məsələni şəxsi nəzarətimdə saxlayacam".

Anar Bağırov bildirib ki, hadisənin vəkillik fəaliyyətindən irəli gələn cinayət olması ehtimalı çox yüksəkdir: "Bu cinayəti törədən şəxslər qanunamüvafiq qaydada cəzalanmalıdır".

Xatırladaq ki, bu gün Zaqatalada vəkil Azər İsmaylova məxsus avtomobil benzinlə yandırılıb.

Vəkil qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".

Vəkil deyib ki, avtomobil Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb və hadisə yerinə polis əməkdaşları gəlib: "Artıq polisə ərizə ilə müraciət etmişəm. Ümid edirəm ki, yaxın zamanda hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq".

Bu işlə bağlı araşdırma aparılır.