“Fəvvarələr meydanı” yaxınlığında yerləşən mağazanın işçiləri tərəfindən daxil olan şikayətdə mağazanın qanunsuz əmək istismarı ilə məşğul olduğu qeyd olunur. Belə ki, işçilərinin iddiasına görə, rəhbərlik heç bir hüquqi əsasa söykənmədən işində hər hansı kiçik nöqsana yol verən işçiləri iş müddətindən əlavə 4-5 saat işlədir. Buna etiraz edən işçilər isə işdən çıxarılmaqla hədələnir.
Mağazada çalışanların dediyinə görə, onlarla əmək müqaviləsi bağlanıb, bu müqaviləyə əsasən onlarla həftədə 1 gün istirahət olmaqla gündə 8 saat iş rejimi şəraitində işləmək barədə razılıq əldə edilib. Bir müddət bu rejimdə işləsələr də, sonralar mağaza rəhbərliyi işlə bağlı heç bir müzakirə aparmadan öz istəklərinə uyğun olaraq qanunsuz qərarlar qəbul edib.
İşçilərin göndərdiyi şikayətdə qeyd olunur: “Çox ağır iş rejimində işləyirik və istər-istəməz işimizdə kiçik nöqsanlar olur. Təbii ki, biz robot deyilik, komanda verilən formada hərəkət edək. Hər hansı bir nöqsan olduqda isə iş müddətindən əlavə 4 saat işləyirik. Hətta bəzən 1 işçinin nöqsanına görə bütün işçilər əziyyət çəkir. Bu yaxınlarda hansısa işçi anbardan paltar götürərkən ordakı səliqəni dağıtmışdı. Heç br araşdırma aparmadan növbədə olan bütün işçiləri əlavə olaraq 4 saat işlətdilər. Etiraz etmək istəyənlərə də dedilər ki, kim istəmirsə, çıxsın işdən. Çoxları da bu işi güc bəla ilə tapıb. Çoxu maddi problemi olan insanlardır. Başqa heç bir şansları yoxdur. Çıxsalar, işsiz qalacaqlar”.
Şikayətçilərin dediklərinə görə, mağazada baş verən qanunsuzluqlar təkcə əmək hüququnun pozulması ilə bağlı deyil, digər bir problem isə gigiyena ilə bağlıdır: “Nahar vaxtı bizi harasa, gedib yemək yeməyə qoymurlar. Mağazanın daxilində də hər hansı bir şərait yaradılmayıb. Məcbur qalıb yeməklərimizi paltardəyişmə otağında və ya anbarda yeyirik. Adı çay içmək üçün belə şərait yaradılmayıb. Əvvəllər heç olmasa su gətirirdilər, özümüz çay hazırlayıb içirdik. İndi adı suyu belə alıb gətirmirlər. Məcbur qalıb işçilərlə pul yığıb çay içməyə su alırıq”.
Məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədov Qaynar.info-ya açıqlamasında bildirdi ki, işçilərə bu formada cəzaların tətbiq olunması, əmək qanunverciliyinə ziddir və bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdır: “Əgər işçi işində hər hansı nöqsana yol verərsə, ona inzibatı tənbeh verə bilər. Bu da ilk dəfə üçün töhmət, növbti dəfə üçün şiddətli töhmət və son olaraq Əmək Qanunverciliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilə bilər. Müstəsna hallarda, kollektiv müqavilələrdə nəzərdə tutulubsa, pul cəzası ola bilər. Bu da dediyim kimi əgər kollektiv müqavilədə nəzərdə tutulubsa. İşdən artıq işlətmək isə artıq məcburi əməkdir və bu məsuliyyət yaradır”.
S. Məmmədov bildirdi ki, belə olan halda işçilər məhkəməyə müraciət edə bilərlər: “Bundan başqa işçilər bizə müraciət edə bilərlər və bi biz bacardığımız hüquqi dəstəyi verməyə hazırıq”.
Daxil olan şirkayətlərlə bağlı mağaza rəhbərliyinin də fikrini də öyrənmək istədik. 2 gün öncə - 26 noyabr tarixində mağazanın daixl olduğu “Rateil Group Azerbaijan”nın rəsmi saytında göstərilən mağazanın əlaqə telefonlarına zəng etdik. İlk zəngimizdə bildirdilər ki, sizə 10 dəqiqə sonra açıqlama veriləcək. 10 dəqiqə sonra zəng etdikdə isə, bildirdilər ki, mağazanın bu işlə bağlı məsul şəxsləri hazırda yoxdur. Əlaqə nömrənizi verin, sizə zəng ediləcək. Təqribən 1 saat sonra “Zara”nın məsul şəxslərindən bir nəfər zəng edərək, açıqlamanın sabah veriləcəyini və sabah qədər gözləməyimizi xahiş etdi.
Dünən axşam Qaynar.info-ya məlumat verən şikayətçilər yenidən bizimlə əlaqə saxlayaraq bildirdilər ki, redaksiadan mağazaya zəng olunduqdan sonra orada təcili toplantı keçirilib. “Zara”nın “kids” meneceri olan Rüstəm adlı şəxs tərəfindən keçirilən toplantı zamanı işçilər bu məlumatı mediaya ötürdüklərinə görə tənqid olunub və bildirilib ki, bundan sonra cəzalar dəyişdiriləcək. İşində nöqsana yol verən şəxslər xəbərdarlıqdan sonra işdən azad ediləcəklər. Bundan başqa, məlumatı ötürən adamın kimliyini müəyyənləşdirəcəklərini və onunla bağlı tədbir görəcəklərini deyib.
Dünən – 27 noyabr tarixində yenidən mağaza rəhbərliyi ilə əlaqə saxladıq. Azərbaycan dilində danışa bilməyən ( Mağazada əlaqə saxladığımız bütün şəxslər bizimlə rus dilində danışırdılar) “Zara”nın HR (İnsan resursları) mütəxəsisi bu dəfə isə bildirdi ki, mümkünsə sualları yazılı formada göndərin və 1 saat ərzində suallarınıza cavab veriləcək.
Təqdim olunan elektron poçta suallarımızı göndərsək də, heç bir cavab ala bilmədik. Yenidən əlaqə saxladıq, ən qısa zamanda cavab veriləcəyini dedilər. Gün ərzində bir neçə dəfə əlaqə saxlasaq da, "Sizə açıqlama veriləcək" deyə bildirdilər. Lakin gün sona çatsa da, mağazadan heç bir açıqlama verilmədi.
Göndərdiyimiz suallar isə bunlar idi və bir daha qeyd edirik ki, mağaza rəhbərliyi bu suallara cavab vermək istərsə, onlara da şərait yaratmağa hazırıq:
1. Zara mağazasının işçiləri tərəfindən redaksiamıza daxil olan şikayətdə mağazanın qanunsuz əmək istismarı ilə məşğul olduğu qeyd olunur. Belə ki, işçilərinin iddiasına görə, rəhbərlik heç bir hüquqi əsasa söykənmədən işində hər hansı kiçik nöqsana yol verən işçiləri iş müddətindən əlavə 4-5 saat işlədir. Buna etiraz edən işçilər isə işdən çıxarılmaqla hədələnir.
İşçilərin dediklərinə görə, onlarla əmək müqaviləsi bağlanıb, bu müqaviləyə əsasən onlarla həftədə 1 gün istirahət olmaqla gündə 8 saat iş rejimi şəraitidində işləmək barədə razılıq əldə edilib. Bir müddət bu rejimdə işləsələr də, sonralar mağaza rəhbərliyi işlə bağlı heç bir müzakirə aparmadan öz istəklərinə uyğun olaraq qanunsuz qərarlar qəbul edib. Bu məsələ ilə bağlı "Zara" rəsmilərinin münasibəti nədən ibarətdir?
2. Şikayətçilər həmçinin qeyd edirlər: “Nahar vaxtı bizi harasa gedib yemək yeməyə qoymurlar. Mağazanın daxilində də hər hansı bir şəraitv yaradılmayıb. Məcbur qalıb yeməklərimizi paltardəyişmə otağında və ya anbarda yeyirik. Adı çay içmək üçün belə şərait yaradılmayıb. Əvvəllər heç olmasa su gətirirdilər, özümüz çay hazırlayıb içirdik. İndi adı suyu belə alıb gətirmirlər. Məcbur qalıb işçilərlə pul yığıb çay içməyə su alırıq". Əmək müqaviləsində nahar vaxtı üçün hər hansı maddə nəzərdə tutulubmu?
3. Dünən yazı ilə bağlı "ZARA"-ya etdiyimiz müraciətdən sonra mağazanın Evalina adlı meneceri işçilərə 1 həftə sonra bütün satıcı heyəti dəyişdirəcəyi ilə bağlı təhdidlər deyib. Buna səbəb nədir?
4. "ZARA"-nın kids meneceri Rüstəm adlı şəxs dünən mağazaların birində təcili toplantı keçirərək işçilərə deyib ki, bu məlumat mediaya ötürüldüyünə görə, bundan sonra işdəki nöqsanlara görə cəzalar dəyişdiriləcək və işçilər səhv etdikdə işdən uzaqlaşdırılacaq. Bu toplantının keçirilməsində əsas səbəb nə idi?
Pərviz Əzimov
Qaynar.info
Şərhlər