Zatulin:

Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"

Noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar "Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Qarabağ münaqişəsini” də müzakirə ediblər.
 
Qaynarinfo azpolitika.info-ya istinadən xəbər verir ki, Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin çözümü yollarına dair fikrini soruşub.
 
Rusiya millət vəkili deyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti "çoxdan formalaşıb”. Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu deyib: "Bu həllin əsasında kompromis var. "Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Və sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq”.

Zatulinin sözlərinə görə, hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında ifrata varılmışdı. "Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi”.

Rusiya Dumasının vəzifəlisi deyib: "Buna görə də kompromis nə ola bilər? Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır”.

Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağın müstəqillyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır.

Bundan başqa Konstantin Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş hücumunu pisləyib və Bakının "davakar bəyanatlarını” tənqid edib.

Bu da qeyd olunmalıdır ki, jurnalist Vladimir Poznerin də son vaxtlar Qarabağa dair bir sıra bəyanatları Azərbaycanda hiddət doğurub. Bu ilin əvvəllərində Ermənistana səfər edən jurnalist orada verdiyi müsahibədə Dağlıq Qarabağa getməyə imkan tapmadığından təəssüfləndiyini bildirmişdi. Bu barədə məlumat Poznerin saytında dərc edilmişdi.

Ermənistan ictimai telekanalına müsahibəsində Pozner Ermənistana və ermənilərə rəğbət bəslədiyini demişdi: "Təəssüf ki, Dağlıq Qarabağda ola bilmədim. Məmnuniyyətlə gedərdim, amma vaxt tapa bilmədim. Gedərdim ki, orada öz mövqeyimi bildirim. Qoy hamı, o cümlədən cənab azərbaycanlılar da başa düşsünlər ki, mənim ürəyim o tərəfdə yox, bu tərəfdədir”.

Pozner bunu da demişdi ki, Bakının "qara siyahısına” düşə biləcəyi onun qətiyyən vecinə deyil: "Tutaq ki, məni qara siyahıya saldılar, bundan nə olsun? Düşünürəm ki, ondan sonra da gecələr rahat yata bilməkdə davam edəcəyəm”.

"Azərbaycan Rusiya ilə bağlı xarici siyasətinə yenidən baxmalıdır”

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info”-ya şərhində bildirib ki, Konstantin Zatulin Azərbaycana qarşı təxribatlarından əl çəkmir: "Qarabağa gəlir, orada təxribatçı açıqlamalar verir, qondarma rejimə dəstəyini ifadə edir. Buna görə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermişdi. O, indi də müsahibəsində deyib ki, Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq, Şuşa ilə yanaşı Laçın və Kəlbəcəri də unutmalıyıq. Görünür, bu təkcə Zatulinin fikri deyil, Rusiya hakimiyyətində onun kimi düşünənlər var. Onun ağzının üstündən vurmurlarsa, deməli belə düşünənlərin sayı artacaq”.

E.Şahinoğlu güman edir ki, Xarici işlər naziri Sergey Lavrov da elə düşünür: "Nəzərə alsaq ki, İrəvana səfəri zamanı o da rayonların adlarını çəkməsə də, demişdi ki, münaqişənin həllində Qarabağın da rəyi nəzərə alınmalıdır. Aydındır ki, Zatulinin bu müsahibəsinə görə Xarici İşlər Nazirliyi nota verməyəcək. Amma gərək aydınlaşdırılsın ki, Zatulinin fikirlərini Rusiya hakimiyyətində daha kimlər bölüşür. Əgər bölüşənlərin sayı çoxdursa, deməli Rusiyanın bu siyasəti Azərbaycanın maraqları ilə ziddir. Biz xarici siyasətimizdə artıq bunu nəzərə almaq məcburiyyətində qalacağıq”. 

XƏBƏRLƏR
BLOGLAR