Xəbər lenti

Zelenski Aİ və Rusiya arasında dialoqun bərpasına münasibətini açıqladı
Dünya 12:48 10.01.2026

Zelenski Aİ və Rusiya arasında dialoqun bərpasına münasibətini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Rusiya lideri Vladimir Putin bu danışıqların ciddiliyini anlayarsa, Avropanın Rusiya ilə qarşılıqlı fəaliyyətinə etiraz etmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Avropa liderlərinin Moskva ilə dialoqu bərpa etməyə çağıran son bəyanatları barədə sualı cavablandırarkən o deyib:

"Mən Avropanın Rusiya ilə danışıqlar aparmasının əleyhinə deyiləm, xüsusən də indi, ABŞ tərəfindən təzyiqlər artdıqda və Avropa təhlükəsizlik təminatları haqqında danışmağa başladıqda. Biz yekun mərhələyə doğru irəliləyirik, hətta onun necə görünəcəyini hələ bilməsək də".

Zelenski vurğulayıb ki, Rusiyanın hərəkətləri onun real diplomatiyaya hazır olmadığını sübut edir. Onun sözlərinə görə, Ukrayna gələcəkdə bütün ərazisi üzərində suverenliyini bərpa edəcəyinə ümid bəsləsə də, işğal olunmuş ərazilərin Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacaq.

Prezident həmçinin ABŞ-ı Rusiyanın təcavüzünə daha sistematik reaksiya verməyə çağırıb və qeyd edib ki, Ukrayna vəd edilmiş bütün "Patriot" zenit-raket komplekslərini və sursatları hələ də almayıb.

Bundan əvvəl İtaliyanın Baş naziri Ciorcia Meloni bildirmişdi ki, Ukraynadakı müharibəni dayandırmaq üçün beynəlxalq səylər fonunda Avropa İttifaqı və Rusiya arasında danışıqların vaxtı çatıb.

Almaniya isə bu məsələdə fərqli mövqe tutur. 2026-cı ildə Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edən Volfqanq İşinger bəyan edib ki, avropalıların Rusiya hökuməti ilə birbaşa danışıqları hazırda mənasızdır. Onun sözlərinə görə, böyük ehtimalla Moskva yalnız Vaşinqtonla danışıqlarda maraqlıdır.

Alpər
--> -->