Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Almaniyanın paytaxtı Berlində səfərdə olacaq və Almaniya kansleri Fridrix Merslə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş zamanı Ukrayna ilə Rusiya arasında texniki danışıqların davam etdirilməsi istiqamətində mümkün addımlar, eləcə də Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyalar paketinə dair planlar müzakirə ediləcək. Bu sanksiyalar Moskvanın üzərinə təzyiqi artırmağa yönəlib.
Materialda qeyd olunur ki, Zelenski Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək.
Spiegel yazır ki, səfərin pərdəarxası hissəsində iki ölkənin liderləri Ukraynaya hərbi dəstəyin gələcək formatlarını da müzakirə edə bilərlər. Yeni Almaniya hökuməti əvvəllər olduğu kimi silah tədarükü barədə açıq danışmaq istəmir, lakin kuluarlarda Ukrayna müdafiə sənayesinə uzaqmənzilli silahların istehsalı sahəsində necə yardım edilə biləcəyi ilə bağlı müzakirələr aparılır.
Daha əvvəl kansler Fridrix Mers bildirmişdi ki, əgər hüquqi cəhətdən mümkün olarsa, Almaniya və onun müttəfiqləri dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə hazırdır. Bununla belə, o, xəbərdarlıq etmişdi ki, bu addım Avropa maliyyə bazarına risklər yarada bilər.
Almaniya Ukraynaya "Taurus” qanadlı raketlərinin göndərilməsi məsələsini açıq şəkildə müzakirə etməkdən imtina edib. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hökumət bu mövzuya artıq həddən artıq diqqətin yönəlməsini istəmir. Onun sözlərinə görə, Almaniya Ukraynaya, o cümlədən uzaqmənzilli silahlar olmaqla, hərbi dəstəyi davam etdirəcək, lakin hansı sistemlərin və nə vaxt göndəriləcəyini açıqlamayacaq.
Almaniyanın xarici işlər naziri İohann Vadeful isə qeyd edib ki, əgər Rusiya ilə danışıqlar nəticə verməzsə, Berlin Ukraynaya əlavə silah paketləri təklif edəcək.
Alpər
Şərhlər