Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, NATO ölkələri müdafiə xərclərini artırmaq sahəsində çox yavaş irəliləyirlər, halbuki Rusiya bu vaxtdan istifadə edərək hücum qabiliyyətini formalaşdıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski "Sky News” kanalına müsahibəsində
danışıb.
Xatırladaq ki, NATO ölkələri 2035-ci ilə qədər hərbi xərclərin ÜDM-in 5%-dək artırılması öhdəliyini Haaqada keçiriləcək sammitdə təsdiqləməyi planlaşdırır. Zelenski isə bu tempin qəbuledilməz dərəcədə ləng olduğunu deyib:
"Çünki biz hesab edirik ki, 2030-cu ildən etibarən Putin daha güclü və qabiliyyətli ola bilər. Biz onu hazırda dayandırırıq, çünki onun ordunu hazırlamağa vaxtı yoxdur”, – deyə Zelenski bildirib.
O əlavə edib:
"On il – bu çox uzun zamandır. O vaxta qədər Putinin yeni ordusu olacaq”.
Zelenskinin fikrincə, Putin 5 il və ya daha tez bir müddətdə NATO ölkəsinə hücum edib Alyansın 5-ci maddəsini sınaqdan keçirə bilərmi sualına o, belə cavab verib:
"Bəli, məhz belə düşünürəm”.
Eyni zamanda, Zelenski yaxın bir neçə ay ərzində Putinin NATO ölkəsinə hücuma hazır olmayacağını qeyd edib:
"Xeyr, hesab edirəm ki, o, buna hazır deyil”.
Prezident əlavə edib ki, Putinə istənilən halda müharibədə fasilə, sanksiyaların götürülməsi və yeni hazırlanmış ordu lazımdır.
Sonda Zelenski NATO sammiti çərçivəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, sammit bu həftənin çərşənbə axşamı və çərşənbə günləri Haaqa şəhərində keçirilir.
Alpər
Şərhlər