Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sabah təməli qoyulacaq Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təxminən 110 milyard lirəlik (təxminən 4,6 milyard manat) investisiya dəyərinə malik olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, nazir layihə üçün daha əvvəl 2,4 milyard avro həcmində xarici kreditin təmin edildiyini xatırladaraq, bu xəttin ölkəyə valyuta gəliri gətirəcəyini bildirib.
Uraloğlu Türkiyənin Avrasiyanın logistika mərkəzindəki mövqeyini möhkəmləndirəcək dəmir yolu xəttinin 22 avqust, cümə günü təməl atma mərasimi ilə start götürəcəyini qeyd edib. O, xəttin Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacağına diqqət çəkib.
Nazir layihənin texniki xüsusiyyətləri barədə də məlumat verib. Onun sözlərinə görə, dəmir yolu xətti 224 kilometr uzunluğunda olacaq, ikizolaqlı, elektrikləşdirilmiş və siqnallaşdırma sistemi ilə təchiz ediləcək.
Layihə çərçivəsində illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınması planlaşdırılır. Xəttin inşasında 5 tunel, 19 açıq-qapalı tunel, 3 viyadük, 10 körpü, 144 yerlatı keçid, 27 yürüstü keçid və 480 suötürücü qurğu tikiləcək.
Uraloğlu bu layihənin yalnız yükdaşıma gücü ilə deyil, həm də tikinti keyfiyyəti, tunel və viyadük dizaynı ilə qabaqcıl mühəndislik nümunəsi olacağını vurğulayıb. Xəttin 2029-cu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Aydın
Şərhlər