"Türk dünyasının iki lideri - Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Yalnız iki Türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə həmçinin Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun fikirincə, təməli qoyulan yeni avtomobil yol Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək:
"Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
Deputat hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:
"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
Bahar
Şərhlər