XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Sağlamlıq14:45 04.09.2026

Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?

Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyini və günün hansı saatında qəbul edilməsinin məqsədəuyğun olduğunu izah ediblər.

“Very Well Health” yazır ki, dietoloqlar arasında zülalın səhər, yoxsa axşam qəbul edilməsinin daha yaxşı olması ilə bağlı tez-tez müzakirələr aparılır. Bununla belə, getdikcə daha çox ekspert günə zülallı qida ilə başlamağın faydalı ola biləcəyi qənaətinə gəlir.

Bəzi araşdırmalar göstərir ki, səhər yeməyində zülallı qidaların qəbul edilməsi əzələ gücünü və yağsız bədən kütləsini artıra bilər. Bu vərdiş ikinci tip diabeti olan insanlar üçün də faydalı hesab olunur. İştirakçıların iki qrupa bölündüyü araşdırmada birinci qrup səhər yeməyində zülal, ikinci qrup isə karbohidrat qəbul edib. Nəticədə zülallı qidaya üstünlük verən iştirakçılarda qan şəkərinin səviyyəsi ilə bağlı göstəricilərin yaxşılaşdığı müəyyənləşdirilib.

Ekspertlər həmçinin bildirirlər ki, səhər saatlarında zülal qəbul etmək toxluq hissini uzadır və həzm sisteminə müsbət təsir göstərir. Belə səhər yeməyi edən insan daha uzun müddət aclıq hiss etmir və gün ərzində qəlyanaltıya ehtiyacı azalır.

Ümumilikdə dietoloqlar zülalı gün ərzində bərabər şəkildə qəbul etməyi, yalnız səhər saatlarında çox miqdarda zülallı qida yeməməyi tövsiyə edirlər. Araşdırmalardan biri göstərib ki, səhər, günorta və axşam hər dəfə 30 qram zülal qəbul edildikdə, onun orqanizm tərəfindən mənimsənilməsi günün yalnız müəyyən bir vaxtında qəbul edilməsi ilə müqayisədə daha yaxşı ola bilər.

Bununla belə, mütəxəssislər zülalın axşam qəbul edilməsinin də müəyyən üstünlüklərinin ola biləcəyini qeyd edirlər. Onların fikrincə, müxtəlif elmi məlumatlara baxmayaraq, zülallı qidaların qəbulu üçün universal olaraq “ideal” vaxt yoxdur.

Mütəxəssislər insanlara özlərini necə hiss etdiklərini və gündəlik həyat rejimini nəzərə almağı, zülalı özləri üçün daha əlverişli olan vaxtda qəbul etməyi tövsiyə edirlər.

Zülalın miqdarına gəldikdə isə, bu göstərici fərdi xarakter daşıyır. Gündəlik zülal ehtiyacı yaş, cins, çəki və bir sıra digər amillərdən asılıdır. 19 yaşdan yuxarı sağlam yetkin insan üçün tövsiyə olunan gündəlik zülal norması bədən çəkisinin hər kiloqramına 0,8 qram təşkil edir.

Aydın