Xəbər lenti

Özümüzdən başlamalı ikən...
Hüseynbala Səlimov
Ölkə 12:38 17.04.2018

Özümüzdən başlamalı ikən...

Hüseynbala Səlimov

Beynəlxalq siyasətdən və ya geopolitikadan yazarkən mənə hakim kəsilən təmkini, soyuqqanlığı ölkə içindən yazarkən saxlaya bilmirəm və sətirlərə nə qədər rəsmiyyət qatsam da, hətta dəftərxana dilinə yaxın dildə yazmağa cəhd etsəm də, bir də görürəm ki, kövrək alınıbdır, sanki sətirlərin özünü də qəhər boğub... 

Hətta arabir düşünürəm ki, bizim "şair xalqa” çevrilməyimiz, muğamlarımızdakı, musiqimizdəki yanğı da elə-belə deyil, bu torpaqda bir az o tərəf - bu tərəfə boylanandan sonra o saat könlündən bir bayatı qoşmaq, yaxud da bir muğam parçası zümzümə etmək keçir...

Qərəz, növbəti yazıya da belə ovqatda başladım. Nə isə. Yormayacam sizi. Keçirəm mətləbə. Doğrusu, "Azərbaycan televiziyalarına baxmıram” deyən kəslərə əməlli-başlı qibtə edirəm. 

Amma özümlə bacarmıram. Özü də bu, təkcə adi bir jurnalist marağından, ölkədə baş verən hadisələrin kursunda olmaq istəyindən irəli gəlmir, hərçənd ki, cəmi siyasi yazarlar kimi mən də ən azı rəsmi xronikanı bilməliyəm.

Məni telekanallarımıza baxmağa vadar edən əsas səbəb odur ki, Azərbaycanda yaşayıram, azərbaycanlıyam və buradan başqa bir yerlərə köçmək fikrim də yoxdur, ona görə də Azərbaycanla bağlı hər şey mənə maraqlı görünür.

Həm də insanlar özləri dəyişmək istəməyəndə zaman onları elə dəyişdirir ki, heç xəbərləri də olmur. Ona görə də hər şeydə bir dəyişiklik həsrətindəyəm, hər şeydə yenilik intizarındayam. Nə edim axı? Hərə bir şeyin tamarzısı olduğu kimi, mən də yeniliyin və təzəliyin tamarzısıyam.  

Düzdür, Cəfər Cabbarlı kimi də durub "Həyatda inqilab! Məişətdə inqilab!” demirəm, fəqət, yalnız şərqlilərin anlayacağı bir yekənəsəqlik boğur məni, elə bilirəm, nəhayətsiz qumluq səhradır buralar və mən də bir karvanın sarvanıyam... 

Hey, gedirəm, ucu-bucağı, sonu görünmür qumluq səhranın, hər dəfə uzaqdan küləyin yaratdığı növbəti qum təpəsini görəndə bundan o yana həyatın başlandığını zənn edirəm. Amma əfsus ki...    

Nə isə, qayıdaq mətləbə-televiziyalarımıza. Bəli, günortayadək yeməkdən, günortadan sonra isə xəstəliklərdən danışırlar. Hətta bunu da qiymətləndirmək, yenilik kimi qəbul edə bilərəm – necə olmasa da,  mətbəx verilişlərini hazırlamağı deyəsən, öyrənmişik. 

Fəqət, sözüm bunda da deyil. Əslində nə televiziylarımızı təhlil etmək fikrim var, nə də yeni veriliş, yeni format təklif etmək istəyim. 

Sadəcə, ara-sıra təbabətdən danışan həkimlərimizə - uzmanlarımıza  qulaq verəndə görürəm ki, irsi xəstəliklərdən də söz açırlar. 

Hər dəfə də bunları eşidəndə ağlıma gəlir ki, bir xəstəlik də var ki, nəsillərdən nəsillərə keçir. Amma gəl, ondan danışmırlar, kimsə bunun fərqində deyil. Bu xəstəliyin adı isə qorxudur...

Kim desə ki, onda bunun simptomları yoxdur, qəti inanmayın ona. Hamımız onun daşıyıcılarıyıq və özümüzdən əvvəlki nəsillərdən necə almışdıqsa, eyni səliqə ilə uşaqlarımıza, şagirdlərimizə və tələbələrimizə ötürürük...

Özü də mənə elə gəlir ki, bu xəstəlik 37-dən başladı. Hərçənd, artıq bunadək Çexov "6 nömrəli palata”nı və ən əsası da "Məmurun ölümü” hekayəsini yazmışdı. Fəqət, məhz 37 –ci il həlledici dönəm oldu-bundan sonra elə hadisələr baş verməyə başladı ki, adam hələ də faşizmin necə və harada yaranması haqqında düşünməyə başlayanda çaş-baş qalır.

Bir sözü qoyub, o birisinə keçmək olsa da, bir sənədli film vardı və mən ona tələbəlik vaxtı Moskvada baxmışdım. Adı da "Adi faşizm” idi. Həmin filmi ilk dəfə görəndə ağlımdan keçən ilk fikir o, oldu ki, əcaba, bu ki, lap Sovet İttifaqı haqqındadır!..

Sözüm bunda da deyildir. Bilirəm, qeyzlənəcəksiniz ki: ”Əşi, bunda deyil, onda deyil, bəs nədədir? Sözünün canını de də!..”... 

Qərəz, sözümün canı ondadır ki, yaxın günlərin söhbətidir, növbəti yazını cızma– qaralayandan sonra köhnəcə divanıma uzanıb özüm üçün düşünürdüm ki, görən, biz niyə beləyik? 

Əslində sualın cavabı budur ki, ona görə beləyik ki, məmləkətdə hələ heç kim "Mən niyə beləyəm?” deyə soruşmur, hamı sual edir ki, axı biz niyə beləyik? Hamı qəti əmindir ki, bütün cəmiyyət elə onun kimidir və o, da yalnız o halda dəyişə bilər ki, cümlə cəmiyyət dəyişmiş olsun... 
Halbuki ən düzgün yol bu olardı ki, hamı öncə özündən başlasın, "qaragül” papağını qarşısına qoyub özündən "Mən niyə beləyəm? Niyə qorxağam, niyə rüşvətxoram, niyə yalançıyam?” – deyə soruşsun...

Amma bir daha deyirəm ki, biz özümüzdən çox "millət dərdi çəkən” kişilərik. Ona görə də "hamının dərdi” bizim üçün daha önəmlidir, əsrlər boyu bu dərdi çəkə - çəkə qocalırıq, dünyamızı dəyişirik. Bizdən sonra gələnlər də eynilə bizim kimi bu dərdi çəkməkdən üzülüb əldən düşürlər və bir gün də "nəsillərin amanatını”- "millət dərdi”ni  özündən gənclərə ötürüb yanımıza gəlirlər...

Nə başınızı ağrıdım, mən də sizin kimi divanımda uzanıb "millət dərdi” çəkəndə yadıma "homo soveticus” ifadəsi düşdü. Ağlıma gəldi ki, biz ona görə beləyik ki, tariximizdə 37 - ci il olub, ona görə beləyik ki, biz də onlardan- həmin "homo soveticus”lardanıq.

Deyim ki, bu homo soveticus ifadəsinin də çox böyük tarixi var. Amma onu dəbə mindirən filosof A.Zinovyev oldu. Daha sonra, artıq sovetlərin çökmə vaxtında sosioloq Y.Levada bunun sosial portretinin cizgilərini müəyyənləşdirməyə cəhd etdi. Bir neçə meyar müəyyənləşdi, fəqət, ən çox yadımda qalan, bilirsinizmi, nə oldu? 

Bu sosial tip ən mənəvviyyatsız qərarları belə həyata keçirməyə hazırdır! Levada daha sonra yazırdı ki, çoxu düşünür ki, homo soveticus tipi sovetlərlə birgə qeyb oldu, amma belə deyil, onlar hələ də qalıblar... 

Bunları xatırlayandan sonra azca  yüngülləşdim, çünki "Mən niyə beləyəm?” sualına olmasa da, "Biz niyə beləyik?” sualına tutarlı cavab tapmışdım: ona görə beləyik ki, 37 olub, on illərlə bizdən yeni insan tipi yaratmağa çalışıblar və s. və i... 

Ona görə də başqa cür bacarmırıq. Ürəyimiz doğru söz demək istəyirkən, dilimiz buna imkan vermir – yalanı dəyirman kimi üyüdüb tökürük. Heç xəbərimiz də olmur ki, müdirimizi görürkən belimiz nə vaxt ikiqat olur... 

Özümüz də anlamırıq ki, niyə axı "Baş üstə!”-dən savayı, tərifdən başqa şey bilmirik?..

Amma mən bilirəm. Ona görə ki, 37 oldu. Əyilməyənlər, düz söz deyənlər, hakimiyyətin və müdirin qarşısında quyruq bulamayanlar öldürüldü. Qalanlar isə sındılar. Özü də elə sındılar ki, heç bir sınıqçı onlara çarə qıla bilmədi. Bütün bunları düşünə-düşünə bir də gördüm ki, SINIQ sözündə saitləri atandan sonra SNQ alınır, yəni Sodrujestvo Nezavisimıx Qosudarstv – bəli, bizim dildə desək, MDB...

Bu kəşfimdən az qaldı ki, ağlım çaşa, yox, Arximed kimi "Evrika!” qışqırmadım, amma daha divanımda da uzanıb qala bilmədim. Əşi, necə olub ki, əvvəl bunu görməmişəm? Bəli, SNQ – SINIQ insanların diyarı... 

Məhz ona görə də əyri bitdik. Bu, azmış kimi, ölkə də küləklidir, hətta baş kəndinə "Küləkli şəhər” deyirlər. Küləkdə isə ağaclar daha da əyilir, daha da əyri bitir...

İstədim, bir özümü şəhərə-bayıra atım, tapıntımı onun-bununla bölüşüm. Amma tez də fikirləşdim ki, nəyimə lazımdı? Axı mən NEYTRAL adamam, heç kimə və heç nəyə qarışmıram. Amma dərhal də xatırladım ki, məndən nəyəsə qarışmağı, nəsə deməyi xahiş edən də yoxdur axı...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->