Xəbər lenti

BMT iclasından sonra geosiyasi risklər və bazar gözləntiləri
Əli Qədimov
Siyasət 11:33 29.09.2025

BMT iclasından sonra geosiyasi risklər və bazar gözləntiləri

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyası diplomatik gərginliklər və maliyyə bazarlarının diqqətini çəkən siyasi çıxışlarla yadda qaldı. Dünyanın müxtəlif ölkələrinin liderləri Nyu-Yorkda bir araya gələrək münaqişələr, nüvə proqramları və qlobal ticarət riskləri barədə mövqelərini açıqladılar. Bu görüşlər bir daha göstərdi ki, geosiyasi proseslər yalnız diplomatiyanın deyil, eyni zamanda maliyyə bazarlarında qiymət gözləntilərini formalaşdıran əsas amillərdəndir. Enerji təchizatındakı qeyri-müəyyənlik, kapital axınlarının istiqamətində dəyişikliklər və valyuta sabitliyinə təsir edən qərarlar qlobal iqtisadi sistem üçün ciddi risk yaradır.

Sessiya ərəfəsində, 18 sentyabrda BMT Təhlükəsizlik Şurasında Qəzzadə dərhal, şərtsiz və daimi atəşkəsə çağıran qətnamə səsverməyə çıxarıldı. Qətnamə 14 üzvün dəstəyini qazansa da, ABŞ-ın veto qərarı onun qəbuluna mane oldu. Vaşinqton nümayəndələri bəyan etdilər ki, müharibəni başlayan tərəf HƏMAS olub və İsrail təqdim edilən şərtləri qəbul edib. Bu, ABŞ-ın münaqişə ilə bağlı verdiyi artıq altıncı veto qərarı idi. Bu addım Qəzzadə humanitar böhranı dərinləşdirərək ABŞ ilə ərəb ölkələri arasında diplomatik gərginliyi artırdı.

Baş Assambleyada çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu Qərb dövlətlərini – xüsusilə Fransa, Britaniya, Avstraliya və Kanadanı – Fələstin dövlətini tanıdıqları üçün sərt şəkildə tənqid etdi. Onun sözlərinə görə, belə bir tanınma "yəhudilərin qırğınını mükafatlandırmaq” kimi qəbul oluna bilər. Netanyahu HƏMAS tamamilə aradan qaldırılana qədər müharibəni dayandırmayacağını bəyan etdi. Çıxış zamanı onlarca nümayəndə zalı tərk etdi, BMT binasının qarşısında isə minlərlə insan Fələstinlə həmrəylik nümayiş etdirdi.

Qərb paytaxtlarında Fələstin dövlətinin tanınması və İsrail siyasətinə yönələn kəskin tənqidlər daxildə siyasi parçalanmaları dərinləşdirərkən, investorlar enerji təchizatında risklərin artmasından ehtiyatlanırlar. İsrail və HƏMAS neft istehsalçısı olmasa da, münaqişənin Livan və İrana yayılması Hörmüz boğazı vasitəsilə dünya bazarına daşınan neft və qaz marşrutlarını təhlükə altına sala bilər. Bu səbəbdən risk kompensasiyası yüksək olaraq qalır, qızıl və ABŞ dollarına tələbat artır.

Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Rusiya və Çinin BMT sanksiyalarının bərpasını altı ay ləngitmək təşəbbüsü yalnız dörd səs topladı və nəticəsiz qaldı. Avropa üçlüyü – Britaniya, Fransa və Almaniya – İranın uran zənginləşdirmə limitlərini pozduğunu əsas gətirərək "snapback” mexanizmini işə saldı. Nəticədə, oktyabrın əvvəlində silah embarqosu və digər sanksiyaların yenidən qüvvəyə minməsi gözlənilirdi. Britaniya nümayəndəsi isə diplomatik çıxış yolunun qalmadığını, Tehranın razılaşma şərtlərinə əməl etmədiyini vurğuladı.

İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edərək bildirdi ki, əgər sanksiyalar bərpa olunarsa, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanmış əlavə monitorinq razılaşmasını ləğv edəcək. Avropalılar isə bu razılaşmanın altı aylıq uzadılması müqabilində zənginləşdirilmiş uran ehtiyatlarının azaldılmasını təklif etsələr də, tərəflər razılığa gələ bilmədilər. Sanksiyaların yenidən qüvvəyə minməsi İranın neft ixracını məhdudlaşdıraraq bazarda təklifi azalda və qiymətlərin artmasına səbəb ola bilər. Bununla belə, İran prezidenti BMT tribunasından çıxışında ölkəsinin nüvə silahı hazırlamaq niyyətində olmadığını və Çinlə neft ticarətini davam etdirəcəyini açıqladı. Bu ziddiyyətli mövqelər neft bazarında qeyri-müəyyənliyi daha da gücləndirdi.

Baş Assambleyada çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanın müharibəni Ukraynanın hüdudlarından kənara yaymağı planlaşdırdığını bildirdi. O, həmçinin pilotsuz uçuş aparatları və süni intellekt sahəsindəki sürətli inkişafın yeni bir silah yarışını alovlandırdığını vurğuladı. Zelenski yüksək dəqiqlikli dronların nüvə başlığı daşıya bilmə ehtimalını qeyd edərək, Ukraynanın müttəfiqlərə sınanmış silah sistemlərini ixrac etməyə hazır olduğunu bəyan etdi. Onun xəbərdarlıqları Avropada müdafiə xərclərinin artması və inflyasiya təzyiqlərinin güclənməsi riskini gündəmə gətirdi.

Münaqişənin uzanması və Moskvanın iqtisadi resurslarını hərbi xərclərə yönəltməsi həm enerji, həm də taxıl təchizatında qeyri-müəyyənlik yaradır. Ukrayna dronlarının Rusiya infrastrukturuna hücumları dəfələrlə Novorossiysk limanında fövqəladə vəziyyətin elan olunmasına və logistika gecikmələrinə səbəb olub. Bu hücumlar qlobal neft və taxıl qiymətlərində dalğalanmalar doğurur, investorlar isə riskdən yayınaraq qızıla və ABŞ xəzinə istiqrazlarına üstünlük verirlər.

Geosiyasi risklərin artdığı bir vaxtda neft bazarında təklif kəsiri reallığa çevrilib. Reuters-in məlumatına görə, 24 sentyabrda ABŞ Energetika İnformasiya İdarəsi xam neft ehtiyatlarında gözlənilməz azalma qeydə aldı. İraq, Venesuela və Rusiyada ixrac problemləri ilə birlikdə bu amil neftin qiymətini 3% artıraraq son yeddi həftənin ən yüksək həddinə çatdırdı. Brent markalı neftin barreli 69,31, WTI isə 64,99 dollara yüksəldi. Analitiklər ehtiyatlarda artım gözləsələr də, əksinə baş verən azalma bazarı təəccübləndirdi. Paralel olaraq Ukraynanın dron hücumları Rusiyanın iki nasos stansiyasını sıradan çıxardı və Novorossiysk limanında fövqəladə vəziyyət elan edildi ki, bu da təchizat risklərini daha da gücləndirdi.
OPEC+ pandemiya dövründə tətbiq etdiyi könüllü kəsintiləri tədricən aradan qaldırsa da, faktiki hasilat hədəfləri qarşılana bilmir. İraq Kürdüstandakı logistika problemləri, Venesuelada lisenziya məhdudiyyətləri və Rusiyada daxili yanacaq çatışmazlığı gündəlik təklifi aşağı səviyyədə saxlayır. İran sanksiyalarının yenidən qüvvəyə minməsi ehtimalı isə əlavə qeyri-müəyyənlik yaradır. Bu səbəbdən investorlar yaxın perspektivdə "təklif riskinin” davam edəcəyini və qiymətlərin 70 dolların üzərində qalacağını proqnozlaşdırırlar.

BMT sessiyası ərəfəsində ABŞ Federal Ehtiyat Sistemi (Fed) ilin ilk faiz endirimini elan etdi, lakin əlavə addımların ehtiyatla atılacağını bildirdi. Reuters-in məlumatına görə, 22 sentyabrda MSCI dünya səhm indeksi yeni rekorda yüksəldi, dollar indeksi isə 0,4% azalaraq 97,33 səviyyəsinə endi. Avro və İsveçrə frankı qarşısında dolların ucuzlaşması, Fed-in qarışıq mesajları və geosiyasi qeyri-müəyyənliklər qızılın qiymətini rekord 3 746 dollara qaldırdı. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi isə nisbətən stabil qaldı, lakin investorlar Fed-in növbəti addımlarına və inflyasiya göstəricilərinə həssaslıqla yanaşırlar.

Bununla belə, 19 sentyabrda dollar indeksində əks tendensiya müşahidə edildi: DXY 0,3% bahalaşdı. Bazar strateqləri bunu Fed-in qərarından sonra qısa müddətli məzənnə düzəlişi kimi qiymətləndirdilər. FED-in proqnoz qrafiki iki əlavə faiz endirimini nəzərdə tutsa da, sərt makroiqtisadi göstəricilər dolların daha da güclənməsinə yol aça bilər. Eyni zamanda, Böyük Britaniyanın maliyyə borcları ilə bağlı narahatlıqlar fonunda funt sterlinq 0,6% ucuzlaşdı, Yaponiya Bankında isə iki üzvün fərqli mövqeyi yenin möhkəmlənməsinə səbəb oldu. Bu dəyişkənliklər valyuta bazarlarında risk iştahının birbaşa geosiyasi gündəliklə bağlı olduğunu göstərir.

Geosiyasi fırtınalara baxmayaraq, bazarlar əsasən müsbət istiqamətdə hərəkət etdi. ABŞ texnologiya nəhənglərinin güclü nəticələri və Nvidia-nın böyük investisiya planları Wall Street indekslərini yeni zirvələrə yüksəltdi. Lakin analitiklər bu artımın "çox dar liderliklə” məhdudlaşdığını və hər hansı mənfi xəbərin koreksiyaya səbəb ola biləcəyini vurğuladılar. Qızılın rekorda qalxması və dolların dalğalanması isə portfellərin diversifikasiyasını vacib edir. Kriptovalyuta bazarında isə risk iştahının zəifləməsi Bitcoin-in 2,77% ucuzlaşmasına gətirib çıxardı.

Bazar iştirakçıları mövcud riskləri iki əsas ssenari ilə qiymətləndirirlər. "Risk on” ssenarisində İsrail və HƏMAS arasında humanitar atəşkəs əldə olunur, Qəzzəyə yardım maneəsiz çatdırılır, müharibənin Livan və İrana yayılmasının qarşısı alınır. Təhlükəsizlik Şurası İranla bağlı yeni razılaşma əldə edir və sanksiyaların təxirə salınması ilə Tehran neft ixracını artırır. ABŞ iqtisadiyyatında inflyasiya azalır və Fed daha sürətli faiz endirimlərinə gedir. Bu halda neft qiymətləri 60–65 dollar aralığına enə, dollar zəifləyə və inkişaf etməkdə olan bazar aktivləri dəyər qazana bilər.

"Risk off” ssenarisində isə Qəzza müharibəsi regiona yayılır, İrana qarşı sanksiyalar tətbiq edilir, Tehran Hörmüz boğazında tədarükü məhdudlaşdırmaqla hədələyir və Ukrayna–Rusiya münaqişəsi enerji infrastrukturuna hücumlarla intensivləşir. Bu halda neft qiymətləri 75–80 dollar aralığına yüksələ, investorlar qızıl və ABŞ xəzinə istiqrazlarına üz tuta, dollar möhkəmlənə və inkişaf etməkdə olan ölkələrin valyutaları təzyiq altına düşə bilər. FED-in inflyasiya təzyiqlərindən ehtiyatlanaraq faiz endirimlərini ləngitməsi də bu ssenarini gücləndirə bilər.

Azərbaycan regiondakı geosiyasi hadisələrdən birbaşa təsirlənən enerji ixracatçısıdır. Neft və qaz qiymətlərinin 60–70 dollar civarında qalması dövlət büdcəsi və valyuta ehtiyatları üçün nisbətən rahatlıq yaratsa da, təklif kəsirləri fonunda qiymətlərin kəskin artması orta və uzunmüddətli planlaşdırmanı çətinləşdirir. Fələstin dövlətinin tanınması məsələsində Qərblə İsrail arasında yaranan diplomatik gərginlik Bakının xarici siyasət balansını daha da incə tənzimləməyi tələb edir. Azərbaycan bir tərəfdən İsrail ilə strateji tərəfdaşdır, digər tərəfdən isə İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Fələstin məsələsində həssas mövqedədir. Bu balans enerji və müdafiə sahəsində əməkdaşlıqların davamlılığı baxımından həyati əhəmiyyət daşıyır. 

Valyuta siyasəti baxımından, manat uzun müddətdir ABŞ dollarına sabit məzənnə (peg) rejimində qorunur. Fed-in faiz endirimləri və dolların zəifləməsi ehtimalı manatın idarə olunmasında çevik yanaşmanı zəruri edə bilər. Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları və Dövlət Neft Fondunun resursları manatın sabitliyini təmin etsə də, geosiyasi şoklar fonunda portfellərin diversifikasiyası və fiskal ehtiyatların artırılması xüsusi önəm kəsb edir. Riskli ssenarilərin reallaşması halında hökumət maliyyə xərclərini optimallaşdırmalı və qeyri-enerji sektorlarının inkişafını daha da sürətləndirməlidir.

Beləliklə, BMT Baş Assambleyasının 80-ci sessiyası göstərdi ki, 2025-ci ilin payızında geosiyasi hadisələr bazar gözləntilərinə dərhal təsir göstərə bilir. ABŞ-ın Qəzzə üzrə vetosu və Netanyahunun kəskin çıxışları Yaxın Şərqdə riskləri artırdı; Zelenskinin xəbərdarlıqları Avropanın müdafiə gündəliyini formalaşdırdı; İran sanksiyalarının bərpası isə enerji bazarında qeyri-müəyyənliyi gücləndirdi. Bütün bunlar fonunda FED-in ehtiyatlı siyasəti və dolların dəyişkənliyi investorları qızıl, ABŞ xəzinə istiqrazları və digər hedc alətlərinə yönəlməyə vadar etdi.

Nəticə etibarilə, gərginliklərin azaldığı ssenari bazarların rahatlamasına, riskli aktivlərin canlanmasına və neft qiymətlərinin enməsinə səbəb ola bilər. Əks halda, münaqişələrin genişlənməsi və sanksiyaların sərtləşməsi enerji qiymətlərini, dolları və qızılın dəyərini yüksəldərək inkişaf etməkdə olan ölkələr üçün ciddi təzyiq yaradacaq. Azərbaycanın və digər enerji ixracatçılarının makroiqtisadi sabitliyi üçün ehtiyatlı idarəetmə və balanslı diplomatiya əvvəlkindən daha vacib görünür.

Əli Qədimov, 
Hüquqşünas, müstəqil tədqiqatçı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->