Xəbər lenti

COP29 - Yaşıl enerjiyə keçid, ekoloji duyarlılıq, Azərbaycanın tanıtımı
Ekonomiks 14:54 20.04.2024

COP29 - Yaşıl enerjiyə keçid, ekoloji duyarlılıq, Azərbaycanın tanıtımı

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)

COP29 bu il Azərbaycanda keçiriləcək. Bu konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. 

COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İki həftə COP29-a ev sahibliyi edəcək Bakı dünyanın mərkəzi olacaq. Tədbirə isə təqribən 70-80 min xarici qonağın qatılacağı gözlənilir. 

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. 

COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. 

Xatırladaq ki, ötən ilki konfranns zamanı COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Lakin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürür. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb. 

Azərbaycanın yaşıl enerjiyə qoyduğu yatırımlar, ölkədə bu sahədə görülən işlər hər il daha da çoxalmaqdadır. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. İlham Əliyevin digər sərəncamı ilə isə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Qaynarinfo COP29-un məram və məqsədlərini, Azərbaycanın bu tədbirə ev sahibliyi, çevrənin ekoloji duyarlılığının artırılması ilə bağlı məsələləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli ilə müzakirə edib.



- Qorxmaz bəy, COP29-un Azərbaycan keçirilməsini necə qiymətləndirirsiniz? Bu tədbirin Azərbaycanda keçirilməsinin ictimai və siyasi yükü nədən ibarətdir?

- Belə bir layihənin Azərbaycanda gerçəkləşməsi bizim üçün uğurlu addımdır. Bildiyimiz kimi, Azərbaycan karbohidrogen yataqları ilə zəngin ölkədir. 200 ildən artıqdır ki, Azərbaycanın neft-qaz ehtiyatları istismar olunur. Xüsusi ilə 21-ci əsrin 10-cu ilindən sonra Azərbaycan yaşıl enerjiyə ciddi yatırım eləməyə başladı. İndi də həmin yaşıl enerjiyə etdiyimiz yatırımın bəhrəsini görməkdəyik. Külək, günəş enerjisindən istifadə, işğaldan azad olunmuş ərazilərimizdə olan dağ çaylarımızdan ekologiyaya zərər vurmadan elektrik enerjisi almaqla, bu işləri görməklə Azərbaycanda enerji ehtiyatı yaratmaq və bunun gələcəkdə ixracatına başlamaq çox yaxşı xüssusiyyətdir. Eyni zamanda, Azərbaycanda çevrənin çirkliliyinə qarşı duyarlılığı artırmaq üçün bu konfransın vətəndaşlarımıza böyük təsiri olacaq. Xüsusən, Bakı şəhərində benzinli, dizel yanacağından istifadə olunan nəqliyyat vasitələri arxa plana keçməli və ya sıradan çıxmalıdır. Bunun üçün işlər görülür, Bakı şəhərinə velosiped yolları salınır. Bu baxımdan, COP29-un çox böyük əhəmiyyəti var. COP29 təkcə Azərbaycanın deyil, bütün dünyanın qlobal problemləri, qlobal iqlim dəyişiklikləri ilə bağlı yaradılmış konfransın tərkib hissəsində keçirilir. Mən hər zaman deyirəm ki, COP29-da böyük sənaye dövlətlərinə, inkişaf etmiş dövlətlərə dərs verməlidir. Onlardan bir çox məsələlərin həlli tələb olunmalıdr. Xüsusən, onlardan çevrəyə vurduğu ekoloji zərbələrin, kirliliyin qarşısı alınmasında addımlar atılması tələb olunmalıdır. 

- Dediniz ki, bu tədbir çərçivəsində inkişaf etmiş, sənayesi güclü ölkələrdən həm də çevrəyə duyarlılıq tələb olunmalıdır... 

- …Bəli, inkişaf etməkdə olan ölkələr, Afrikada, Asiya, Amerikadakı bəzi ölkələr bu gün yeni texnologiyalardan istifadə etməlidir. Bunun üçün də çevrəyə böyük zərər vermiş ABŞ, Çin, Almaniya kimi böyük dövlətlər yeni texnologiyalara yatırım, belə ölkələrə yardımlar etməlidir. Azərbaycanın isə bu gün yardıma ehtiyacı olmasa da, həmin inkişaf etməkdə olan ölkələrə yardım təşəbbüsü ilə çıxış edir. Bunun özü də ölkəmiz üçün çox müsbət bir haldır. 

- Bu konfrans Azərbaycanın həm də yaşıl enerji mənbələrinin tanıdılmasında, bu mənbələrə yatırımın artırılmasında yeni bir yol aça biləcəkmi?

- Şübhəsiz. Azərbaycan həm yaşıl enerjiyə yatırımını dünyaya tanıdacaq, həm də ölkəmizdə bu konfransın keçirilməsi ölkəmizin özünün piarı olacaq. Azərbaycanda ən son 2014-cü ildə keçirilən beynəlxalq tədbir olan Avropa Oyunlarında 8000 adam iştirak edib. Bundan sonra ölkəmizdə belə böyük tədbir keçirilməyib. İndi isə 70-100 min arası xarici qonaq ölkəmizə gələcək, bu isə elə həm də ölkəmiz üçün bir piar deməkdir. Bu da Azərbaycanın yaşıl enerjiyə yatırımını bu insanlara təbliğ eləməklə çox böyük addım atacaq. 

- Söylədiniz ki, bu tədbir həm də çevrə və ekloji probelmlərə vətəndaşların duyarlılığını artıracaq. Hansı ekoloji problemlərə vətəndaşların duyarlılığı daha vacibdir ki, onlar həmin məsələlərə daha çox diqqət etməlidir. Hansı ekoloji problemlərimiz həll olunmalıdır? 

- Bu tədbirin Bakıda keçirilməsi vətəndaşlarımızda adıçəkilən problemlərə qarşı müsbət addımların atılmasına təsir edəcək. Hər zaman deyirəm ki, 3 yaşdan başlayaraq ibtidai təhsil haqqında qanun qəbul edilməlidir. Bu qanunun tərkib hissəsi ekologiya, çevrə duyarlılığı olmalıdır. Amma biz bundan nəticə çıxararaq, gələcəkdə dərsliklərimizdə, uşaq baxçağalınrda ilk maarifləndirmə işləri aparılmalıyıq. İlk olaraq küçələri təmizləməklə başlamalıyıq. Bəzi insanlar hələ də küçələrdə qeyri-etik davranışlar edir, zibillərini küçəyə atır, küçələri təmizləyən insanlara hörmət etmir, bəzi insanlar hətta evlərinin pəncərəsindən belə zibi rahatlılqla küçəyə atır. 

Digər bir məqam ondan ibarətdir ki, Xəzər dənizi çox çirklənir, insanlar öz zibillərini elə çimərliklərə atıb gedir. Mən şəxsən özüm bir zibil toplayan insan kimi, xüsusi ilə çimərlik mövsümündə təşəbbüs göstərərək könüllülərlə bərabər çimərliklərimizidə zibil toplamaqla məğul oluram. Hətta dənizin içərisindən də zibil yığıram. Bütün bu problemləri toparlayaraq demək istəyirəm ki, insanların təbiətə vurduğu ziyan, çevrəyə atdığı plastik qablar, dənizə atdığı tullantılar, sənaye müəssisələrinin havaya buraxdığı tullantılar və s. məsələlər ilə bağlı hesab edirəm ki, COP29 çərçivəsində keçirilən 2 konfransdan sonra müəyyən dəyişikliklər olacaq. Tədbir könüllülüyün artmasına təsir edəcək. Çünki bu məsələdə könüllülərin artamasına ehtiyac var. Məktəblilər, tələbələr, gənclər könüllü olaraq çevrə təmizliyində yaxından iştirak edəcək və bu da zənnimcə, Bakı və bölgələrimzidə ekologiyanın təmizliyinə təsir edəcək. Bakı və Abşeron yarmadasında yaşıllıq ərazilərimzi kifayət qədər deyil, amma regionlarda, dağ və dağ ətəyi ərazilərdə az da olsa meşələrimiz qalıb. Meşələrin genişləndirilməsi, süni də olsa salınmış meşəlik sahəsinin mikro iqlim yaratdığını dərk edib bu sahəyə daha da diqqət artırcağıq. Bu da bizim bir mədəniyyətimiz olacaq.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->