Təsəsvvür edin, on səkkiz yaşım var, 1986-cı ilin soyuq dekabr ayıdır, Elbrus yüksəkliyinin ətəyindəki hərbi hissədə gözlərimi rusca bağıran "starşina"nın "Podyom, rota!" əmrinə açıram... Yuxuda Mingəçevir yaxınlığındakı evimizin üzüm talvarından sallanan salxımaları görürdüm. Soyuğun, ayazın qarşısını almaq üçün dəlmə-deşiklərinə pambıq tıxanmış yöntəmsiz kazarma pəncərəsinin qarşısında qar və çovğundur: bir sözlə, yel vurur, yengələr oynayır. Atamın sözlərini xatırlayıram:
- Gedib rusa qulluq etməkdənsə, nənənin yanında qal...
Nənə keçmişdə qaldı, "yeni dünya"ları kəşf etmək üçün buralaradək qaçıb gəlmişəm, sovet ordusunun əsgəriyəm! Ordudan yayınan bəzi dostlarımdan fərqli olaraq, "komisovat" təklifindən imtina etmiş, qürurumu üstün tutmuşam. Həmin səhərdən başlayaraq əsl həyatın ağrı-acısı, isti-soyuğu hələ də məni müşayət edir. Görməyənlər üçün olsun!
İki il sonra, 1988-ci ilin noyabrında, uzun bığlı, "qarmoşka" çəkməli, sovet ordusunun "stroevoy" serjantı, mən, gənc oğlan, Bakı dəmiryol vağzalında Krasnodar-Bakı qatarından düşərək dərindən nəfəs almağa macal tapmamış, üstümdəki hərbi bər-bəzəyə, nişan və medallara əl atan bir qocanın kinayəsi ilə qarşılaşıram:
- Çıxart bu zir-zibilləri, Meydan tərəfə də getmə, oda atacaqlar.
Lakin mən Meydana getməkdən çəkinmirəm. Və yaxşı ki, qocanın sözünə baxmadım, az qala hərbi formamı çıxarıb oda atacaqdılar. Beləcə, "yeni dünya"nın alovu üzümə dəydi. Sonradan başımıza gələcəklər də öz yerində, gəldi. Heç ikicə il keçməmiş, Meydandakı məşhur dil qəhrəmanlarından biri əsl kişiləri döyüşə çağırdı. Xub, mən də getmədim fikirləşməyə, getdim, cəbhəyə.
26 iyun Azərbaycan Respublikası Silahlı qüvvələri Günüdür. Sovet dövründə ordu günü kimi, 23 fevralı qeyd edir, "kişilər günü", "kişi bayramı" deyirdilər. Mən Ordumuz üçün oğul fəda verən anaların qarşısında baş əyirəm, onlara demək istəyirəm ki, bir əsgər də Sizsiniz. Hə, gərək, Ordumuz təkcə kişilərin xidmət etdiyi yer olmasın, aslanın erkəyi-dişisi olmaz örnəyi ilə yanaşmalı olsaq, daha səlis cəmiyyət qura bilərik. Kim orduya getmək istəyənə desə ki, Kitab, Mədəniyyət, Ədəbiyyat, Mənəviyyat daha üstündür, inanmasın, bundan əvvəl də, bundan sonra da hər şeyi nizamlı ordu həll edib, edəcək. Əks təqdirdə siz də mənim kimi meydanlardakı dil qəhrəmanlarının sonrakı aqibətini görüb acı çəkəcəksiniz. Allah göstərməsin!
Hə, onu da deyim, yadımdan çıxmasın, əldəqayırma filologiya və ya fəlsəfə doktoru olub fəxr etməkdənsə, peşə məktəbinin xarratlıq vəsiqəsi ilə şəkil çəkdirib FB-da paylaşsanız Ordumuzun quruculuğuna daha çox töhfə vermiş olarsınız. "Raketlər toqquşub iş görən zaman"da mülki müdafiə, kütləvi qırğın silahlarından qorunma üzrə ixtisaslaşma, texniki fənlər üzrə təhsil də pis olmazdı. Şeir isə hər zaman yazıla bilər. Yoxsa, bir şair dostumun vəziyyətinə düşəcəksiz. Alovlu şəkildə Turan Birliyindən danışırdı, ona qəfil sual verdim:
- Sən Birinci Qarabağ müharibəsində harada idin?
- Mənn... bilirsən...
- Bilmirəm. Mən səni yanımda görmədim...
Ordu Günümüz mübarək!
Məqsəd Nur
Şərhlər