Xəbər lenti

Qocalan əhali, yoxa çıxan ailə modeli - Ekspert həyacan təbili çalır
Ölkə 21:04 02.11.2022

Qocalan əhali, yoxa çıxan ailə modeli - Ekspert həyacan təbili çalır

Əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm statistika açıqlanıb. Məlum olub ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 1,6% azalma, 60 yaş üzərində əhalinin sayında 65% artım qeydə alınıb. 

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev yazıb. Onun fikrincə, əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır: "Yeri gəlmişkən, BMT-nin proqnozlarına görə, 2050-ci ilədək bir sıra inkişaf etmiş ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50%-i ötəcək. Yaxın 100 illikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problem əhalinin sürətli qocalmasıdır".

Bəs bundan çıxış yolu nədir? Azərbaycan problemin qarşısını almaq üçün hasnı addımları atmalıdır?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, Azərbaycanda 3 uşaqlı ailə modelinə keçilməlidir. Sosial siyasətdə təcili olaraq elə dəyişikliklər olunmalıdır ki, hər bir ailədə bu model işləyə bilsin:



"Əhalinin sürətlə qocalmasının səbəbləri aydındır və mən bununla bağlı neçə illərdir ki, danışıram. Hər hansı ölkədə doğulanların sayı azalanda bu proses baş verir. Hətta bu Avropa ölkələrində geniş müşahidə olunur. Bizim ölkədə doğum indeksi 2-yə yaxınlaşır. Ölkədə doğulanlar az olanda yaşlılar qocalır. Bu böyük problemlər yaradır. Birincisi, ölkədə miqrantlar çoxalır. Çünki gənclər azalıbsa, iş yerləri açılanda miqrantlara ehtiyac olur. İş yerləri azalıbsa, vergi ödəyiciləri azalır, təqaüd vermək üçün çətinliklər yaranır. Bunu Çində praktikadan keçirdilər. Çində bir ara qadağan etdilər ki, bir ailədə bir uşaqdan başqa olmaz. Hətta bir uşaq olan ailədə valideynlərini çağırıb tibbi müdaxilə edirdilər ki, uşaq artıra bilməsinlər. Çin vaxt keçəndən sonra dəhşətli vəziyyətlə üzləşdi, gördü ki, hamı ölkədə qocaldı”. 

Əhməd Qəşəmoğlu deyir ki, Avropa bunun fəsadlarını görməkdədir:

"İndi bu problemi Azərbaycan yaşayır və bunun qarşısını almaq lazımdır. 30 ildir ki, mən Azərbaycanda 3 uşaqlı ailə modelini təbliğ edirəm. Əsaslandırıram ki, niyə ailələrdə 3 uşaq olmalıdır? Əhali nəyə diqqət etməlidir? Azərbaycanda 3 uşaqlı ailə modeli işə düşməlidir. Ailədə bir uşaq olanda yenə əhali azalır, eyni zamanda həmin uşaq psixoloji olaraq düzgün formalaşmır. Evdə onun tay-tuşu ata-anası, baba və nənəsi olur. Bir uşaqlı ailələrdə uşaq mühiti olmur. İki uşaqlı ailələrdəki uşaqlar münaqisə şəraitində böyüyür. 3 uşaq olanda isə ailədə uşaq mühiti formalaşır, eyni zamanda artım da normallaşır”. 

Sosioloqun fikirincə, ailələrdə çox uşaq olmasının özü də təhlükəlidir: "Bütün dünya mübarizə aparır ki, ölkələrdə əhali artımı böyük olmasın. Çünki yer üzünün resursları imkan vermir ki, əhali sürətlə çoxalsın”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->