Əvvəlcə sizə bir lətifə danışım, bayramöncəsi əhvalınız yüksəlsin. Bir gün dovşan meşədə gəzəndə qarşısına canavar çıxır. Dovşanı yemək fikrinə düşən canavar onu qovmağa başlayır. Meşənin kənarında pəncərəsinin şüşəsi açıq "Zaporojest” markalı maşın görən dovşan açıq pəncərədən içəri hoppanır. Canavar da başını şüşədən içəri salsa da, gövdəsi ilişir. Pəncərənin şüşəsini bir az da qaldırıb, canavarı maşının qapısına həbs edən dovşan o biri qapıdan çıxır, əlinə bir yekə paya götürüb canavarı yaxşıca çırpışdırır. Axırda da canavar deyir ki, "yaxşı, dovşan. Mən bu "zapı”dan da olmasa, onun qapısından birini alacağam. Səni ora bağlayandan sonra gör başına nə oyun açacağam”.
Lətifəsi "Neftçi”dən uzaq olsun. Ölkənin ən qocaman futbol klubu illərdir ki, uğursuzluq zolağından çıxa bilmir. "Ağ-qaralar”ın "qara günləri” uzanır. Ölkə çempionatında mükafata həsrət qalan "Neftçi” ardıcıl ikinci mövsümdür ki, avrokuboklara da qatıla bilmir. Bu isə büdcəsinə görə Azərbaycanın ilk 2-3 klubundan biri olan "Neftçi” üçün heç də xoş görüntü deyil. Bir müddət əvvəl Azərbaycan klubları büdcələrini açıqladı. Onların gəlir-çıxarlarını gördük. Məlum oldu ki, "Neftçi”nin maaş büdcəsi "Qarabağ”la təxminən eynidir. Təsəvvür edirsiz? "Qarabağ” Azərbaycan Premyer Liqasında özünə rəqib tanımır, avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdır. Özü də qitə səhnəsində Azərbaycan futbolunu yetərincə uğurla təmsil edir. "Neftçi” isə mükafatlara və avrokuboklara həsrətdir. Qitə miqyaslı yarışlara vəsiqə qazananda da ordan əli ətəyindən uzun qayıdır, azarkeşlərini məyus edir. Təkcə bir məqamı xatırlatmaq kifayətdir ki, son qarşılaşmalarda "Neftçi” "Qarabağ”a birmənalı olaraq uduzur, bu mövsüm heç "ağ-qaralar” "köhlən atlar”ın qapısına yol tapmağı belə bacarmadı. Bu iki komandanın futbolçulara və texniki heyətə eyni miqdarda maaş verməsi nonsensdir.
"Qarabağ” təkcə yaşıl meydanlarda uğur qazanmaqla kifayətlənmir. Klubda skaut sistemi də əla işləyir. Qurban Qurbanov futbolçu seçiminə o qədər həssas yanaşır ki, bəzən bu həssaslıq "Qarabağ”ın transfer bazarında ləng tərpənməsi kimi də görünür. Nəticədə azarkeşlər klubdan narazı qalır. Amma bir məsələ də var ki, "Qarabağ” hər "transfer pəncərəsi”ndə vaqon-vaqon legionerlər gətirib, sonra da onları yola salmır. "Qarabağ”a gələnlər özlərini burda təsdiqləyər, komandanı uğura daşıyırlar. Sonra da alındıqları qiymətdən qat-qat bahasına ölkə xaricinə transfer olunurlar. Kadinin, Juninyonun transferini xatırlamaq kifayətdir. Bu siyahını uzatmaq da olar. Lakin hər şey hamının gözü qabağında baş verir.
Riçard Almeyda da "Qarabağ”ın uğurlu tapıntılarından biri idi. Uzun müddət "Qarabağ”da forma geyinən braziliyalı tam qanuni şəkildə Azərbaycan millisində oynamaq hüququ da qazandı, bacardığı qədər milliyə də fayda verməyə çalışdı. Hələ bir ara yolunu Qazaxıstan çempionu "Astana”ya da saldı. Deyəsən, digərləri də "Qarabağ”dan görüb-götürməyə çalışır. "Neftçi”nin uğursuz mövsüm keçirməsində "əməyi” danılmaz olan Samir Abasov hər imkandaca məsuliyyəti öz üzərindən atır, bu heyəti mən formalaşdırmamışam deyirdi. Gözümüz aydın, Abasov öz komandasını qurmağa başlayıb. İlk "tapıntıları” Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda olub. 29 yaşlı futbolçuyla 2+1 illik müqavilə bağlayıblar. Adam azı 31 yaşına qədər "Neftçi”dən maaş alacaq, ortadakı işbazlar da bundan faizini götürəcəklər.
Ssenari həmişəki kimidir. Sessinin tərcümeyi-halı, vurduğu qolların sayı da "göz oxşayır”. Ərinməsəz, internet qaynaqlarında siz də baxa bilərsiz. Olsun. Biz belə şeylərə öyrəncəliyik. Növbəti transferlər zamanı adı Kadiyə, Juninyoya bənzəyənlər də gələr, Samir Abasov "öz komandası”nı tam formalaşdırar. Xeyirli olsun!
Amal Abuşov
Şərhlər