Xəbər lenti

Üç böyük Mirzənin hüzurunda...
Hüseynbala Səlimov
Ölkə 13:24 12.11.2025

Üç böyük Mirzənin hüzurunda...

"Odun nə çəkdi, bunu yalnız ocaq bildi” deyiblər. Bilirsiniz, niyə deyirəm? Hara gedirsən get, nə oxuyursan oxu, axırda yenə də köklərə qayıdır adam.  

Qorkinin qəhrəmanı vardı: Klim Samqin. "Perestroyka” vaxtı əsər ekranlaşdırılmışdı, az qala, serial çəkilmişdi: rus inqilabı və onu yaşayan, nə kənarda qala bilən, nə də baş verənlərdən baş açan, ətrafına heyrətdən bərəlmiş gözlərlə baxan kiçicik ziyalı... 

Leninin məşhur məqaləsi vardı: "L.Tolstoy rus inqilabının güzgüsü kimi”. Sovet vaxtı tənqidi realizmin fundamenti sayılırdı bu. Humanitar ixtisaslara hazırlaşanlar, qəbul olanlar xatırlalamalıdırlar. Belədəsə, yuxarı siniflərdə ədəbiyyat dərslərində hamımıza bunu da keçərdilər. 

Amma Qorkini oxuyandan, nəsə qanmağa başlayandan sonra şəxsən anladım ki, Lenin çox böyük qələt edib, rus inqilabının güzgüzü Tolstoy yox, Qorkidir. 
Niyə deyirəm? Azərbaycanın da güzgüsü böyük Mirzə Cəlildir. Hara üz tutirsan tut, axırda Mirzə Cəlilə qayıdacaqsan. Mən də bir ara özüm üçün çox "farmazonluq”lar edirdim: Kant belə gəldi, nə bilim, Freyd elə getdi! Axırda çox cavabları Mirzə Cəlildə tapdım. 

Bəli, Azərbaycanın ən böyük sosioloqu Mirzə Cəlildir. Adam psixologiya nə olduğunu bilmirdi, etnorqaf deyildi, indiki kimi etno-psixologiyadan–filandan təsəvvürü yox idi, amma azərbaycanlıları hiss edirdi. Heç birimizdə hətta publisist kimi belə dərin hissiyat yoxdur – min təəssüf, Tanrı bizə belə qabiliyyət verməyib. 
Bir dostumla söhbətim yadıma düşür. Onu həvəsləndirmək üçün deyirdim ki, bəs Mirzə Cəlil belə oldu, elə oldu. Amma o da pis cavab vermədi. Dedi ki, axı biz Mizə Cəlil də deyilik! Nə demək olardı? Acı həqiqət idi.   

Amma illərdir, ətrafımızdakıları seyr edəndə yadıma hey "Ölülər” və bir də "Dəli yığıncağı” düşür. "Ölülər”in qəhrəmanları qohumlarının dirilməsini,  "Dəli yığıncağı”nın qəhrəmanları isə onların ağıllanmasını istəmirdilər. Səhv etmirəmsə, beləydi. 

Niyəsini məndən yaxşı xatırlayarsınız. Odur, deyirəm: təəssüf, millətimizin başına gələnlər avamlıqdan çox  "çoxbilmişlik”dəndir. 

Əlbəttə, Novruzəli, Məmmədhəsən kimi avamları da olub bu millətin. Mirzə onları da görürdü. 

Amma bəla "Ölülər”dəki, "Dəli yığıncağı”ndakı "çoxbilənlər” idi. Bu gün də var onlar. Çalışın, özünüzü  qoruyun: "bəylik kağızı” almaq üçün nənki eşşəyinizi, özünüzü də satarlar.  

Mirzə Cəlildən danışanda iki Mirzəni də xatırlamamaq nəinki mümkün  deyil, hətta günahdır.

Biri Mirzə Fətəli, digərisə Zərdabidir. Necə ki, İncildə və yaxud da qeyri dini kitabda deyilirdi: Əvvəl SÖZ olub! Və SÖZÜ ədəbiyyatımıza həm də o kişilərdən biri - Mirzə Fətəli gətirib.

Fətəli ilklərdəndir. Bilmirəm, onadək heç müsəlman - şərq ədəbiyyatımızda nəsr, xüsusən də dramaturgiya olubmu? Həm də "Ölülər”i, "Dəli yığıncağı”nı, "Anamın kitabı”nı xatırlayanda mümkünmü "Hacı Qara”nı, "Dərviş Məstəli şahı...”, nə bilim, "Xırs-quldurbasanı...” yada salmayasan? 

Xatırlamasaq, yarımçıqlıq olar: bu iki adam az qala, rejissor kimi, azərbaycanlı-müsəlman tipləri yaradıblar, əgər "etnik kodlar” deyilən şey doğrudusa, buradadır onlar; iki Mirzənin pyeslərində, nəsrində... 

Mirzə Fətəlinin pyesləri bir yana, "Aldanmış kəvakiblər” az qala, siyasi-ictimai zərb-məsələ, ibrətamiz siyasi senariyə çevrilib. Nə qədər təkrarlanıb bu! İnsanların həyatında, xüsusən də başabəla Şərq-Qərb siyasətində!..

Mirzə Fətəli Avropa tipli ilk Şərq filosofu olub və daim də Volteri xatırladır mənə, çünki sonuncu da həm filosof idi, həm də deyildi, özü də bilmirdi kimdir, nəçidir, onu bilirdi ki, böyük polemistdir, ələlxsus da narahat adam, intellektualdır.   

Həm də müsəlman-şərq filosofları daim ilahiyyata daha yaxın olublar, hətta çoxu təriqət başçısı olub, ocaqları-filanları, müridləri-mürşüdləri olub. Mirzə Fətəli belə deyildi, Qərbə-Avropaya daha yaxın idi, həm də fəlsəfi üslubuna görə də vəyhçi deyildi, göylərdən nəsə gəlmirdi ona, adam düşünürdü.

Şəxsi həyatı da gələcəkdə neçə insanın yaşayacağı həyat senarisi oldu: bəli, bir Şərq - Qərb romanı, proloqu Şərq, epiloqusa Qərb, əvvəli "Min bir gecə”, sonu  "Don Kixot”... 

Maddi sıxıntı görməmişdi, nisbətən imkanlı ailədən çıxmış, daha sonrasa Qafqaz canişinliyinin dəftərxanasına rəhbərlik etmişdi, kiçik vəzifə deyildi.

Amma dərin mənəvi sarsıntılar içində olmuşdu, deyilənlərə görə, heç müsəlman qəbristanlığında da dəfn olunmağa qoymurlarmış. 

Bundan söz düşəndə adama təəccüblü gələn bilirsiniz, nədir? Mirzə Fətəli, deyilənə görə, o vaxtki Şeyxülislamla dostluq edirmiş. Axı Şeyxülislamın bircə qərarı, necə deyərlər, fətvası yetərdi ki, adama qarşı münasibət az da olsa, dəyişsin. 

Əlbəttə, Mirzənin ateizmi hədsiz dərəcədə kəskin, ifrat radikal idi. Ona baxanda böyük Volter daha müdrik idi. Adam deyirdi ki, Allah olmasaydı, onu uydurmaq lazım gələrdi! Deyim ki, bu sözləri Didronun da adına yazırlar, amma önəmi varmı? Əsas fikirdir.

Gülməlisi, bəlkə də faciəlisi budur ki, adamın dinə baxışını ailəsi də qəbul etmirmiş, nəinki xanımı, hətta Avropada oxutduğu oğlu çox dindar imişlər. 
Burada bir gülməli, məzəli detalı qeyd etmək istəyirəm. Bizim müsəlman xanımları hətta çadra altında olanda belə özlərini ərlərindən daha ağıllı, hətta daha "siyasətcil” hesab ediblər. 

Fətəlinin xanımı da uşaqlarının çox erkən yaşlarda tələf olmasını ərinin dini baxışları ilə bağlayırmış. Buna Mirzənin əsərlərində də işarə var: "Lənkaran xanının vəziri”ndə qadınlar axmaq vəzirin başına nə oyunlar açmırdılar? Və yaxud "Dərviş Məstəlişah”da qadınlar bir cadu ilə Parisi "dağıdıb” kişilərinin bütün planlarını alt-üst etmirlərmi? 

Sonra da deyirlər ki, zavallı, çadralı müsəlman qadınları belə gəldi, elə getdi! Bilmək olmaz, kim daha zavallı olub: çadralı qadınlar, yoxsa çadrasız kişilər? Əlbəttə, bu, kiçicik zarafatdır, xanımlarımız inciməsin...  

Sırada üçüncü MİRZƏ Zərdabidir. Adam pyes yazmadı, dramaturgiya yaratmadı (amma böyük teatr həvəskarı olub, deyilənə görə, tələbələrilə bəzi əsərləri tamaşaya qoyubmuş), fəlsəfi pamfletləri olmadı, nə qədər təəccüblü olsa da, şeir yazıb-yazmadığı haqda da bir məlumat yoxdur, amma həmvətənlərinə mətbuatın nə demək olduğnu başa salmaq istədi. 

Hərçənd, bir dəfə Zərdabinin və Mirzə Fətəlinin liberalizmə ("Kəmalüdövlə...”də) verdikləri tərifi oxumuşdum. Zərdabinin tərifi daha dolğun və dəqiq idi. Buna təəccüblənmədim, çünki Zərdabi daha mükəmməl təhsil almışdı, Moskva Universitetini bitirmişdi. Bilirsiniz, daim məni düşündürür, hətta bu haqda yazmışam da: əgər Mirzə Fətəli Zərdabi, xüsusən Əli bəy Hüseynzadə kimi mükəmməl təhsil ala bilsəydi, nələr yazardı! Axı ilk qərbçimizin heç bir Qərb təhsili yox idi, nə öyrənmişdisə, özü öyrənmişdi. 

Yeri gəlmişkən, ötən əsrin əvvəlində Əli bəy İstanbula köçəndə böyük zifayət verilibmiş, demək olar, bütün ziyalılıar, hətta Nərimanov da iştirak edirmiş. Hamının fikri bu imiş ki, Bakını böyük intellektual tərk edir, halbuki Əli bəy daha çox ictimai-siyasi publisist kimi tanınırdı, tibb sahəsində də hansısa ciddi tədqiqatları yox idi (tibb ensiklopediyası tərtib etmək istəyirmiş, amma bilmirəm, başa çatdırıb, ya yox), rəssamlıqda da bir-iki rəsmi olmuşdu. 

Düzdür, deyilənə görə, Hötedən, əsas "Faust”dan tərcümələri olub, amma illər öncə bir filoloq dostum deyirdi ki, bu tərcümələrin özünü tərcümə etmək lazımdır. Əlbəttə, onun təkcə "türkləşmək, islamlaşmaq, müasirləşmək” triadasının özü böyük siyasi konsepsiya idi və bu gün bayrağımızın məzmununu təşkil edir. Amma bütün hallarda yüz il əvvəl insanların biri-birinə münasibətinə baxın.        

Qayıdaq Zərdabiyə. Fikir var ki, Tanrı guya heç də ideal senarist olmayıb: bunu müasir kosmoloqlar da iddia edirlər. Guya dünya daha mükəmməl ola bilərmiş (İlahi, sən insandakı iddiaya bax!)...   

Amma bir məsələdə razıyıq ki, onun tale senariləri sonsuz deyilmiş, adamlar elə bil tam şəkildə olmasa da, hər halda, bir-birinin taleyini təkrarlamalı olurlar. 
Maraqlısı nədir? Zərdabi də Moskva Universitetinin fizika-riyaziyyat fakültəsini (onda buna deyəsən, "təbiətşünaslıq” fakültəsi deyirmişlər) bitiribmiş.

Zərdabi də həyatının sonlarında çox mənəvi acılar yaşayıb. Adam məqsədinə çata bilməyib, tez-tez unudulduğundan gileylənirmiş. Bu acıları azərbaycanlı jurnalistlərin indki nisbətən yaşlı nəsli də yaşayır. Ən dəhşətlisi bilirsiniz, nədir? İnsan üçün ən böyük faciə yaratdıqlarının  gözü önündə ölüb getməsidir...
Yenə nikbin qalmaq istəyirik. O dəfələrdə də yazmışdıq: hansısa forma tapılacaq yəqin. Jurnalistika bir tərəfə, 18-19-cü əsrlərdə epistolyar janr deyilən şey yaranmışdı, bu janrda böyük əsərlər yazılırdı: Russodan, nə  bilim, Hötedən tutmuş, kimlərə qədər! 
Bir ara bu da tərgidilmişdi, hamı düşünülürdü ki, daha insanlar biri–birinə məktub yazmayacaq. Amma budur, hamı bütün günü şəbəkələrdə yazışır – bir az primitiv formada olsa da! 

Ümid edək, yazı jurnalistikası üçün də qurtuluş tapılacaq: təki yazmağa bir şey, ən əsası da, imkan olsun, forması tapılar yəqin...
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->