Xəbər lenti

Texnologiya 18:25 13.03.2026

"Texnologiya ev işlərini azaltsa da, ailəyə ziyan vuracaq" - Sosioloq

İngiltərənin Oksford Universiteti ilə Yaponiya Oçanomizu Universitetinin araşdırmalarına görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar idarə edəcək. İki universitetin 65 süni intellekt (AI) mütəxəssisləri 10 il ərzində ev işlərində avtomatlaşdırma gücünü necə formalaşdırmağı açıqlayıblar. 

Texnika müasirləşdikcə qadınlarımızın əksəriyyəti evində iş görmək istəmir. Sosial şəbəkələrdə rəylərindən və ətrafımızda olan qadınların fikirlərindən aydın olur ki, ev işlərini hər kəs robota həvalə etmək istəyir. Bu həm onların vaxtına qənaət edəcək, həm də ev işlərini görmək üçün köməkçiyə verilən maliyyə öz cibində qalacaq. Görünən odur ki, ev işləri tarixə qovuşur. 

Sosiloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında bunun təbii proses olduğunu bildirib:

"Texnologiya inkişaf edir, həyat asanlaşır. Qadınlar artıq ev işi görmək istəmir və bundan qorxmaq lazım deyil. Amma məsələnin narahatedici tərəfi başqadır. Texnologiya insanları tənbəlləşdirir. Məsələn, Azərbaycan reallığında qadınlar tarixən fədakarlıq edib, həyat yoldaşlarına xidmət göstəriblər, ev işlərini görüblər. Texnologiyanın inkişafı ilə belə xidmətlər tarixə qovuşarsa, bu ailəyə ziyan vura bilər. Artıq qadın artıq həyat yoldaşına qarşı fədakarlıq etmək istəmir".
 


Mail Yaqub hesab edir ki, robotlar ailədə mehribanlığı azalda bilər:

"Qadının ərinə, yaxud da ərin qadına qarşı fədakarlığı nə qədər çox olarsa, bir o qədər ailə bağları möhkəmlənər. Texnologiya inkişaf edir, robotlar gəlir və ev işlərini görür. Amma qadınlar bir məsələni diqqətdə saxlamalıdırlar, gördüyü işlərə rəng qatmalıdırlar. Qadınlar nəyisə özləri görməlidir, izlərini qoymalıdırlar. Bu qadınlara psixoloji baxımdan daha xoş gəlir. Bu psixoloji prosesdir, insan hansı işə öz zəhmətini qatırsa, o daha dəyərli, maraqlı olur".

Bahar Rüstəmli
--> -->