"Rusiya üzərində hərbi qələbə çalmaq mümkün deyil” – bəli, Almaniyanın kansleri O.Şoltsla görüşdə Qazaxıstanın prezidenti Q-J. Tokayev məhz belə dedi.
Əslində bu, bizə elə də təəccüblü, qeyri–adi görünmədi. Kremlin kölgəsində dövran sürən, vəzncə kiçik, formaca "böyük” bütün avtoritar liderlər, xüsusən də bəzi post-sovet dövlətlərinin "ölkəbaşı”ları həmişə belə deyirlər.
Onlar üçün Rusiya həqiqətən də nəhəngdir, məğlubedilməzdir, ən əsası da, həmişə yaşarlıdır. Amma həqiqətdə necə, belədirmi?
Əlbəttə ki, yox! Bir baxın, görün ki, otuz-qırx il ərzində Rusiya haralardan-hara gəlib çıxıb! Bir vaxt Moskva, az qala, dünyanın hər qarışı uğrunda Qərblə siyasi-diplomatik, bəzən də hərbi savaş aparırdı. Amma indi üçüncü ildir ki, adi bir post-sovet ölkəsində - Ukraynada ilişib qalıb, yarım milyondan çox insan itkisi verib, on minə yaxın tank və bir o qədər də artilleriya qurğusu itirib, fəqət, buna baxmayaraq, bu savaşın sonu görünmür. Əslində savaşın yalnız Kreml strateqləri üçün sonu görünmür və aydındır ki, ona yalnız və yalnız Qərb nöqtə qoya bilər - hamı da məhz bu finalı gözləyir.
Amma bu final adi bir final olmamalıdır, Rusiya Ukraynadan sözün birbaşa mənasında qovulmalıdır. Fəqət bu, nə vaxt olacaq – təəsüf ki, bunu hələ heç kim bilmir. Bu mövzuda yalnız təxminlər var. Məsələn, Ukraynanın prezidenti Volodimir Zelenski bu günlərdə dedi ki, bəs müharibəni bu payızda qurtarmağa ümidlidirlər!
Təxminən eyni bir vaxtda, uzaqdan-uzağa olsa da, prosesdə digər maraqlı bir ölkənin - Gürcüstanın da baş naziri İrakli Kobaxidze də bildirdi ki, müharibə növbəti ildə bitəcək və dünyada hər şey yenidən öz yerini tutacaq...
Amma hamının gözü "orkestr”in əsas drijorunda – Qərbdə, daha doğrusu isə, ABŞ-dadır. İndi Ukrayna Rusiyanın dərinliklərinə nüfuz etmək üçün Qərb partnyorlarının razılığını gözləyir. Qərb isə hələ götür-qoy edir, bu halda Rusiyanın necə davranacağını proqnozlaşdırmağa çalışır. Rusiyanın içərilərinə müdaxilə etmək üçün Ukraynaya birinci kart-blanş verilmişdi və bunun nəticəsi uğurlu Kursk hücumu oldu. Artıq bir aya yaxın vaxt keçsə də, Moskva hələ də bu hücumun nəticələrini dəf edə bilməyib. Kiyev isə indi növbəti kart-blanşı gözləyir və o, Rusiyaya adi piyada hücumundan daha da təsirli həmlə olmalıdır – bəli, bu dəfə raketlər hücuma keçməlidir...
Amma Qərb hələ, yuxarıda dediyimiz kimi, götür-qoy edir, aydınlaşdırmağa çalışır ki, D.Medvedevin "nüvə hədələri”nin arxasında ciddi niyyət və ya təşəbbüs dayanır, yoxsa bunlar boş akustikadır?..
Ruslar da Qərbin variantları bir-bir götür-qoy etməsinin fərqindədirlər və diqqətə çatdırmaq istəyirlər ki, guya nə vaxtsa NATO birbaşa bu münaqişəyə qoğulsa, sanki dünya dağılacaq! Amma hamı da çox gözəl anlayır ki, bu müharibənin gec-tez bitməsinin başqa bir üsulu, senarisi yoxdur – NATO işə qarışmalı və bu "ikinci əfqan müharibəsi” nəhayət ki, bitməlidir. Yada salaq ki, keçmiş Yuqoslaviyada məhz belə olmuşdu: o vaxt NATO işə qarışdı və məsələ həll olundu! Onda ruslar nə etdilər? Praktiki olaraq heç nə! O hadisə Rusiya siyasətinə "Primakov ilgəyi” adı altında həkk olundu: məsələ bundadır ki, o vaxt ABŞ-a uçan Rusiya xarici işlər naziri Yevgeni Primakov NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini alan kimi pilotlara geri dönmək əmri vermişdi! İndi daha bir deyimin, məsələn, "Lavrov ilgəyi” deyiminin yaranması ehtimalı qəti yoxdur, çünki öz bossu - Vladimir Putin kimi Lavrovun da hava marşrutları son illərdə xeyli məhdudlaşdırılıb və artıq o, bəlkə özü də axırıncı dəfə Şimali Amerika səması üzərində nə vaxt və hara uçduğunu tamamca unudub...
Bəli, axırda məlum olacaq ki, Rusiya heç bir halda nüvə müharibəsini başlatmayacaq, çünki bu müharibədə təkcə nüvə başlıqları həlledici rol oynamayacaq, başqa parametrlərin də sınağı olacaq bu savaşda. Əlbəttə ki, NATO Rusiya ərazisini bombalamayacaq, amma o, başqa bir quşun yuvasına girmiş bir məxluq kimi Ukraynadan qovulacaq. Fəqət bunun üçün ABŞ-da siyasi savaş-seçki bitməlidir – hər halda, çox adam belə təxmin edir. Amma Qərbin Rusiyanı növbəti üzücü müharibəyə çəkmək planları da ola bilər – o, halda proses bir qədər də uzanacaq.
Rusiya hazırda çox ciddi demoqrafik böhran yaşayır – müharibəyə də, hətta iqtisadiyyata da adam çatmır, bunlar isə biri-birilə çox əlaqəlidir. Əslində bu dünyada demək olar ki, ayrıca, əlahiddə mövcud olan, biri-birilə əlaqəsi olmayan heç nə yoxdur, hər şey biri-birinə bağlıdır. Görən, Kreml əhli heç bunun fərqindədirmi?..
Hüseynbala Səlimov
Şərhlər