Xəbər lenti

Dünya 14:19 23.04.2024

ABŞ-ın 61 milyardı Ukrayna cəbhəsindəki vəziyyətə necə təsir göstərəcək? - Ekspertlər

ABŞ Konqresi Kiyevə 61 milyard dollar ayırmaq üçün ilk addımı atıb. Prezident Zelenskinin sözlərinə görə, bu, Ukraynaya qalib gəlmək şansı verəcək. Cəbhədə hansı irəliləyiş gözləmək olar? 

Qaynarinfo xəbər verir ki, DW Qərb və Ukrayna ekspertlərindən müsahibə götürüb. 

ABŞ Konqresinin aşağı palatasının Ukraynaya 61 milyard dollar yardım ayrılmasını təsdiqləyən qərarı bir çox Avropa paytaxtlarında müsbət qarşılanıb. Bazar ertəsi, aprelin 22-də Bundesverin baş müfəttişi Karsten Broyer, DW Berlin müxbirinin sualını cavablandırarkən qeyd edib ki, "bu, Ukraynada indi lazım olan hərəkətləri həyata keçirmək üçün zəruri olan manevrə imkan verir. Ona görə də istər siyasi, istərsə də hərbi nöqteyi-nəzərdən bunu təhlil edən hər kəs ancaq sevinə bilər ki, bu (yardımın ayrılması - Red.) nəyahət baş verdi”.

Yardımın ayrılması qərarı hələ ki ABŞ Senatı - Konqresin yuxarı palatası tərəfindən təsdiqlənməlidir, bu həftənin sonuna qədər baş verə bilər, bundan sonra qanun layihəsini dərhal dəstəkləyəcəyini vəd edən prezident Co Bayden tərəfindən imzalanmalıdır. 

DW Qərb və Ukrayna təhlükəsizlik və müdafiə ekspertlərindən qəbul edilən yardım paketinin qarşıdakı həftələr və aylarda cəbhədəki vəziyyətə necə təsir göstərə biləcəyini soruşub.

London Kral Kollecindən hərbi icmalçı Mayk Martin DW ilə söhbətində qeyd edib ki, ABŞ Konqresinin qəbul etdiyi 61 milyard dollarlıq yardım paketi həcm baxımından görünməmiş bir yardım paketidir. Bu, ABŞ-ın Ukraynaya 2024-cü ilin yanvar ayına qədər verdiyi yardımın ümumi məbləğindən çoxdur. "Game changer (güc balansını dəyişdirən amil - red.) ifadəsi bu müharibədə çox tez-tez istifadə olunur, amma əslində əksər hallarda heç nə dəyişmir. Amma indi bu, əslində belə bir dönüş nöqtəsidir”, - Martin şərh edir. 

Britaniyalı ekspert gözləyir ki, "bu vəsaitin böyük hissəsi indi kritik ehtiyac olan artilleriya mərmilərinə, eləcə də hava hücumundan müdafiə vasitələrinə istifadə olunacaq”. 
Bu qiymətləndirmədə London Kral Kollecinin tədqiqatçısı Marina Miron Martinlə razılaşır. DW ilə söhbətində o, həmçinin ehtimal edib ki, vəsaitin əhəmiyyətli hissəsi ilk növbədə hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə, xüsusən "Patriot” sistemlərinə yönəldiləcək. Amma təkcə ona deyil. "Ukrayna prezidenti Volodimir Zelenski növbəti səfərbərlik həyata keçirir, buna görə də ona yeni əsgərlər üçün avadanlıq və onların təlimi üçün pul lazım olacaq. Və təbii ki, maaşlar verilməlidir. Ona görə də güman edirəm ki, bu pulun bir hissəsi buna, digər hissəsi isə təbii ki, döyüş sursatı, xüsusən də artilleriya alınmasına sərf olunacaq”, - Miron deyir.

Lakin artilleriya mərmisi ehtiyatının doldurulması hələ işin yarısıdır, Bundesverin təqaüdçü polkovniki və bu yaxınlara qədər Berlin Elm və Siyasət Fondunun (SWP) köşə yazarı Volfqanq Rixter DW ilə söhbətində vurğulayıb. 

Digər mühüm vəzifə onların təhlükəsiz şəkildə cəbhəyə daşınması olacaq. Buna görə də logistik təchizat marşrutlarının qorunması ön plana çıxır. "Ukraynanın özü ölkə daxilində çatdırılma təşkil etməlidir, – deyə Rixter qeyd edir: - Biz çox uzun, orta hesabla 800-1000 kilometr dəmir yolu və digər marşrut xətlərindən danışırıq. Güman edirəm ki, Rusiya bu logistika xətlərinə hücum etməyə çalışacaq”.

Digər keçmiş Bundesver polkovniki, Berlindəki Alman Hərbi-Siyasi Cəmiyyətinin rəhbəri Ralf Tile Almaniyanın N-TV xəbər kanalında xəbərdarlıq edib ki, Rusiya Ukraynanın infrastruktur obyektlərinə zərbə endirmək fürsətindən şübhəsiz istifadə etməyə çalışacaq. "Rusiya, şübhəsiz ki, hazırda malik olduğu imkanlardan istifadə edəcək. Ümumiyyətlə, Rusiya müharibənin əvvəlindən daha güclüdür. Hesab edilir ki, indi onun kadrları təxminən 15 faiz çoxdur, iqtisadiyyat müharibə iqtisadiyyatına keçirilib, istehsal artır, döyüş sursatları tədarük edilir. Və çox güman ki, yardım gələnə qədər həftələr keçəcək”, - Tile bildirib.

Bundan əlavə, Tilenin sözlərinə görə, regionda bu mövsüm üçün hələ də qeyri-adi görünən quru hava şəraiti Rusiya Federasiyasına hücum hərəkətləri həyata keçirməyə imkan verir. Tile xəbərdarlıq edir və cəbhədəki mövcud vəziyyəti "təhlükəli" kimi xarakterizə edir: "Buna görə də, yerüstü hücumlar, eləcə də Ukraynanın kritik infrastrukturuna növbəti hücumlar gözlənilə bilər".

İki istefada olan alman polkovnikin təhlili Kiyevin qiymətləndirmələrinə geniş şəkildə uyğun gəlir. Xüsusilə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov BBC-yə müsahibəsində mayın ikinci yarısından başlayaraq cəbhədə ciddi eskalasiya gözlədiyini bildirib. "Bizim qiymətləndirməmizə görə, yaxın gələcəkdə kifayət qədər çətin bir vəziyyətlə üzləşəcəyik, amma bu da başa düşülməlidir ki, Armageddon baş verməyəcək. Amma may ayının ortalarından problemlər olacaq".

Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də aprelin 21-də öz son icmalında xəbərdarlıq ediblər ki, Rusiya qüvvələri qarşıdakı həftələrdə hücum əməliyyatlarını və hava hücumlarını gücləndirəcək.

Ukrayna Silahlı Qüvvələri ötən ilin oktyabrında sursat çatışmazlığı səbəbindən döyüş meydanında təşəbbüsü itirib və Ukrayna şəhərləri hava hücumundan müdafiə sistemindəki boşluqlar səbəbindən Rusiyanın hava hücumlarından daha çox əziyyət çəkməyə başlayıb. İndi ABŞ yardımının gəlməsi ərəfəsində orta müddətli perspektiv üçün daha optimist proqnoz britaniyalı ekspert Mayk Martin tərəfindən səsləndirilir.

Onun sözlərinə görə, yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri son aylarda olduğu kimi əks-batareya atəşi apararkən artıq sursata qənaət etməyəcək. Bundan əlavə, əvvəllər Ukraynaya vəd edilmiş F-16 qırıcıları da "yoldadır” və bu, səmadakı vəziyyəti kökündən dəyişdirməlidir, Martin xatırladır. "Bütün bunlar birlikdə döyüş meydanında vəziyyəti dəyişdirməyə başlayacaq. Ukrayna, şübhəsiz ki, öhdəsindən gələcək. Bəli, son vaxtlar Ukraynanın mövqeləri sursat çatışmazlığından bir qədər zəifləyib. Ancaq təbii ki, ukraynalılar Rusiyanın irəliləyişini dayandıra biləcəklər. Və Rusiyanın hücumu ilə bağlı hazırda müzakirə ediləndən çox narahat olmazdım”.

Ekspertlərin diqqət yetirdiyi digər ciddi amil ATACMS uzaqmənzilli raketlərin ABŞ yardım paketinə daxil edilməsidir. Ukrayna Silahlı Qüvvələri 160 kilometr mənzilli bu raketlərdən ilk dəfə 2023-cü ilin oktyabrında istifadə edib. İndi Ukrayna bu super güclü silahları daha böyük miqdarda və uzaqmənzilli ala bilər.

Kiyevdə yerləşən Yeni geosiyasi araşdırmalar şəbəkəsinin (NGRN) direktoru Mixail Samusun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən artilleriya mərmiləri, F-16 təyyarələri və uzaqmənzilli raketlərin gəlməsi və hava hücumundan müdafiənin gücləndirilməsi şərti ilə Rusiya aviasiyası nəticədə səmada üstünlüyünü itirə bilər. "Bu, yeni dövr, bu müharibənin yeni mərhələsi olacaq", - Samus DW-yə verdiyi şərhdə deyib və Ukrayna komandanlığının yeni əks-hücum əməliyyatları planlaşdıra biləcəyini istisna etməyib.

DW-yə müsahibə verən ekspertlərin fikrincə, Konqres tərəfindən ABŞ yardımının verilməsinin simvolik xarakteri də mühüm rol oynayır. "Nəticə ukraynalıların, xüsusən də səfərbərlikdən yayınmağa çalışanların döyüş ruhuna təsir edəcək", - Marina Miron qeyd edir. Buna görə də, Miron hesab edir ki, yardımın təsdiqlənməsi hətta bəzi skeptikləri ordu sıralarının doldurulmasının zəruriliyinə inandıra bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->