Xəbər lenti

Ekonomiks 18:41 12.09.2013

Bal nə üçün əbədi qalır? - ARAŞDIRMA

("Smithsonian", ABŞ, Nataşa Qeylinq (Natasha Geiling)

Müasir arxeoloqlar, qədim Misir sərdabələrini açarkən, çox zaman orada əla vəziyyətdə olan balla dolu küpələr tapırlar. Üstündən min illərlə zaman ötdükdən sonra da bal küpələrini görmək bir çoxlarının təəccübünə səbəb olur. Arxeoloqların sözlərinə görə, neçə əsrlər ərzində bal xarab olmur, bu da o deməkdir ki, söhbət əbədi saxlanıla bilən ərzaq məhsulundan gedir.

Başqa ərzaq məhsulları da vardır ki, quru yerdə olduqda, istənilən qədər saxlanıla bilər, məsələn duz, şəkər tozu, düyü. Ancaq balda qeyri-adi nəsə var – o, istifadəyə hazır vəziyyətdə qalır. Heç kim suda həll olmamış duzu və ya çiy düyünü yemək istəməz, ancaq min illik balı, dünənki kimi rahatca qaşıqlayıb yeyə bilərsiniz. Bundan başqa, məhz çoxəsrlilik, bal məhsuluna başqa ərzaqlarda rast gəlinməyən müalicəvi xassələr qatır. Bu da bizdə yeni sual yaradır: balın qeyri-adiliyi nədədir?

Bu sualın cavabı balın dadı qədər çoxşaxəlidir. İstifadə müddəti sonsuz olan məhsulun alınması üçün, bir çox faktorların hormonik uyuşması lazımdır.

Əsas məsələ balın kimyəvi tərkibindədir. İlk növbədə, bal - şəkərdir. Şəkər hiqroskopikdir, yəni təbii vəziyyətdə tərkibində çox az miqdarda su olur və əgər kip bağlanmırsa, onda nəmişlik çəkir. Kaliforniya Universitetinin nəzdində yaradılmış Robert Mondavi adına institutun bal və tozlanma mərkəzinin icraedici direktoru Devise Amina Harris izah edir: «Balın təbii halında çox az dərəcədə nəmlik vardır. Belə şəraitdə, bakteriyaların və mikroorqanizmlərin çox az bir qismi yaşaya bilər, adətən onlar orada ölürlər. Bal həmin bakteriyaları və mikroorqanizmləri sözün əsl mənasında boğur». 

Bu, balın uzunömürlü olmasına xidmət edən əsas faktordur, onun xarab olması üçün, tərkibində onu korlaya biləcək nələrsə olmalıdır. Bal qabındakı mühit isə o qədər də “qonaqpərvər” deyil, ona görə də bakteriyaların və mikrobların onu korlamaq üçün lazım olacaq qədər onun içində yaşaması mümkün deyil.

Bundan başqa, balda yüksək turşuluq vardır. Harris deyir ki, onun hidrogen göstəricisi (pH) təxminən 3 və 4.5 arasında dəyişir, bu dərəcədə turşuluq onun tərkibində böyüyə bilən hər bir canlını məhv edir. Buna görə də bakteriyalar yaşamaq üçun gərək özlərinə başqa yer tapsınlar, çünki bal bankasında onların ömrü uzun olmayacaq.

Lakin bal yeganə hiqroskopik ərzaq məhsulu deyil. Məsələn, melassa şirəsi son dərəcə hiqroskopikdir. Turşuluğu yüksəkdir, ancaq balda olan turşuluğa nisbətən azdır (hidrogen göstəricisi təxminən 5,5-dir). Gec olsa da, melassa şirəsi xarab olur, amma yenə də şəkər qamışının emalından alınan ərzaq məhsulları uzun müddət saxlanılır, nəinki təbii məhsullar.

Bəs nə üçün şərbətlərdən biri uzun müddət saxlanılır, o biri yox? Məsələ arılardadır.

Harris zarafatla deyir: «Arıların öz sehrləri var». Həqiqətən də balın hazırlanma prosesində kimyagərliyə aid nəsə var. Nektar - balın hazırlanması üçün xammaldır. Onun tərkibinin 60 faizdən 80 faizə qədərini su təşkil edir, Harrisin fikrincə, arılar suyun çox hissəsini qurudur. Burda ən vacib rolu arı mədəsinin quruluşu oynayır. O qlükooksidaz adında ferment ifraz edir. Arılar nektarı şana boşaldanda, bu ferment  nektarla qarışır və iki yan məhsul yaranır – qlükonik turşu və hidrogen peroksid. Harris deyir ki, məhz hidrogen peroksid, zərərli orqanizmlərə qarşı növbəti müdafiə xəttidir.

Buna görə də bal əsrlərlə dərman kimi istifadə olunur. Çünki qatıdır, onda heç nə yayıla bilməz və onun tərkibində hidrogen peroksid var, o, yaralara infeksiyanın düşməsinə qarşı mükəmməl vasitədir. Baldan tibdə istifadə olunması haqda ən qədim məlumata şumerlərin cədvəllərində rast gəlmək mümkündür. Harris deyir: «Qədim misirlilər baldan müntəzəm şəkildə dərman kimi istifadə edirdilər, ondan dəri və göz xəstəlikləri üçün maz hazırlayırdılar. Balla yaraları, yanıqları, kəsikləri ortürdülər, çünki balda zərərli orqanizmlər yayıla bilmir. Bu, sanki təbii bintdir» 

Bundan başqa bal nəmi udur. O, infeksiya mənbəyi ola biləcək yara basmış nahiyələrdən suyu çəkir və bir az hidrogen peroksid ayırır. Bu hidrogen peroksidin miqdarı lazımı qədər olur. Məhz bu minimal miqdar yara basmış nahiyənin sağalmasını şərtləndirir. İltihablı yaraların sağaldılması üçün baldan indi yalnız xalq təbabətində istifadə olunmur. Belə ki, 2000-ci illərdə Derma Sciences tibbi şirkəti balla örtülmüş MEDIHONEY bintlərini buraxmağa başladı, bu bintlərdən hal-hazırda bütün dünya xəstəxanalarında istifadə olunur.

Əgər siz balı mağazadan alırsınızsa, plastik butulkanın içindəki qızıl nektar qaynadılıb, süzülüb və bərk maddələrdən təmizlənib. Müvafiq olaraq maddənin tərkibində  molekulların kristal yaradacağı qatqılar yoxdur və onlar əbədi olaraq eyni halda qala bilirlər. Lakin əgər siz balı kiçik təchizatçıdan almısınızsa, onda tozcuqlardan fermentlərə kimi qatqılar qala bilər. Belə vəziyətdə bal kristallaşa bilər. Möhürlü deyilsə də narahat olmayın, o korlanmayıb və hələ uzun müddət korlanmayacaq. 

Və nəhayət, balın uzun müddət saxlanmasını təmin edən son faktor - hermetik qabdır. Çünki Misirdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmış minillik balla dolu qabların da hermetik olması (havanın girməməsi üçün kip bağlanması) bunu sübut edir. Bal şübhəsiz ki, əla məhsuldur, amma onda fövqəltəbii heç nə yoxdur: onu nəmişlikdə açıq saxlasanız, korlanacaq. Harris deyir: «Əgər qapaq yerindədirsə və məhsulda su yoxdursa, o korlanmayacaq. Əgər su əlavə edilsə, onda korlanacaq. Qapağı açdıqda isə bal nəmişlik çəkə bilər və nəticədə korlanar».

Beləliklə, balı əsrlərlə saxlamaq üçün, arılar kimi davranın və onu bağlı saxlayın. Bəli, bu, bir az çətin məsələdir, amma dadmağa dəyər!..

Tərcümə: Novruz Musayev

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->