Xəbər lenti

Dünya 18:40 18.04.2024

İran İsraili nüvə obyektlərinə hücum etməklə hədələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Nüvə Mühafizəsi və Təhlükəsizlik Komandanı general Əhməd Həktələb İsraili nüvə obyektlərinə hücum etməklə hədələyib.

Qaynarinfo xəbər verir ki, Bu barədə İranın İRNA dövlət agentliyinin məlumatında deyilir.

General Əhməd Həktələb bildirib ki, "Sionist rejimin İranın nüvə obyektlərinə qarşı təhdidinin" nüvə siyasətinə və bəyan edilmiş nüvə mülahizələrinə yenidən baxılması və ondan imtina edilməsinə səbəb ola bilər. 

"Bütün ölkələr protokollara, beynəlxalq standartlara və Beynəlxalq Atom Enerjisi Agentliyinin qanun və qaydalarına uyğun olaraq nüvə obyektlərinə hücum etməkdən çəkinməli olduqları halda belə... İran İslam Respublikası əvvəldən bu təhdidlərə qarşı duruş gətirməyə həmişə hazır olub”, - o deyib. 

Həktələb əlavə edib ki, ölkəsi artıq İsrailin nüvə obyektlərini müəyyən edib və hədəflər haqqında bütün lazımi məlumatlar artıq mövcuddur.

"Və onların mümkün hərəkətlərinə cavab vermək üçün barmaqlarımız xüsusi hədəfləri məhv etmək məqsədilə güclü raketlərin tətiyini çəkməyə hazırdır", -  iranlı komandan bildirib. 

Onun sözlərinə görə, əgər İsrail İranın nüvə obyektlərinə və mərkəzlərinə qarşı tədbir görmək istəsə, "mütləq və şübhəsiz ki, reaksiya ilə üzləşəcək".

Qeyd edək ki, bir sıra hesablamalara görə, İsrail dünyanın altıncı ən böyük nüvə dövlətidir. Rəsmi olaraq İsrail heç vaxt nüvə silahına malik olduğu barədə məlumat verməyib: onun mövcudluğunu nə təsdiq, nə də təkzib edib. Bununla belə, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->