Xəbər lenti

Ölkə 17:49 09.05.2013

Kişi qəhrəman olmağa borcludur


Jalə İSMAYIL


Bu il də köhnə qələbənin kölgəsinə sığındıq əlimizdə gül-çiçək sabahkı günün gəlməsini həsrətlə gözləyə-gözləyə. Belə qəribə tarixlərə qəribə xalqımızın taleyində ara-sıra rast gəlinir.

Martın 31-dən ayılmamış aprelin 1-də bir-birimizi aldatmağa çalışırıq. Hökumətdən başqa. Ona hər gün 1 apreldir.

8-dən 10-dək xalqımızın bir gözü ağlayır, bir gözü gülür. Saçının birin ağ hörür, birin qara. Bu qulağından alır, o biri qulağından ötürür.

Amma biz güclü xalq olaraq bu kataklizmləri böyük mətanətlə keçirik. Həm də uzun illərdir.

Mütləq deməliyəm ki, 9 Mayı bizim bayram hesab etməyənlər haqqında heç yaxşı fikirdə deyiləm. Bilmirsən, düşünüb danışırlar, yoxsa düşünməyib danışırlar. Hər iki halda məntiq dərsi almaları şərtdir artıq.

Canımız və malımızla bu qələbədə payı çox olanlardanıq. Onsuz da Rusiya SSRİ-nin bütün uğurlarını öz adına çıxaraq böyük qələbənin sahibi kimi davranır. Hər il mayın 9-nu möhtəşəm keçirməklə “mən-mən” deyib sinəsinə döyür. Sinəsi medallı veteranları qərənfillərlə təchiz edib meydanlara çıxarır. Biz...

Biz burda Avropalaşmaqdan danışırıq. Avropaçı gənclər bulvarda düzülüş keçirirlər. Ulduzları ingiliscə. Təklif elədim ki, öncə bulvara toplaşanlara ingiliscə öyrədin, sonra ulduz bəzəyin.  Məqsəd xalqı maarifləndirməkdi, yoxsa özünü Avropaya göstərmək? İki dildə yazılsa, xalq da anlasa, daha da tez yaxınlaşmarıqmı Avropaya?

Amma biz kimik ki? Bizə kimdi qulaq asan? Heç olmasa, cib lüğətləri paylayaydılar, gələn ilə xalq hazırlaşardı düzülüşə.

Nə isə. Ölkədə həmişəki kimi it yiyəsini, yiyəsi də itini tanımır.

Bu gün SSRİ-nin müharibə və qələbə mahnılarına qulaq asdım yenə. Möhtəşəm əsərlərdir. Veteranlar necə alqışlayırlar, necə fəxrlə baxırlar. Adi gündə məişət qayğıları içində boğulmaları faktdır. Amma məhz bu gün onlar qəhrəmandırlar.

O qədər ürəkdən arzuladım ki, kaş bizim kişilər də qalib ordunun qəhrəman əsgərləri olaydılar!

İnanıram ki, cəmiyyətdəki saysız-hesabsız problemlərin çoxunun açarı məhz kişilərimizin müharibədəki qələbəsidir.

Qəhrəmanlıq bir kişinin haqqıdır.

Bir kişiyə qəhrəman olmaq yaraşır.

Bir kişi qəhrəman olmağa borcludur.

Mən də yol kənarında durub əlimdəki çöl çiçəklərini yelləyərək tankların üstündə şax dayanmış qəhrəmanlara hava öpüşləri göndərmək istəyirəm. Mən də istəyirəm ki, bir qəhrəman tanımadığı bir qızdan bu çiçəkləri alıb qoxulasın, gülsün, birini ayırıb qulağının dibinə keçirsin və bu bir yerdə Qələbə mahnıları oxusunlar.  

Eşidirsiz, Hollandiyanın matahlarını gözümüzə soxanlar? O güllərin hər ləçəyi xalqın ahı qoxuyur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?