Xəbər lenti

Pro lisenziyası alan Elmar Baxşıyev: “Bu sənədə sahib olmaq çox önəmlidir”
İdman 17:14 11.11.2022

Pro lisenziyası alan Elmar Baxşıyev: “Bu sənədə sahib olmaq çox önəmlidir”

AFFA bu yaxınlarda bir neçə məşqçiyə Pro lisenziyasını təqdim etdi. Onlardan biri də hazırda "Qəbələ”nin "sükanı” arxasında olan Elmar Baxşıyevdir.

Mütəxəssis Pro lisenziyası alması ilə bağlı Qaynarinfo-ya təəssüratlarını bölüşüb. O, komandasının növbəti turda qarşılaşacağı "Neftçi” ilə matçına da toxunub.   

- Pro lisenziyası almanızla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…

- Pro kursları il yarımdan artıq davam etdi. Maraqlı modullar təşkil olundu. Futbol yerində dayanmır, daim inkişafdadır. Kurslarda iştirak etdiyim üçün çox şadam. Futbolda yeni nəsə varsa, hamısını bizə mənimsətməyə çalışdılar. Öz adımdan kursları təşkil edən AFFA-ya, xüsusən də instruktorlara "Çox sağ ol” deyirəm, əziyyətləri var. Bizim üzərimizə isə daha da inkişaf etmək düşür. Pro lisenziyasını alandan sonra dayanmaq yoxdur, daim inkişafda olmalıyıq.

- Bu kateqoriya üzrə oxumağın çətinliyi nədən ibarətdir?

- Çətinlik deməzdim. Amma maraqlı özəlliyi var. Müasir futbolun incəlikləri daha çox Pro kurslarında qarşına çıxır. 

- Müasir futbolda yeniliklər çoxdurmu? Ümumiyyətlə, ən diqqətçəkən yeniliklərdən hansıları göstərə bilərsiniz?

- Daha çox analizlərə üstünlük verirlər. Taktiki plan üzrə dərslər keçirilirdi. "Leadership” modulu vardı. Hansı ki, rəhbərliyin futbolçularla necə davranmasının daha yaxşı olmasından bəhs edir. Yeniliklər çoxdur. Müasir futbolda analizlərin aparılması, taktikaların, əlaqələrin necə qurulması daha önə çıxır. Hətta media ilə necə iş qurulmalı olduğu haqda da dərslər vardı.   

- Bu artıq o deməkdir ki, yolunuz açıqdır. Pronu alandan sonra hansısa hədəflər haqqında düşünürsünüz?
 


- Sırf sənədi alandan sonra "artıq Pro-ya malikəm” deyib dayanmaq düz deyil. Futbol inkişaf edir. Üzərimizə düşəndən daha artığını etmək, çalışmaq lazımdır ki, müasir futbolla ayaqlaşa bilək.

- Pro lisenziyasını əldə etmək bir məşqçi üçün zirvə sayıla bilər?

- Lisenziya olaraq məşqçilər üçün Prodan o tərəfə heç nə yoxdur. Bu sənədə sahib olmaq çox önəmlidir. Amma işində də daim inkişafda olmalısan, dayanmamalısan.

- Ümumiyyətlə, bir məşqçi kimi inkişaf etmək üçün "Qəbələ”də qalmağınız yetərli ola bilər?

- Gələcəyi düşünmürəm, hələ ki, "Qəbələ”yə məxsusam. Klubla müqaviləm var. Əlbəttə, "Qəbələ” ilə daha çox uğurlara sahib olmaq istəyirəm. Üzərimə düşənin daha da artıqlamasını həyata keçirməyə çalışacam. 

- "Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?

- Hər şey qaydasındadır. Həftəlik tsiklə uyğun məşqləri davam etdirirk. Bilirik ki, bizi ağır oyun gözləyir. 

- Bu qarşılaşma üçün xüsusi hazırlıq görmüsünüz? "Neftçi”nin hansı formada oynamaqla məğlub etməyi düşünürsünüz?

- Hələ qarşıda son məşqimiz olacaq. Məşqdən sonra daha çox detalların üzərində dayanacağıq. Ümumilikdə başa düşürük ki, "Neftçi” ağır, iddialı rəqibdir. Çalışacağıq uğurlu nəticəyə köklənək.

- İtkiləriniz çoxdur?

- Mikrozədəli futbolçular var. Asiflə Utziqin durumu yaxşılığa doğru gedir. Son məşqdən sonra daha aydın görünəcək. 

- Artıq mövsümün bir çox hissəsi geridə qalıb. "Qəbələ”nin hazırkı durumunu qənaətbəxş kimi qiymətləndirmək olar?

- Çempionat həqiqətən ağırdır. Hər oyuna maksimum köklənmək və ən yaxşı heyətlə çıxmalısan ki, uğurlu nəticə qazanasan. Amma daha da "artırmaq” üçün potensialımız var. Yəni, desəm ki, komanda bundan artıq heç nə edə bilmir, belə deyil. Bz də görürük ki, istəklidir.

- Turnir cədvəlindəki mövqeyiniz Avrokuboklarla bağlı "iştahanızı” artırır?

- Keçən il də bunun üzərində çox dayandıq. Sırf Avroliqaya geməliyik düşüncəsi ilə yanaşmadıq. Qarşıdakı oyun üçün nə tələb olunursa, onun üzərində dayanırıq. Nəticə çempionatın sonunda görünəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->