Xəbər lenti

Qüdrətli və nüfuzlu Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir
Ölkə 17:07 10.05.2024

Qüdrətli və nüfuzlu Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir

Bu gün bütün sahələrdə inkişaf edən qüdrətli və nüfuzlu Azərbaycanın banisi, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. 

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Onun fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycan sürətlə inkişaf etdi. Mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

1990-cı illərin əvvəllərində ölkəmizin təcavüzə məruz qaldığı, müstəqilliyimizin az qala itiriləcəyi bir vaxtda da xalqımızın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider qəti iradəsi, müdrikliyi və idarəçilik təcrübəsi ilə ölkədə yaranmış parçalanma təhlükəsinin qarşısını aldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşayışını təmin edən müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu. Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib.

Ümumilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrdən biri ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub. Heydər Əliyev qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq Azərbaycanda məhkəmə hakimiyyətinin yaradılmasına, onun qanunvericilik əsaslarının formalaşmasına və bu sahədə islahatların həyata keçirilməsinə nail olub. Məhz onun sayəsində əvvəlkindən köklü surətdə fərqlənən yeni Konstitusiya əsasında müasir hüquq sistemi və 3 pilləli məhkəmə sistemi formalaşdırılıb. Ümummilli Liderin şəxsi təşəbbüsü ilə məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verilib.

Ulu Öndər tərəfindən aparılan köklü məhkəmə-hüquq islahatları çoxdəyərli konsepsiyaya söykənib, bu konsepsiya inkişaf etmiş dövlətlərin  hüquqi  dövlət  quruculuğu  təcrübəsinə, ümumbəşəri  demokratik  prinsiplərə,  eyni  zamanda  Azərbaycan xalqının dövlətçilik tarixi  və ənənələrinə dayanıb. Bu hüquqi islahatlar azad cəmiyyətin formalaşmasına, hüquqi, demokratik  dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaradıb. 

Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsində gördüyü misilsiz işlər də bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2019-cu il aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanan Fərman  məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub. Məhkəmə-hüquq sistemi üçün "yol xəritəsi” olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Ötən il "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması da bu islahatların uğurlu davamı kimi qiymətləndirilə bilər. 

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli Bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti Qələbənin sevincini yaşatdı. Dövlət Bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq. 

Habil Əhmədov 
Abşeron Rayon Məhkəməsinin hakimi



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->