Ölkə 17:43 27.01.2020

Siçanlar taxıl sahələrini məhv edir - Ekspert

Taxıl sahələrində gəmiricilərin sayı kəskin artıb.

Qaynarinfo məlumat verib ki, bu barədə kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib. O, bunun səbəbini qış fəslinin mülayim keçməsi ilə əlaqələndirib:

"Qış fəslinin mülayim keçməsi taxıl əkinləri sahələrində yuva salmış siçanabənzər gəmiricilərin aktivləşməsinə səbəb olur. Soyuq havalarda torpağın altında bitkilərin toxumlarını yeyən bu gəmiricilər isti havalarda yuvalarından çıxaraq bitkinin yaşıl kütləsini məhv etməyə başlayır. Bu ziyanvericilər bitkiçilikdə məhsuldarlığa ziyan vuran əsas faktorlardan sayılır”.

Nicat Nəsirli qış mövsümündə taxıl əkinləri üçün xüsusi təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinin xüsusi diqqətdə saxlanmasını vurğulayıb:

"Əkin sahələri əsasən dəmyə şəraitində becərildiyi üçün gəmiricilərin yayılması daha intensiv olur, mübarizə zamanı "Brodifak” preparatından aldadıcı yem hazırlanaraq hər yuva üçün 15 qram olmaqla istifadə edilir. Mübarizə işlərinin bioloji səmərəliliyi 84%-dən artıqdır. Qoy alimlərimiz bu təhlükə haqqında fermerləri məlumatlandırsınlar”.

Bahar Rüstəmli