Alber Kamyunun yaradıcılığından söz açanlar adətən onun "Reneqat, yaxud ruhun təlatümü” hekayəsinin üzərindən sükutla keçirlər. Onlar üçün, bu, başqa Kamyudur, ziddiyyətli və "ekzotik” hekayənin yozumu isə xoşagəlməz nəticələr vəd edir.
Bu, səbəbsiz deyil - ilk dəfə 1957-ci ildə Kamyunun yeganə hekayələr toplusu olan "Sürgün və səltənət” kitabında işıq üzü görmüş həmin hekayəni analiz etmək üçün eyni zamanda o dövrün hadisələrinə və müəllifin fikirlərindəki metamorfoza da rəy bildirmək lazımdır. Qiyamını söndürmüş Kamyu isə sanki ocağın közünü də yox, külünü qarışdırıb. Və bu fonda Əlcəzairdə - onun doğulub böyüdüyü ölkədə amansız savaş gedir.
"Avropanın vicdanı” epiteti sanki geridədir, əhlilləşdirici Nobel mükafatı kandardadır, dəyərlərin təftişi isə öz gözlənilməz nəticələri ilə təəccübləndirməkdədir. "Yad”dakı etirazdan başlayan həyat kodeksi "Taun”dakı mübarizədən keçərək "Enmə”dəki enişlə bitib. Kamyu kor dalandadır və növbəti dəfə çıxış yolu axtarır. Bu Kamyunu unutdurmaq heç də pis olmazdı.
O uzaq illərdə "Reneqat” hekayəsi qalmaqal yaradacaq, müəllifi çoxları ilə ideya düşməni edəcəkdi. Üstündən onillər keçəndən sonra isə təsdiqləməliyik: Kamyu uzaqgörən idi, onun qaldırdığı mövzunun aktuallığı yalnız artıb.
Çünki söhbət intellektualların xəyanətindən gedir.
***
Gənc missioner həyatında üç dəfə xəyanət edir. Əvvəlcə protestantlıqdan katolikliyə keçir. Öz istəyi ilə, müəllimlərinin etirazına baxmayaraq Saxaraya, duz qayalıqlardakı mağaralarda yaşayan vəhşi tayfaların yanına, qorxulu səhraya xristianlığı yaymağa yollanır. Bu yolda istənilən çətinlik, işgəncə və əzaba hazırdır. Üstəlik, onu mənəm-mənəmlik və hakimiyyət hissi idarə edir.
"Mən qeyri-məhdud hakimiyyət arzulayırdım. Elə bir hakimiyyət ki, düşməni silahını yerə qoyub diz çökməyə, mənim inamımı qəbul etməyə məcbur etsin. Və düşmən nə qədər kor, qəddar və özündənrazıdırsa, mənim əqidəmdən bir o qədər bərk yapışsın, məni bir o qədər yüksəyə qaldırsın”, - Reneqat düşünür. Bir sözlə, insanlara sevgi yox, onları özünə tabe etdirmək, onların itaətinə nail olmaq - budur, missionerin motivi. Bu yolda hazır olduğu əzablar da onu tezliklə tapır. Vəhşilər onun adeptinə yox, sahibinə çevrilir. Vəhşilər onun xaçına yox, o özü vəhşilərin qorxunc tanrısına - idoluna sitayiş etməyə başlayır.
Reneqatı alçaldırlar, işgəncəyə məruz qoyurlar, dilini kökündən qoparırlar. Və tədricən missioner öz dinindən uzaqlaşıb vəhşilərin dininə pənah aparır. Nə qədər çox əzab çəkirsə, xəyanəti də bir o qədər səmimi olur. O, xeyirxah Tanrıdan imtina edib vəhşilərin fetişinə, "şərin təcəssümü”nə tapınır.
"Məni aldadıblar, həqiqət kvadrat şəklindədir, bu büt kimi maddidir, ağırdır. Xeyirxahlıq başdan başa boş arzudur, çatmaq mümkün olmayan hüduddur, onun səltənəti mümkün deyil. Yalnız şər öz hüdudlarına çata bilər, yalnız şərə xidmət etmək və onun səltənətini qurmaq gərəkdir. Rədd olsun Avropa, şüur, çarmıx… Yalnız acıqlı ağalar Yerdə qəddar həqiqəti bərqərar edə bilərlər”, - o, ikinci xəyanətini bu kəlmələrlə əsaslandırır.
Və bir gün xain missioner təsadüfən öyrənir ki, metropoliya ilə tayfa başçıları müqavilə imzalayıb. Həmin müqaviləyə görə, səhraya yeni missioner gələcək, onu hərbçilər qoruyacaq, vəhşilər isə ehtiramla yanaşacaq.
Reneqat üçün bu, növbəti dəhşətli zərbədir. O, bu xəbəri öz qəsrinə yadların hücumu, yeni dininə təhqir, bu qədər əzablardan sonra çatdığı həqiqətə qəsd kimi qəbul edir. O, yeni missionerə pusqu qurub onu öldürmək qərarına gəlir. O, işğalçılarla razılaşmaya gedən vəhşilərin dinini qorumağa qərar verir. "Gücsüzlüyə və şəfqət hissinə atəş, şərin təntənəsini ləngidən hər şeyə atəş!” - bu da onun döyüş şüarı.
Ancaq ələ keçir, müqavilənin pozulacağından qorxan vəhşilər onu yarımcan olana qədər döyürlər. Canını tapşırmağa hazırlaşan reneqatın beynindən son fikirlər keçir: "Şərin örtüyünü tulla, xeyirxah ol, biz yanılmışıq, hər şeyi yenidən başlayaq, yeni şəhər salaq, şəfqət şəhəri. Mən evə dönmək istəyirəm”.
Bu da onun üçüncü xəyanəti. Bəlkə yanılıb, ölümdən bir an əvvəl köhnə inama qayıtmaq vaxtı deyil ki?! Əvvələ qayıtmaq, yenidən xristian olmaq, günahlarını yumaq yanğısı.
Kamyunun reneqatı xristianların əhatəsində xristian və avropalı idi, bütpərəstlərin arasında onların bütünü özünə Tanrı sayırdı,sonda isə avropalılar səhraya gələndə şəfqət şəhəri salmağı arzulayır, halbuki indiyədək şər səltənətinin zühurunu istəyirdi.
Kamyu mənəvi dəyərlərə və əxlaqi dayaqlara söykənməyən fərdin axtarışlarının xəyanət və aldanışla nəticələndiyini təsvir edir. Ancaq təkcəmi?
***
"Reneqat” həm də "üçüncü dünya”dakı inqilabları alqışlayan Qərb intellektuallarına qarşı pamfletdir. Sanki onlar "vəhşilər”in həqiqətini müdafiə etməklə öz dövlətlərinə və onları yetişdirən sivilizasiyaya meydan oxuyurlar. Həmin intellektuallar müstəmləkəçiliyə qarşı çıxan xalqları ideyaca müdafiə edir, ya da açıq-aşkar onların tərəfinə keçirdilər. Buna ən bariz nümunə Əlcəzair savaşı idi.
Və Kamyunun fikrincə, həmin intellektuallar reneqatdırlar, bir-birini əvəzləyən xəyanətlərdən sonra ən axırda başlanğıca qayıtmaq istəyəcəklər, sadəcə artıq gec olacaq. Kamyuya görə, onları şöhrətpərəstlik, "üçüncü dünya”dakıların iradəsinə sahib olmaq, etirazçıları öz nəzarətlərinə almaq və öz inamlarına yönəltmək kimi motivlər idarə edir, halbuki "vəhşilər” intellektualların auditoriyasına yox, ağasına çevriləcəklər.
Ancaq xəyanət ittihamlarını intellektuallardan daha çox Kamyu özü dinləməli olurdu. Hekayənin dərcindən sonra həmin vaxt Fransada 4 illik həbsdə olan əlcazairli həkim və inqilabçı Əhməd Talib yazıçıya açıq məktub yazdı (Yeri gəlmişkən, Əhməd Talib bu gün də sağdır, yanvarda 93 yaşı bitir, müstəqil Əlcəzairdə 6 il Xarici işlər naziri və 2 dəfə prezidentliyə namizəd olub).
Məktubda bu cümlələr də vardı: "Siz "Qiyam edən insan”da cinayətin məsumiyyət paltarı geyinməsinə dair mifi ifşa etmişdiniz, indi isə həmin mifin qurbanı olduğunuzun fərqində deyilsiniz. Görünür, Sizi bu dəhşətli dünya, Oruell kainatı, müharibənin «xoş məram», işgəncə və qarətlərin - «əhalinin mühafizəsi», həbs düşərgələrinin - "qəsəbələr”, qətllərin isə "intihar” adlandırılması tamamilə təmin edir”.
***
Sonrakı gedişat da Kamyunun Əlcəzair hadisələrinə münasibətinin obyektivlikdən uzaq olduğunu təsdiqlədi. Onun qınadığı fransız intellektualarının bəziləri isə ən ağır işgəncə və edam qarşısında belə fikirlərindən dönmədi və xəyanət etmədi.
Kamyunun ifrat subyektiv mövqeyinin izahı onun inqilablara skepsisində və gələcəyə pessimist münasibətində idi. Kamyu ömrünün son illərində artıq Qiyamla yox, barışqanlıqla assosiasiya edirdi. Kim bilir, 1960-cı ilin 4 yanvar avtoqəzası baş verməsəydi, Kamyunun axtarışları onu hansı koordinatlara aparıb çıxaracaqdı...
Ancaq əvvəldə də qeyd etdiyim kimi, onun "Reneqat”ı bu gün çox aktualdır. Kamyunun bu hekayəni yazdığı illərdə intellektuallar dövlət və rəsmi siyasətə qarşı çıxıb nəinki azadlıqda qala, üstəlik bu nonkonformizmi ad-sana, hörmətə, hətta sərvətə çevirə bilirdilər (müəyyən istisnalarla). Hazırda bu, mümkün deyil. 21-ci əsrin intellektualı öz "missionerliyi”ndə rəsmi mövqeni təkrarlamalı və yaymalıdır. Daha heç kəsin indulgensiyası yoxdur.
Hətta açıq-aşkar şərin tərəfində dayanan intellektualların da 21-ci əsrə qədər "sığorta”sı vardı. Noam Xomski "Qırmızı kxmerlər”in təbliğatını aparırdı və buna görə heç kəs onu işdən qovmur, təqib etmirdi. İsveç yazıçısı Yan Mürdal (iki Nobel laureatının - Qunnar və Alva Mürdalın oğlu) Kamboca genosidini hətta Pol Pot devriləndən sonra da müdafiə edirdi, bu təbliğatı ömrünün sonuna (2020-ci ilə) qədər davam etdirdi, ancaq İsveçdə heç bir ostrakiyaya məruz qalmadı (Yeri gəlmişkən o, Kamboca genosidi barədə yazılmış ən yaxşı sənədli əsərin - Peter İdlinqin "Pol Potun təbəssümü” kitabının qəhrəmanlarından biridir).
Kamyunun dövründə intellektual və ziyalı anlayışları indiki dərəcədə fərqlənmirdi. Yazıçı da məhz intellektualların xəyanətini nəzərdə tuturdu. İntellektuallar isə əslində əqli işlə məşğul olan (və özlərinə yüksək sosial status tələb edən) meşşanlardır. Onların meşşan dəyərləri alqı-satqıya, söz və fikirlərini dividentə dəyişməyə əsaslanıb. Ziyalı isə dövrünü qabaqlayan, aramızda yaşayan Gələcəyin adamıdır. Yaxın dövrə müraciət etsək, məsələn, Okucava və Yevtuşenko - intellektual idi, Anton Makarenko və İvan Yefremov isə - ziyalı.
Biz intellektualların kütləvi xəyanətini 1990-cı illərin əvvəlində, ikiqütblü dünyanın birqütblüyə keçidi zamanı gördük. Vaxtilə Sovet quruluşunu vəsf edən intellektuallar ordusu dövrün nəbzini tutaraq bir gecədə libaslarını dəyişib yeni Gücün xidmətinə keçdi - əks halda onları unudulmaq və aclıq gözləyəcəkdi. Bu satqınlıq yüksək dəyərlərlə kamuflyaj edildi, "Tamaşa cəmiyyəti”nin atributlarına əməl olundu.
Beləliklə, Kamyunun dövründə intellektualların az-çox manevr etmək imkanı vardısa, 21-ci əsrdə onlar yalnız hakimiyyətlərin iradəsinin və siyasi kursların cəmiyyətə yeridilməsinin vasitəçisi rolu ilə razılaşıblar. Onlar "ərəb baharları”nı təbliğ etmək, Liviyanın və Suriyanın bir dövlət və cəmiyyət kimi məhvinə haqq qazandırmaq, Maydanı "Qürur inqilabı”, Odessada insanların yandırılmasını qaçılmaz zərurət adlandırmaq üçün səhnədədirlər. Məhz onlar vaxtilə Belqradın və Bağdadın bombardmanına haqq qazandırmışdılar. Bu cəhətdən onlar Kamyunun təsvir etdiyi reneqatlardır, neçə dəfə tələb olunsa, həmin qədər də özlərinə xəyanət edəcəklər. Kamyunun hekayəsindən çıxan faciəvi dərs də elə bundadır - yazıçı yaxın gələcəyi təsvir etmişdi.
***
Neron dövründə Senekaya özü kimi olmağın bircə yolu saxlanılır - damarlarını kəsmək. Bu, neqativ azadlıqdır, ancaq müsbəti yoxdur.
Neronu isə Seneka özü tərbiyə etmişdi...
Məmməd Süleymanov
Şərhlər