Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsində yerləşən və 1905-ci ildə inşa olunmuş 1 saylı bina qəzalı vəziyyətdədir.
Qaynarinfo xəbər verir ki, sakinlər binanın hər an uça biləcəyindən qorxurlar. Sözügedən bina Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına əsasən qəzalı binalar siyahısına daxil edilsə də, dəfələrlə müraciət olunmasına baxmayaraq problemin həlli üçün müvafiq tədbirlər görülməyib.
Bina sakinləri problemin həlli üçün ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar.
Müraciətdə qeyd olunur:
"Məlumunuz olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Bakı şəhərinin tabe rayonlarının, o cümlədən Suraxanı rayonunun inzibati ərazisində olan qəzalı binaların sökülərək, 5 il müddətində yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur.
Qeyd olunan qərarla yaşadığımız, ötən əsrin əvvəllərində 1905-ci ildə inşa edilmiş və hazırda qəzalı hesab olunan Suraxanı rayonu Bülbülə qəsəbəsi Aşurbəyovlar küçəsi 1 saylı bina da qəzalı binalar siyahısına salınmış və sözügedən qərar əsasında binanın sökülərək yerində pilot layihə çərçivəsində yenisinin tikilməsi planlaşdırılmışdır.
Lakin binanın nə zaman söküləcəyi və yenisinin tikiləcəyi haqda hər hansı məlumat verilməmişdir. Müraciətlərimizə cavab olaraq, investor olacağı halda söküntü aparılacağı və yeni binanın tikiləcəyi bildirilir. Qeyri-müəyyən vaxt üçün nəzərdə tutulan hər hansı investor axtarışı isə biz sakinlərdə inamsızlıq yaradır.
Qeyd etmək istərdik ki, 2016-cı ildə imzalanan pilot layihənin 5 il müddətini əhatə etdiyini nəzərə alsaq, 2021-ci ilədək prosesin yekunlaşması nəzərdə tutulur. Lakin təəssüflə vurğulamaq istərdik ki, hazırda bu istiqamətdə heç bir əməli tədbir həyata keçirilmir.
Binada ciddi çatlar var, hətta həmin çatlar mənzillərin daxili divarlarında geniş sahəni əhatə etməklə nəzərə çarpır. Binanın mənzillərə girişi ümumi eyvan tipində olduğundan yağışlı və küləkli hava şəraitində tavan hissələrin uçub-tökülməsi halları baş verir. Bu da hər an biz sakinlər, xüsusilə qocalar və uşaqların həyatı üçün real təhlükədir.
Əvvəllər etdiyimiz müraciətlərimizlə şikayətimizin müsbət həlli olmadığı üçün sonda sizə inanaraq, sizə müraciət etmək qərarına gəldik. Xahiş edirik, yaşadığımız qəzalı binanın yerində pilot layihə çərçivəsində yeni bina tikilməsində bizə kömək edəsiniz.
Hörmətlə: Bakı ş., Suraxanı r., Bülbülə qəs., Aşurbəyovlar küç., 1 saylı binanın sakinləri".
Çingiz Səfərli
Şərhlər